CHP daxilində sərt hesablaşma - İmamoğlu Kılıçdaroğluna savaş açdı

CHP daxilində sərt hesablaşma - <span class="qirmizi">İmamoğlu Kılıçdaroğluna savaş açdı</span>

Türkiyədə keçirilən prezident və parlament seçkilərindəki məğlubiyyətlər ölkənin ana müxalifət partiyası CHP-də daxili hesablaşmalara səbəb olub.

Seçkilərdən dərhal sonra CHP sədri Kamal Kılıçdaroğluna istefa çağırışları artıb.

Prezident seçkilərinin ikinci turunda da məğlub olan Kılıçdaroğlu isə CHP başqanlığını tərk etməyəcəyi mesajını verib: “Yürüşümüz davam edir, buradayıq”.

CHP liderliyinə iddialı olduğu bildirilən İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu isə dəyişiklik tələb edib. Onun sözlərinə görə, dəyişməyən (CHP-də) tək şey dəyişiklikdir.

Bələdiyyə sədri son çıxışında da üstüörtülü şəkildə bu yöndə mübarizə aparacağını bəyan edib:

“Mən keçmişi təmsil etmirəm. Öyrənilmiş acizlik, klişelər dəftərimdə yoxdur. Yolda olmaq bir seçimdir. Yola çıxmaq bir seçimdir. Xoşbəxtlik yolda olmaq və davam etməkdir. Artıq yoldayam, indi o yolda sürətimi artıracam. Kaş bu gün hər şey yaxşı olaydı, kaş bu gün milyonlarla insan xoşbəxt olaydı. Kaş ki olsun. Təəssüf ki, olmadı. Əgər xoşbəxtlik yola çıxmaq və yolda olmaqdırsa, o mənzilə yetişmək üçün daha sürətli qaçacam”.

Türkiyə mətbuatı Əkrəm İmamoğluna post-Kılıçdaroğlu dövründə yeni CHP lideri kimi baxır.

Mənbə: teleqraf.com