İran-İsrail müharibəsində ABŞ BUNA GÖRƏ maraqlıdır - ŞOK

İran-İsrail müharibəsində ABŞ BUNA GÖRƏ maraqlıdır - ŞOK

Bu gün səhər tezdən İsrail İsfahan yaxınlığındakı İran hərbi bazasına raket zərbələri endirib. Məsələ burasındadır ki, indiyədək verilən məlumatlarda ABŞ-ın Təl-Əvivə İrana cavab zərbələri endirməsinə mane olmağa çalışdığı bildirilirdi. Hətta ərəb mediasının yazdığına görə, Vaşinqton İsraili sakitləşdirmək üçün Qəzzada hərbi əməliyyatlar keçirmək qarşılığında İrana hücum planından vaz keçməyə razı salmışdı. Bu gün gələn məlumatlar isə İsrailin ABŞ-ın xahişini yerə saldığını göstərir.

Nəzərə alsaq ki, İsrail öz müdafiə strategiyasında ABŞ dəstəyindən xeyli dərəcədə asılıdır və İranın son hücumlarını məhz Amerikanın hava hücumundan müdafiə sistemləri sayəsində zərərsizləşdirmişdi. Ən əsası isə Vaşinqton Netanyahu hökumətinə İrana cavab verməməsini, əks halda onu növbəti hücum cəhdində müdafiəsiz buraxacağını bildirmişdi.

Bütün bu xəbərdarlıqlara baxmayaraq, İsrailin öz bildiyini etməsi, faktiki olaraq ABŞ-ın mövqeyini nəzərə almaması hansı perspektivləri doğura bilər? İranın və İsrailin “cavaba cavab atışması” Yaxın Şərqi yeni müharibə ocağına çevirə bilərmi?

OGUZ.jpeg (277 KB)

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında İsrail-İran savaşının çoxdan başladığını, yeni hücumların bu müharibənin getdikcə alovlanacağından xəbər verdiyini bildirib.

Onun fikrincə, İranın son hücumunda İsrailə heç də qeyd edildiyi kimi, məhdud miqyaslı zərbə endirməmişdi:

“Əksinə, İran əlindəki ballistik və qanadlı raketlərdən də istifadə edərək İsrailə ağır “qulaqburması” vermək istəyirdi. Sadəcə İsrailin özünün və müttəfiqlərinin HHM sistemləri bu zərbənin nəticələrini xəfifləşdirərək elə təəssürat yaratmışdı ki, İran hərbi imkanlarından maksimum dərəcədə istifadə etməyib. Ən əsası isə İranın atdığı raketlərin hardasa 90 faizi zərərsizləşdirilsə də, İsrailin hava hücumundan müdafiə sistemlərini dəlib keçənlər də olmuşdu. Raketlərdən biri hətta F-35-lərin saxlanıldığı aeroportun pistinə də düşmüşdü. Bu, açıq-aşkar İsrailin müdafiə strategiyasına meydan oxumaq idi və Təl-Əvivin sözügedən hücuma cavab verməməsi zəiflik kimi görünə bilərdi. Nəticədə İsrailin region ölkələri üzərində qurduğu hərbi-strateji xofu dağılar və o, digər ərəb ölkələrinin, habelə İranın proksi qüvvələrinin vaxtaşırı hücumlarına məruz qalardı. Ətrafı düşmənlərlə sarılan İsrail ən azı bu imicini xilas etmək üçün İrana cavab verməli idi”.

İSRA GECE.jpeg (92 KB)

ABŞ rəsmilərinin İsrailə mesajlarının düzgün oxunmadığına inanan Heydər Oğuz Təl-Əvivin Vaşinqtonun iradəsini nəzərə almadığı fikri ilə də razılaşmır:

“ABŞ qətiyyən İsrailə “İranı vurma” yasağı qoymamışdı. Sadəcə, ABŞ mediasında Co Baydenin guya, Netanyahuya bu barədə xəbərdalıq etdiyinə dair iddialar yayılmışdı. Ardınca da Pentaqon rəhbəri Lloyd Ostinin israilli həmkarına zəng edərək, İrana növbəti hücumlarında onların mütləq məlumatlandırılması tapşırılmışdı. Daha sonra ard-arda açıqlama verən ABŞ yetkililəri İsrailin İrana cavab verməsini arzulamadıqlarını, amma bu baş verərsə, onu yalnız buraxmayacaqlarını vurğulamışdılar”.
Heydər Oğuzun fikrincə, bu “xəbərdarlıqlar” əslində İsrailə “İranı vura bilərsən” razılığı idi.

Siyasi şərhçi hesab edir ki, ABŞ-ın bu ikili mövqeyi başadüşüləndir:

“Bilirsiniz ki, ABŞ-ın Suriya və İraq kimi İranın təsir imkanlarının güclü olduğu ölkələrdə hərbi bazaları var. Üstəlik, İraq hökuməti də dəfələrlə ABŞ-ı İranla qarşıdurmasını başqa qapılarda aparmasını tələb edir. Hətta İraq parlamenti məhz bu təhlükələri nəzərə alıb ABŞ-ın öz qoşunlarını ölkədən çıxarması barədə qərar çıxarıb. Vaşinqton regional həssasiyyətləri nəzərə almaya bilməz. Əks halda, həm bu bölgələrdəki hərbi bazaları davamlı proksi hücumlarına məruz qalar, həm də rəsmi Bağdadın daha ciddi qərarları ilə İraqdakı varlığı legitim əsaslarını itirər. Xüsusilə sonuncu ehtimalı nəzərə alan ABŞ İsrail-İran müharibəsini arzulamayan tərəf qismində görünməyə çalışır”.

bayden.jpg (68 KB)

Əslində isə Bayden hakimiyyətinin də İsrail-İran müharibəsində maraqlı olduğunu düşünən Heydər Oğuz fikrini noyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqələndirir:

“Sirr deyil ki, İsrail-Fələstin və İran gərginliyi ABŞ-da keçiriləcək seçkilərin də əsas təbliğat mövzusuna çevrilib. Hətta Baydenin əsas rəqibi olan Donald Tramp yəhudi lobbisinin rəğbətini qazanmaq üçün demokratları antisemit qrup, onları dəstəkləyən yəhudiləri isə xəyanətkar adlandırırdı. Öz iddialarını təsdiqləmək üçün onun əlində daşdan keçən “əsasları” da vardı. Bu “əsas”lardan biri hələ Obama dövründə İranı beynəlxalq sanksiyalardan xilas edən P5+1 nüvə anlaşmasının imzalanması idi. 2018-ci ildə Demokrat partiyasının hakimiyyəti dövründə imzalanan bu saziş İranın nüvə proqramını 15 il ərzində dayandırmasını və bunun müqabilində ona tətbiq olunan sanksiyaların ləğvini nəzərə tuturdu. Tramp hakimiyyətə gəldikdən sonra bu sazişdən geri çəkilmiş və İrana daha ağır sanksiyaların tətbiqinə başlamışdı. Co Baydenin zamanında isə yenidən P5+1 sazişi gündəmə gətirilmiş və onun ətrafında uzun müddət müzakirələr aparılmışdı. Sazişə yenidən qayıdılmaması səbəbi isə İranın dini liderinin mövqeyi olmuşdu. 2018-ci ilə həmin saziş Ruhani hakimiyyəti tərəfindən imzalananda belə, buna qarşı çıxan İran dini lideri yaranmış fürsəti fövtə vermək istəmir və nüvə proqramını davam etdirmək israrını sürdürürdü. Çünki o, ABŞ-ın etibarına güvənmir, növbəti hakimiyyət dövründə Vaşinqtonun yenidən oyunpozanlıq edəcəyini düşünürdü. İnsafən haqsız da deyildi. Nəticədə həmin müqaviləni bərpa etmək mümkün olmamışdı. Tramp həm də Qüds şəhərini İsrailin paytaxtı olaraq tanımış və öz qərarını əksər ərəb ölkələrinə qəbul etdirmişdi. Bundan əlavə, o, İsraillə ərəb dövlətlərini bir araya gətirən və onları İrana qarşı eyni hədəfdə birləşdirən İbrahim anlaşmalarının da müəllifi idi. Bu anlaşmaya görə, ərəblər də, yəhidilər də eyni Sam etnosundan gəlirdilər və yeri gələndə hər iki millət İbrahim əleyhüs-səlamı özlərinin vahid ataları və peyğəmbərləri hesab edirdilər. Elədirsə, bir-biri ilə didişməyə də ehtiyacları yoxdur. Üstəlik, hər iki millətin vahid bir düşməni vardı – İran. Odur ki, bir-birilərinin qanına susamaqdansa, vahid düşmənə qarşı birgə mübarizə aparmaları daha məntiqlidir. Co Bayden isə onun tamamilə əksinə mövqe tutur, yəhudilərin Qəzzanı tamamilə mənimsəməsinə mane olurdu. Məhz Co Baydenin zamanında qədim yəhidi torpaqlarında iki dövlətin – İsrail və Fələstin dövlətlərinin qurulması gündəmə gətirilmişdi. Bununla kifayətlənmədilər, İsrailin 7 oktyabr hadisələrindən sonra Qəzzada apardığı qətliamlar Beynəlxalq Ədalət Məhkəməsində soyqırım kimi yarğılanmağa başlanmışdı”.

Heydər Oğuzun fikrincə, bütün bu amillər prezident seçkiləri ərəfəsində onsuz da reytinqi aşağı olan Baydenin yəhudi lobbisinin dəstəyini tamamilə itirməsi ilə nəticələnə bilərdi:

“Odur ki, Baydenin növbəti seçkilərdə daha çox səs toplamaq üçün yəhudi dostu kimi görünməsinə ehtiyacı var. Bunun ən yaxşı yolu isə İsrailin əzəli düşməni İranla savaş çıxarmaq və bu savaşda Təl-əvivi tək buraxmamaqdan keçir. Hətta mümkün olsa, seçkilərə qədər İranı nüvə gücündən tamamilə məhrum etmək Baydeni ABŞ-ın əvəzolunmaz liderinə belə çevirə bilər”.
Yuxarıdakı amillərə əsaslanaraq, ABŞ-ın İran-İsrail savaşının çıxmasında maraqlı olmadığına inanmayan Heydər Oğuza görə, İsrailin son hücumları da bunu təsdiqləyir. “CNN telekanalı Pentaqona istinadən xəbər verib ki, İsrail İran ərazisinə zərbə endirməzdən əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Qalanta zəng edərək onunla “regional təhdidlər və İranın Yaxın Şərqdə sabitliyi pozan hərəkətləri” barədə danışıb. Sözsüz ki, Qalant ona İrana hücum edəcəkləri barədə məlumat da verib. Digər bir ABŞ mediası ilə bildirib ki, İsrail hücumdan 24 və ya 48 saat əvvəl Vaşinqtonu bu barədə məlumatlandırıb. ABŞ-ın həqiqətən də müharibədə marağı olmasaydı, İsraili öz planından vaz keçirərdi”.

E.MƏMMƏDƏLİYEV

Mənbə: musavat.com