Rusiya-Ukrayna müharibəsində yeganə SÜLH YOLU – Türkiyə savaşı bitirə BİLƏCƏKMİ?

Rusiya-Ukrayna müharibəsində yeganə SÜLH YOLU – Türkiyə savaşı bitirə BİLƏCƏKMİ?<span class="qirmizi"></span>

Rusiya-Ukrayna müharibəsi barədə bütün proqnozları alt-üst oldu. Artıq müharibə 16 aya yaxındır ki, davam edir. Və qanlı döyüşlərin getməsinə, çoxminli insan itkisinə rəğmən hələlik heç bir tərəf müharibədə əsaslı üstünlük qazanmayıb. Bu gedişlə hələ uzun müddət qalibi müəyyənləşdirmək çətin olacaq.

Min kilometrlərlə uzanıb gedən təmas xəttində hər gün onlarla insan həyatını itirir, yüzlərlə hərbi texnika sıradan çıxır. Lakin, nə müharibənin sonu görünür, nə də ki, hansısa sülh danışıqlarından söhbət gedir.
Əksinə, Qərb müharibənin daha da alovlanmasına və uzanmasına çalışır. Çünki, bu müharibə Qərbin layihəsidir. Baxmayaraq ki, müharibəni Rusiya başladı. Moskva müharibəyə başlayarkən Ukraynanın imkanlarını nəzərə alsa da Qərbin sonsuz dəstəyini gözdən qaçırmışdı. Ona görə də Rusiya Ukraynada sonu görünməyən bir münaqişəyə girişmiş oldu.

Əslində Qərin, daha dəqiq desək ABŞ-ın da istədiyi bu idi. Vaşinqton istəyir ki, müharibə bölgəsi cəhənnəmə çevrilsin. Bu cəhənnəmdə qırılan on minlərlə insanın valideynləri ayağa qalxıb Putini devirsin. Və Rusiya rəhbərliyinə Qərbə daha loyal münasibət bəsləyən biri gətirilsin. Bu senari reallaşmadığı təqdirdə müharibə uzanacaq.

Çünki, müharibə və sanksiyalar Rusiyanı gücdən salır.

Bu da nəticə etibarı ilə ABŞ-a sərf edir. Ukrayna xalqının və Ukrayna dövlətinin məhv olması isə Ağ Evdə oturanları qətiyyən maraqlandırmır.

ABŞ-ın müharibə arzusuna qarşı çıxacaq real qüvvə hələki yoxdur. Heç kim sülhdən danışmır. Ukraynanın Qorbaçovu hesab edilən Zelenski səhra paltarında sadəcə kameralar qarşısında poz verir, arada-sırada isə onlara yardım göstərməyən ölkələrin ünvanlarına hədyanlar söyləyir.

Baxmayaraq ki, Zelenski də yaxşı başa düşür ki, bu müharibədə qalib gələ bilməyəcək. Sadəcə Qərb qarşısında götürdüyü öhdəliklər və aldığı milyardlar hesabına imitasiya edir. Əslində onun başqa yolu da yoxdur. Çünki, heç bir sülh təşəbbüskarı yoxdur. Baxmayaraq ki, ötən il belə təşəbbüslər az da olsa vardı.
Hətta ötən ilin yayında Türkiyənin vasitəçiliyi ilə Putin və Zelenski danışıqlar masasına oturmaq üzrə idi. Lakin, ABŞ son anda bu prosesi pozdu. Çünki, Ağ Ev hələ sülhün yaxınlaşmadığını düşünür. Üstəlik, hansısa sülh olacaqsa o da ABŞ-ın diqtəsi ilə reallaşa bilər. Bu gün rəsmi Ankara yenidən sülh danışıqlarını bərpa etməyə çalışır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Cümşüd Nuriyev bildirdi ki, bu gün həm Putin, həm də Zelenski müharibənin tezliklə başa çatmasını istəyir:

“Hər iki lider çox yaxşı başa düşür ki, onlar Qərbin oyununa gəliblər. Və hər iki tərəf bu oyundan minimum itki ilə qurtulmaq istəyir. Ona görə də hər iki lider etiraf etməsələr də danışıqlara hazırdırlar. Ərdoğan da çox müdrik siyasətçidir. Prosesləri görür və ona yaradıcı yanaşır.

Məsələn, “Taxıl dəhlizi” ideyası ilə Qərb liderlərinin bacarmadığı bir işi gördü. Bu ideyanın gerçəkləşməsi hesabına həm həm dünya taxıl böhranından qurtuldu, həm Ukrayna öz taxıl ehtiyatlarına rahatlıqla sata bildi, həm də Rusiyaya bu bir nəfəslik oldu. Rusiya bu dəhliz vasitəsi ilə həm də öz taxılını Beynəlxalq birjalara çıxardır və nəticədə sanksiyalardan bir qədər yayınır”.

Cümşüd Nuriyev qeyd etdi ki, bu humanitar prosesdə ən çox qazanan Ərdoğandır:

“O öz imicini gücləndirir və dünyada söz sahibi olmasını təsdiqləyir. Üstəlik, “Taxıl dəhlizi”ndən Türkiyə həm də siyasi və iqtisadi kapital yığır. Ona görə də hər iki liderin Türkiyəyə dəvət edilməsi təbii haldır. Çünki, Türkiyənini Ukrayna-Rusiya münaqişəsinə yanaşması daha ədalətlidir. Ən əsası bu müharibədən Türkiyə heç bir mənfəət güdmür. Bunu çox gözəl başa düşən Putin artıq Ərdoğanın dəvətinə müsbət cavab verib. Zelenski də bu prosesə loyal yanaşır”.

Politoloq bu məsələdə bir vacib məqamı da diqqətə çatdırıb:

“Qərb bu görüşün alınmasına hər vasitə ilə əngəl olmağa çalışacaq. Baxmayaraq ki, Avropa bu münaqişədən nəinki yorulub, həm də ciddi iqtisadi itkilərə məruz qalıb. Bu münaqişədən qazanclı çıxan hələki ABŞ-dır.

Amma Fransa, Almaniya və İtaliya kimi böyük dövlətlər Ukrayna-Rusiya müharibəsinin nəticəsindən asılı olmayaraq sonlanmasını istəyir. Yalnız Baltikyanı ölkələr və bir də Polşa münaqişənin qızışmasını istəyir. Bu da siyasi-iqtisadi maraqlardan yox, Rusiyaya olan patoloji nifrətdən irəli gəlir. Ona görə də Ərdoğanın təşəbbüsü konkret nəticə verə bilər. Ən azından atəşkəsə nail olunar”.
 

Mənbə: bizim.media