Mirzoyan ziddiyyətli və spekulyativ bəyanatlar verir

Mirzoyan ziddiyyətli və spekulyativ bəyanatlar verir<span class="qirmizi"></span>

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı rəsmi İrəvanın dəqiq mövqe olduğunu bəyan etsə də, hədəfə aldığı auditoriyalara uyğun olaraq ziddiyyətli və spekulyativ bəyanatlar verir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, məsələn Ermənistan parlamentindəki çıxışı zamanı Mirzoyan qeyd edir ki, rəsmi İrəvan Bakı ilə Qarabağda yaşayan ermənilər arasında, bunun necə adlanacağından asılı olmayaraq "dialoq mexanizmi"nin yaradılmasına cəhd göstərir.

"Bu zaman Ermənistan XİN-in rəhbəri "Dağlıq Qarabağ" ifadədini işlədir, yəni separatçıları nəzərdə tutur. Həmçinin qeyd edir ki, Ermənistan həmin "mexanizm"in, "meydan"ın, yaxud "platforma"nın Bakı ilə "Qarabağ"ın öz gələcəklərini, "onların özlərinin arzuladıqları həcmdə, ölçüdə və istiqamətlərdə müzakirə etmələri üçün dialoq mühiti rolunu oynamasını istəyir". Ararat Mirzoyan, eyni zamanda bildirir ki, İrəvan bu prosesdə "beynəlxalq iştirakın vacibliyini qeyd edir, çünki rəsmi Bakının prosesi imitasiyaya çevirə biləcəyindən narahatdır".

Göründüyü kimi, Ararat Mirzoyanın parlamentdəki çıxışı rəsmi İrəvanın mövqeyində deyil, üslubunda dəyişikliyin baş verdiyini nümayiş etdirir. Ermənistan yenə də, guya Azərbaycanın daxili işlərinə qarışmadığını, kənara çəkildiyini bildirir, amma rəsmi Bakının Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri ilə dialoqunda, çox güman ki, Fransa kimi ölkələrin də qatıldığı təsisatın iştirakının vacibliyindən danışır. Bu isə o deməkdir ki, Ermənistan bütün birbaşa öhdəliklərdən xilas olur, "yaxasını" kənara çəkir və Azərbaycanı öz ərazisində yaşayan etnik ermənmilərlə bağlı münasibətlərin tənzimlənməsində beynəlxalq təsisat, yaxud platformanın iştirakçıları ilə qarşı-qarşıya qoyur və prinsip etibarilə ölkəmizin daxili məsələsini beynəlxalq müzakirə predmetinə çevirir.

Biz bu qəbildən olan bəsit söz oyunlarından ibarət klassik erməni hiyləgərliyini çox yaxşı başa düşürük və təxminən 35 illik zaman kəsiyi azərbaycanlılarda erməni söz oyunlarına və hiyləgərliklərinə qarşı immunitet formalaşdırıb", - deyə siyasi şərhçi bildirib.

O qeyd edib ki, Ermənistanın xarici işlər naziri Vaşinqton görüşü öncəsi ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Derek Hoqanla telefon söhbətində isə tamam başqa mötivlərdən çıxış edir və "Azərbaycanın hərbi ritorikasından" şikayətləndir.

"Eyni zamanda bildirir ki, Ermənistanın ərazi bütövlüyü ilə bağlı məsələdə dəqiq mövqeyi var.

Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şalenberqlə söhbətində isə Mirzoyan Ermənistan "sərhədlərin delimitasiyasının ölkələrin ərazi bütövlüklərinin qarşılıqlı tanınmasının dəqiq ifadə edilməsi əsasında aparılmasından, Qarabağ ermənilərinin hüquq və təhlükəsizlikləri ilə bağlı məsələnin həll olunmasından" danışır.

Gətirdiyim nümunələrdən də aydın olur ki, Ermənistan ayrı-ayrı ölkələrə münasibətdə eyni yanaşmasını fərqli formalarda ifadə edir. Bütün bunlar isə sübuta yetirir ki, rəsmi İrəvanın hələ də sülh müqaviləsi ilə bağlı konkret mövqeyi və istəyi yoxdur. Yaxud, sülh prosesinin Vaşinqton və Brüssel platformalarında irəliyə doğru aparılmasını istəmir", - deyə E.Mirzəbəyli vurğulayıb

O qeyd edib ki, hazırkı reallıqda sülhün olmaması nə Ermənistanın, nə də Moskva, Fransa və İran istisna olmaqla, prosesdə bu və ya digər formada iştirak etməyi arzulayan və ya birbaşa dialoq üçün platforma təqdim edən tərəflərin mənafeyinə uyğun deyil.

"İndiki halda sülh müqaviləsinin imzlananmamasında, prosesin, yalnız və həm də qismən 10 noyabr 2020-ci il bəyanatının prinsipləri üzərindən isrəliyə doğru aparılmasına, kommunikasiyalar açılsa da mövcud vəziyyətin müdaxiləyə açıq formada qorunub saxlanılmasında maraqlı olan əsas qüvvə Rusiyadır.

Lakin Şərqi Avropada baş verən proseslər sübuta yetirir ki, sülhün olmaması uzaq perspektivdə, həm də Rusiyanın maraqlarına ziddir. Çünki Moskva bundan sonra, hətta çox istəsə də belə bölgədəki ənənəvi mövqelərini təzyiq mexanizmləri əsasında qoruyub saxlaya bilməyəcək. Yeganə yol, bölgədəki problemlərin həlinə tam şəkildə nail olmaqla, qarşılıqlı əməkdaşlığın təşviq edilməsindən keçir. Cənubi Qafqazda davamlı sabitliyin əldə olunması, bütövlükdə Qafqaz regionunda təhlükəsizliyin təmin olunması deməkdir. Bunun əksi isə, nə Ermənistan, nə də Rusiya üçün yaxşı heç nə vəd etmir", - deyə E.Mirzəbəyli vurğulayıb.

Mənbə: news.milli.az