İranın BMT-dəki səfiri: "ABŞ bizə qarşı təzyiq siyasətindən əl çəkməlidir"

İranın BMT-dəki səfiri: "ABŞ bizə qarşı təzyiq siyasətindən əl çəkməlidir"

“ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vəzifəsindən azad edilməsi Vaşinqtonla Tehran arasında danışıqların bərpasına kömək etməyəcək”.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki səfiri Məcid Təxte-Rəvançi deyib.

O bildirib ki, C. Boltonun ABŞ Prezidenti Donald Tramp administrasiyasından getməsi, İranı ABŞ-la müzakirələrə yenidən baxmağa vadar etməyəcək.

Səfirin sözlərinə görə, İrana qarşı sanksiyaların qüvvədə olduğu müddətdə ABŞ-la danışıqlar aparılmayacaq.

“ABŞ İrana qarşı maksimum təzyiq siyasətindən əl çəkməlidir. İranın nüvə sazişindəki öhdəlikləri digər tərəflərlə mütənasibdir, əgər lazım gələrsə, biz əlavə addımlar atacağıq”, - deyə Məcid Təxte-Rəvançi vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp xidmətlərinin artıq lazım olmadığını söyləyərək, Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.

Mənbə: apa.az