Rusiya Odessa limanında Ukrayna hərbi gəmisini batırıb? – Sübut yoxdur, amma...

Rusiya Odessa limanında Ukrayna hərbi gəmisini batırıb? – <span class="qirmizi">Sübut yoxdur, amma...</span>

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, mayın 29-da Odessa limanında Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus “Yuri Olefirenko” gəmisi “yüksək dəqiqlikli silahlarla vurularaq məhv edilib.

Ukrayna hələlik Rusiyanın iddiasını şərh etməyib. Müdafiə Nazirliyi də gəminin məhv edilməsinə dair sübut təqdim etməyib.

Ukrayna hakimiyyətinin məlumatına görə, mayın 29-na keçən gecə Rusiya Odessa limanına zərbələr endirib, daha sonra dağıntı və tələfat barədə məlumat verilməyib.

Rusiyanın “Teleqram” kanallarında son 24 saat ərzində gəmiyə zərbə endirilməsi ilə bağlı xəbərlər yayılıb. Onlardan bəziləri gəminin zərbə nəticəsində batdığını iddia edir.

"Yuri Olefirenko" əvvəllər "Kirovoqrad" adlanırdı. Gəmi 1970-ci illərdən Sovet Donanmasının, sonra isə Ukraynanın tərkibində idi.

Müdafiə Nazirliyinin məlumatında bu orta ölçülü desant gəmisi Ukrayna ilə xidmətdə olan sonuncu döyüş gəmisi olduğu iddia olunur. Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmilərinin əksəriyyəti 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya tərəfindən ələ keçirilib və Rusiyanın nəzarəti altındadır. "Yuri Olefirenko" ilə yanaşı, Ukraynanın nəzarəti altında "Balta" minadöşüyən gəmi, həmçinin 10-dan çox döyüş kateri və müxtəlif yardımçı gəmilər qalır.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Oleksiy Neyjpapa çərşənbə günü Ukrayna telemarafonunun efirində bildirib ki, tammiqyaslı işğalın əvvəlindən Ukrayna 18 Rusiya gəmisini, o cümlədən bir neçə desant gəmisini məhv edib. O, Ukrayna gəmisinin vurulduğu ilə bağlı Rusiya tərəfinin yaydığı məlumatları şərh etməyib.

“AzPolitika.info”

Mənbə: azpolitika.info