Yeni qanunun strateji əhəmiyyəti: Kritik informasiyalar DTX tərəfindən QORUNACAQ

Yeni qanunun strateji əhəmiyyəti: <span class="qirmizi">Kritik informasiyalar DTX tərəfindən QORUNACAQ </span>

İnformasiya texnologiyalarının davamlı təkamülü və informasiya sistemlərinin qloballaşması dövlətin və cəmiyyətin tərəqqisinə xidmət edən mühüm vasitəyə çevrilib. Buna müvafiq olaraq, ölkəmizdə də informasiya texnologiyaları əsasında dövlət əhəmiyyətli məsələlərin həlli üçün müvafiq informasiya infrastrukturu yaradılmaqdadır.  

Lakin informasiya təhlükəsizliyinin günümüzdə milli təhlükəsizliyin əsas istiqamətlərindən biri olduğunu da unutmamalıyıq. 

Çünki həmin infrastrukturun qlobal informasiya şəbəkələrinə, o cümlədən internet şəbəkəsinə daxil edilməsi infrastruktur obyektlərinin kiberhücumların hədəfinə çevrilməsinə səbəb olur. 

Dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan kritik informasiya infrastrukturuna daxil olan sistem və şəbəkələrin sıradan çıxarılması ilə nəticələnir ki, bu da kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinə prioritet məsələ kimi baxılmasını zəruri edir. 

Sözügedən problemin qarşısını almaq üçün ilk növbədə müvafiq qanunverici aktların qəbul edilməsi vacibdir. 

DTX-nin kibertəhlükəsizliyin qorunmasındakı rolu 

Xatırladaq ki, hələ iki il öncə, 2021-ci il aprelin 17-də Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla bu istiqamətdə mühüm addım atıldı. 

Belə ki, kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə imzalanan fərmana əsasən, kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirməyə başladı.  

Dövlət orqanlarına, dövlətə məxsus olan hüquqi şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə münasibətdə həmin funksiyaları isə DTX Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirir. 

Ötən dövr ərzində kibertəhlükəsizliyin qorunması istiqamətində DTX tərəfindən görülən tədbirlər onu deməyə əsas verir ki, bu sahədə xeyli irəliləyişə nail olunub.  

Kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində növbəti addım 

Mayın 23-də isə Prezident İlham Əliyev tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər təsdiqlənib.   

Belə ki, qanuna edilən yeni əlavəyə əsasən, artıq kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.  

Kibertəhlükəsizlik provayderi kimi fəaliyyət göstərən qurumlarda çalışanların Azərbaycan vətəndaşı olması isə mühüm əhəmiyyət kəsb edir. 

Ələxüsus da nəzərə almaq lazımdır ki, dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ya ekologiya sahəsində fəaliyyəti təmin edən qurumlar strateji əhəmiyyətə malikdir. Həmin qurumların məlumatlarının qorunması və kibertəhlükəsizliyinin qorunması məhz bu səbəbdən önəmlidir.  

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 2-ci maddəsində bir məqam da xüsusi qeyd olunub: 

Kibertəhlükəsizlik xidməti provayderi dedikdə kibertəhlükəsizlik xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən, provayderə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət proseslərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən və kritik informasiya infrastrukturu subyekti ilə bağlanılmış müqavilə əsasında onlara kibertəhlükəsizlik xidməti göstərən hüquqi şəxslər nəzərdə tutulur.   

Yəni kibertəhlükəsizliyin qorunması ilə məşğul olacaq provayderlər DTX-nin müvafiq tələblərinə cavab verməlidir.  

İnformasiya təhlükəsizliyinin qorunması istiqamətində bu cür davamlı tədbirlərin görülməsinin kənar təhdid və riskləri minimuma endirəcəyi isə şübhəsizdir. 

Mənbə: demokrat.az