Ehtiyatda olan 65 yaşadək hərbçilər orduya çağırıldı

Ehtiyatda olan 65 yaşadək hərbçilər orduya çağırıldı<span class="qirmizi"></span>

Sudanın müdafiə naziri ehtiyatda olan 65 yaşadək əsgər və zabitlərin orduda xidmətə çağırılması barədə əmr verib.

APA xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.

“Ehtiyat qüvvələrin çağırılması qərarı Sudan ordusunun ölkədə təhlükəsizliyi bərpa etmək səylərini dəstəkləmək məqsədi daşıyır", - deyə telekanal Sudanın hərbi departamenti rəhbərinin əmrindən sitat gətirib. Nazirin imzaladığı əmrdə bildirilir ki, hərbçilərin çağırılması ölkədəki mövcud vəziyyətlə bağlıdır.

Bir müddət əvvəl Sudanın Müdafiə Nazirliyi ordudan tərxis olunmuş vətəndaşları silahlandırmağa hazır olduğunu açıqlamışdı. Tərxis olunan və istefada olan hərbçilər yaşayış yerinə ən yaxın nazirliyin idarələrinə gələrək orada silahlanmağa çağırılmışdı. Təqaüdçülərin silahlanması onların üsyançıların mümkün hücumlarından özlərini və ailələrini qoruya bilməsini təmin etmək məqsədi daşıyır. Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, “şəhərlərdə müharibənin vaxtı yoxdur və üsyançılar mülki əhalidən canlı qalxan kimi istifadə edirlər”.

Bazar ertəsi axşam saatlarında Səudiyyə Ərəbistanı və ABŞ-ın təşəbbüsü ilə Sudanda 7 günlük humanitar atəşkəs sazişi qüvvəyə minib. Bununla belə, ordu və xüsusi təyinatlılar bir neçə dəfə qarşılıqlı ittihamlar irəli sürərək, bir-birilərini atəşkəsi pozmaqda ittiham edirlər.

Mənbə: pravda.az