Ermənistan 3 məsələdə Azərbaycanla normallaşma prosesini pozur...

Ermənistan 3 məsələdə Azərbaycanla normallaşma prosesini pozur...<span class="qirmizi"></span>

Ramil Hüseynov: “Sadalanan 3 prinsipial məsələ ilə bağlı Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirməsə...”

İyunun 6-da xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib. Çıxışda nazir bir sıra məsələlərə toxunub.

Ceyhun Bayramov iclasda bəyan edib ki, Ermənistanla 3 istiqamətdə fikir ayrılığı var. Bayramov Azərbaycanın ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən qarşılıqlı siyasi iradə gözlədiyini bildirib. Bu kontekstdə, Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, daxili işlərimizə ardıcıl müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması və beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılmasının Azərbaycan Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneə olduğu diqqətə çatdırılıb.

“Qarabağ erməniləri ilə rəsmi Bakı arasında kontaktın qurulmasına hər vəchlə mane olur”

Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, baş nazir Nikol Paşinyan ölkəsinin Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdığını desə də, əməldə biz bunu görmürük: “Bax, əsas problem bundadır. Düzdür, ölkəmizin milli maraqlarının təmin olunmasında Prezident İlham Əliyevin bir addım belə geri çəkilməyəcəyi hər keçirilən danışıqda bir daha bəyan edilir. Bu məsələdə hansısa narahatlıqdan, güzəştdən söhbət gedə bilməz. Ancaq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyan və onun komandası hələ də Ermənistan silahlı birləşmələrini Qarabağdan çıxarmayıb. Halbuki, bu, 10 noyabr 2020-ci ildə üçtərəfli razılaşmada öz əksini tapıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, ölkəmizin daxili işinə müdaxilə edir. Qarabağ erməniləri ilə rəsmi Bakı arasında kontaktın qurulmasına hər vəchlə mane olur. Qarabağ ermənisi olmayan şəxslərin Xankəndiyə qanunsuz getməsinə, orada təxribatçı fəaliyyətlə məşğul olmasına şərait yaradır. Düzdür, Azərbaycan aprelin 23-də Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmaqla praktiki olaraq bunun qarşısını alıb. Ancaq bu heç də o demək deyil ki, Ermənistan bu kimi cəhdlərdən əl çəkib. Paşinyan görəndə ki, Ruben Vardanyanın Qarabağa göndərilməsi əslində Ermənistanda hakimiyyət dəyişikliyinə hesablanıb, buna rəğmən onun qanunsuz olaraq ərazimizə daxil olmasına mane olmadı. Bütün bunlar Azərbaycanın daxili işinə müdaxilə deyilmi? Demək olar, bütün beynəlxalq tədbirlərdə, xarici ölkə rəsmilərinin İrəvana səfərlərində Azərbaycan əleyhinə qarayaxmalar səsləndirilir. Sanki Ermənistanın başqa problemi yoxdur. Əlbəttə ki, sadalanan 3 prinsipial məsələ ilə bağlı Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirməsə, o zaman iki ölkə arasında münasibətlərin normallaşması mümkün görünmür”.

Mənbə: www.baki-xeber.com