Ermənistandan yeni "işğal" planı: İrəvan Bakıya belə tələ qurur

Ermənistandan yeni "işğal" planı: İrəvan Bakıya belə tələ qurur

“Ermənistan bundan sonra işğal faktını gizlətmək fikrində deyil”.

Redaktor.az bildirir ki, hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov Ermənistanın işğal altında olan ərazilərlə bağlı növbəti planı olduğunu qeyd edib.

S. Məmmədov hesab edir ki, Ermənistanın hərəkətlərində aşkar bir xətt görünməkdədir:

“Ermənilər bütün beynəlxalq formlarda Azərbaycanın işğal olunmuş ərazilərinin onlara aid olmamasını, həmin ərazilərdə yerli erməni xalqının özünü təyietmə hüququndan istifadə etdiyini bəyan edirdi. Bir çox beynəlxalq sənədlərdə də Ermənistan münaqişə tərəfindən daha çox maraqlı (etnik ermənilərin maraqlarını müdafiə edən tərəf) tərəf kimi göstərilirdi. Son illərdə vəziyyət dəyişir. Artıq Avropa Məhkəməsinin qərarlarında, BMT sənədlərində və bir sıra dövlətlərin sənədlərində aşkar göstərilir ki, işğal altında olan ərazilərə effektiv nəzarəti Ermənistan həyata keçirir və bu ərazilər Ermənisatnın idarəçiliyindədir.

S. Məmmədov vurğulayıb ki, Ermənistanın növbəti planı bu ərazilərin artıq Ermənistana məxsus olmasını qəbul etdirməkdir:

“Onlar artıq buna işğal yox, azad edilmə deyir. Bir növ Kəşmir məsələsi, amma bir az fərqli. Bu planın icrasına başlasalar, növbəti addım Azərbaycan ərazilərini işğaldan azad etməyə başlayanda bizi işğalçı tərəf kimi tanıtdırmaq olacaq. Erməni həyasızlığının sonu yoxdur. Bu plana başlasalar (yəqin ki, başlayıblar da), adekvat tədbirlərə ehtiyac olacaq. Ordumuz hazırdır, amma xarici siyasət idarəmiz nə qədər hazırdı bunu deyə bilməyəcəm”.

Mənbə: redaktor.az