Zəngəzur yolunda kim dayanacaq: ermənilər, ruslar, yoxsa…

Zəngəzur yolunda kim dayanacaq: ermənilər, ruslar, yoxsa…<span class="qirmizi"></span>

Rusiya baş nazirinin müavini Overçukun açıqlamasından suallar yaranır: Ermənistan tərəfdən sərhəd və gömrük xidməti necə həyata keçiriləcək, bu, Ermənistanın sərhədçiləri və gömrükçüləri olacaq, yoxsa nəzarəti Rusiya həyata keçirəcək? Azərbaycan və Ermənistan Ümumdünya Gömrük Təşkilatının dəstəyindən yararlanacaqlarmı?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya baş nazirinin müavini Aleksey Overçukun 2 iyunda Moskvada keçirilən görüşdə əldə edilən razılıqlar barədə açıqlaması haqqında qeyd edib.

Politoloq bildirib ki, bu sual Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 14-də Brüsseldə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə Ümumdünya Gömrük Təşkilatının imkanlarından istifadə edilməsi barədə şifahi razılıq əldə edildiyi üçün aktualdır:

“Bu barədə görüşdən sonra Şarl Mişelin açıqlaması olmuşdu. Overçuk Mişeldən fərqli olaraq, açıqlamasında Ümumdünya Gömrük Təşkilatının adını çəkməyib. Deməli, Moskva bu təşkilatın Ermənistanla Azərbaycan arasında gömrük fəaliyyəti göstərməsinin əleyhinədir, özünü bu rolda görür”.

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk görüşlə bağlı açıqlamasında tərəflərin yüklərin daşınmasında gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, bu, dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq.

Mənbə: axar.az