Ermənistanın yeganə XİLAS YOLU: "Sülh müqaviləsi imzalanmaycağı təqdirdə..."

Ermənistanın yeganə XİLAS YOLU: "Sülh müqaviləsi imzalanmaycağı təqdirdə..."<span class="qirmizi"></span>

“Prezident İlham Əliyevin separatçı rejimə amnistiya elan etməsi onlara qarşı, həqiqətən, böyük bir şansdır. Bu şansı istər Ermənistan hakimiyyəti, istərsə də Qarabağ separatçıları dəyərləndirməlidir”.

Bu fikirləri Ermənistanla-Azərbaycan arasında aparılan danışıqların gedişatını dəyərləndirən politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan hakimiyyətinin delimitasiya və demarkasiya məsələsində razılığa gəlməsi onun qurtuluşudur:

“Çünki Ermənistan Baş naziri Nikol Paşinyan və komandası 1975-ci il xəritəsi ilə razılaşmadığı təqdirdə, 1918-ci ilə qədər olan xəritələrlə razılaşmaq məcburiyyətində qalacaqlarını çox gözəl bilirlər. Çünki 1975-ci il xəritəsində Azərbaycan ərazisi 86.6 min kvadrat kilometr olduğu halda, 1918-ci ilə qədər olan xəritələrdə 114 minkvadrat kilometr göstərilir. Paşinyan hakimiyyəti razılığa gələrək Ermənistanın 29 min kvadrat kilometrlik ərazisinin bütövlüyün qorumaq niyyətindədir.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əldə olunmasına bir çox əngəllər var. Keçirilən görüşlərdə müxtəlif qüvvələrin – Rusiya, İran, Fransa və sair təzyiqi danışıqlarda sülhün əldə olunmasına imkan vermir. Düzdür, gələcək görüşdə hansısa sənədin imzalanması ilə bağlı ümidlər var. Rusiyanın Cənubi Qafqaz maraqlarını unutmaq olmaz. Rusiya-Ukrayna müharibəsi fonunda Qərbi özünə düşmən qazanan Rusiya Ermənistanı dəstəkləyir.

Azərbaycan Respublikası hər zaman ərazimizdə yaşayan erməni əhalisinə şans tanıyıb. Prezident İlham Əliyevin separatçı rejimə amnistiya elan etməsi onlara qarşı, həqiqətən, böyük bir şansdır. Bu şansı istər Ermənistan hakimiyyəti, istərsə də Qarabağ separatçıları dəyərləndirməlidir. Ermənistan öz imperialist maraqlarını müdafiə edən Rusiyanın, İranın, Türkiyəni özünə strateji düşmən hesab edən Fransanın tələsinə düşmədən tezliklə sülh müqaviləsini imzalamalıdır. Ermənistan bu halda düşdüyü vəziyyətdən çıxa bilər. Əks təqdirdə, Ermənistan 1975 yox, 1918-ci il xəritəsi ilə razılaşmaq məcburiyyətində qalacaq”.

Mənbə: yenicag.az