Son illər dünyanın ən böyük neft-qaz layihələrində pay sahibi olan Azərbaycan Respublikasının Cənubi Qafqazda baş verən siyasi, iqtisadi proseslərdə əhəmiyyətli dərəcədə rol oynaması qonşu dövlətlərlə əməkdaşlıq və iqtisadi əlaqələrin genişlənməsinə də təsirsiz ötüşmür. Xüsusilə, Türkiyə və Gürcüstanla hərtərəfli münasibətlərin yüksək səviyyədə qurulması bu dövlətlərlə təhlükəsizlik məsələlərində də tərəfdaşlığın möhkəmlənməsi, eləcə də regionda sabitliyin və iqtisadi dayanıqlılığın təmin olunması üçün birgə fəaliyyət zərurəti qabarıq şəkildə önə çıxır.
Sentyabrın ilk həftəsində Azərbaycan Silahlı Qüvvələrinin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təlimi bu üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsində və uzlaşmanın təmin edilməsində mühüm rol oynadığını ifadə edir.
Beynəlxalq əhəmiyyətli strateji layihələrin Azərbaycan, Türkiyə və Gürcüstanı əhatə etməsi və həmin layihələr əsasında qurulmuş infrstrukturların təhlükəsizliyinin təmin olunması bu dövlətlərin birgə fəaliyyətini həmişə aktual saxlayır. Buna görə də, Bakıda keçirilən “Eternity-2019” təlimi iştirakçı ölkələrin hərbiçilərinin bilik və bacarıqlarının artırılmasında, onların əməliyyat, təlim və analitik qabiliyyətinin inkişafında, həmçinin mühafizə fəaliyyətini həyata keçirən bölmələr arasında qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsində ciddi əhəmiyyət kəsb edir.
Təlimin senarisinə əsasən, Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təhlükəsizliyinin təmin edilməsi, mövcud şəraitin qiymətləndirilməsi, terror qruplarının ehtimal edilən təxribatlarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, həmçinin qərargahlarda müvafiq qərarların qəbul edilməsi üzrə fəaliyyətlər kompüterlərdə icra olunurdu. Yerinə yetirilən tapşırıqlardan aydın görünür ki, müttəfiq ölkələrin bu istiqamət üzrə ixtisaslaşmış taborlarının qərargahları sözügedən infrastrukturların təhlükəsizliyini təhdid edən istənilən hərəkətə, onların fəaliyyətinə xələl gətirə biləcək hər hansı müdaxiləyə operativ şəkildə reksiya verə bilir və təhlükənin aradan qaldırılmasnda müvafiq şəkildə təxirəsalınmaz tədbirlər görmək imkanına malikdir.
“Eternity - 2019” komanda-qərargah təliminin iştirakçıları tapşırıqları səhra şəraitində də icra etdilər. Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri təlimdə Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin birgə təmin edilməsi, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətləri praktiki olaraq yerinə yetirdilər.
Əslində, bu təlim sözügedən üç ölkə arasındakı münasibətlərin və onların regional əməkdaşlığının hansı səviyyədə olmasından xəbər verir.
Cənubi Qafqaz regionunda baş verən siyasi-iqtisadi proseslərdən tam kənarda qalan Ermənistanın bu gün öz-özünü təkləməsi və ya Qafqaz birliyindən təcrid etməsi “Eternity-2019” təlimlərinin fonunda daha aydın görünür.
Mövcud erməni hakimiyyəti istər daxili, istərsə də xarici siyasətdə fiaskoya uğradığını biruzə verməməyə çalışsa da, Qafqazda mövcud olan iri layihələrdə iştirak edə bilməməsi səbəbindən ölkənin iqtisadi-sosial vəziyyətinin acınacaqlı vəziyyətdə olduğunu dərk etməmiş deyil.
Tarixə qısa nəzər yetirsək görərik ki, bugünkü Ermənistanın siyasi mövqeyi ötən əsrin əvvəlində çar Rusiyasının parçalandığı dövrdəki siyasi statusla eynidir. Yəni rəsmi İrəvan siyasi mövqeyi ilə Cənubi Qafqaz üçün yenidən təhlükə mənbəyinə çevrilir. Qonşu ölkələrdən birinin (Azərbaycan) ərazisini 20 faizini işğal edir, digər dövlətə (Gürcüstan) qarşı da qeyri-rəsmi formada ərazi iddiaları (Cavaxetiya) irəli sürür. Regionda qeyri-sabitliyin mənbəyi rolunu oynayan Ermənistan, həm də dinc və dostluq şəraitində yaşayan Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirməyə çalışır.
Hazırda Rusiya ilə siyasi-iqtisadi münasibətləri o qədər də yaxşı olmayan Gürcüstan üçün Azərbaycan, sözün əsl mənasında, siyasi, hərbi və iqtisadi cəhətdən ən güclü istinad nöqtəsi, həmçinin digər region ölkələri ilə diplomatik əlaqələrin bərpası üçün körpü rolunu oynayan əlverişli qonşudur. Bir az da konkret desək, nəinki Cənubi Qafqaz regionunda, həm də beynəlxalq iqtisadi sferada söz sahibi olan Azərbaycan Gürcüstanın böyük qonşuları ilə siyasi-iqtisadi münasibətlərinin müsbət çalarlarla formalaşmasında da əvəzsiz rol oynayır. Deməli, ən etibarlı tərəfdaş kimi Azərbaycanla münasibətlərinin pozulmasını istəməyən rəsmi Tbilisiyə qarşı məkrli siyasət yürüdən Ermənistan hakimiyyəti onunla heç bir siyasi-diplomatik yaxınlığı olmayan Türkiyənin də təmsil olunduğu iqtisadi layihələri sıradan çıxarmağa həmişə hazırdır. Bunun üçün isə Ermənistanın əlində terror qruplaşmalarından başqa heç bir rıçaq yoxdur.
Ermənistanla müqayisədə, daha çox müstəqil siyasət yürütməyə çalışan Gürcüstan həm iqtisadi cəhətdən, həm də təhlükəsizlik baxımından Azərbaycan və Türkiyə ilə birgə əməkdaşlığını daha da möhkəmləndirməyə çalışdığı bir vaxtda son dövrlər Ermənistan-Gürcüstan münasibətlərinin xronikasna nəzər yetirmək kifayətdir ki, rəsmi İrəvanın Tbilisi hökumətinə qarşı sərgilədiyi mövqeyi aydın şəkildə görmək olsun.
Məhz, elə bu nöqteyi-nəzərdən də, Bakıda keçirilən “Eternity-2019” təlimlərinin və prakitik məşğələ xarakterli hazırlıqların arxasında nəyin dayandığını müəyyən etmək o qədər də çətin deyil.
Nəzərə alsaq ki, Rusiya ilə siyasi-hərbi diplomatik bağlılıqları son dövrlər sürətlə iflasa doğru yuvarlanan Paşinyan hakimiyyəti vəziyyətdən çıxış yolu kimi bölgədə gərginliyi çoxaltmağa çalışacaq. Onsuz da Azərbaycanla müharibə şəraitində yaşayan Ermənistan rəhbərliyi anlayır ki, torpaqlarını işğaldan azad etmək üçün diplomatik danışıqların tamamən dalana dirənəcəyi günü gözləyən Azərbaycanla açıq döyüşə girmək həddindən artıq təhlükəlidir. Belə olan halda, Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin birgə maraqları çərçivəsində olan iri iqtisadi layihələri terrorla təhdid etmək, bu üç ölkədən birinin ərazisində silsilə terror törətməklə onların qarşılıqlı əlaqələrində çat meydana gətirmək rəsmi İrəvan üçün prioritetə çevrilir.
Artıq Rusiya ilə də münasibətlərinə nəzarəti tamam itirməyə başlayan Ermənistan üçün öz istəklərini yerinə yetirə bilməsindən ötrü zəif bənd Gürcüstan Respublikasıdır. Çünki Gürcüstan ərazisində ermənilərin çoxluq təşkil etdiyi bölgələr yetərincədir, bu da imkan verir ki, bu ölkə ərazisində terror aktlarının və ya azərbaycanlılarla gürcülər arasında milli-etnik qarşıdurmalar yaratmağın reallaşdırılmasına cəhd göstərsin... Belə ki, ermənilərin Gürcüstan ərazisindəki kilsə və xristian məbədlərinin erməni mənşəli olduğunu iddia etməsindən çox az sonra, Azərbaycan ərazisində yerləşən Keşikçidağ məbədində Gürcüstandan gəlmiş bir qrup adamın təxribat törətmək cəhdinin qarşısı Azərbaycan tərəfinin məsələyə soyuqqanlı və təmkinli davranışı ilə qan tökülmədən alındı. “Keşikçidağ insidenti”nin müəllifləri Azərbaycan dövlətinin hərbi-siyasi manevrlərini tam hesablaya bilməmişdilər. İnsidentə çox operativ reaksiya verən hər iki tərəf baş verə biləcək neqativ halların nələrə səbəb olacağını birgə hesablayaraq problemi qısa müddət ərzində aradan qaldırdılar.
Bundan çox keçməmiş Gürcüstan respublikası Azərbaycan və Türkiyənin keçirdiyi “Eternity-2019” təlimlərində dostcasına fəal iştirak etməklə bəzi məqamlara diplomatik şəkildə nöqtə qoydu.
Bu təlimlərin mahiyyəti, dediyimiz kimi, beynəlxalq əhəmiyyətli layihələrə qarşı baş verə biləcək terror təhdidlərinə qarşı mübarizə, təhlükənin birgə aradan qaldırılmasından ibarətdir.
“Eternity-2019” birgə təlim layihəsi özü ilə bərabər bir neçə sual da meydana gətirir. Məsələn, bunlardan biri “Bu iqtisadi layihələr kimin hədəfində ola bilər?” sualıdır.
Hazırda özünün ən yaxın strateji tərəfdaşı olduğu ölkələrdən biri kimi Azərbaycanın adını tez-tez çəkən Rusiya, həm də Türkiyə ilə istər hərbi-diplomatik, istərsə də iqtisadi məsələlərdə müttəfiqlik mövqeyindən çıxış edir. Deməli, Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyi həm də Rusiyanın maraqlarına cavab verir. Regionda sabitliyin qorunub saxlanılması neft-qaz ixracatçısı olan və dünya bazarında müəyyən sanksiyalarla üz-üzə qalan İran üçün də vacib amildir. Digər tərəfdən, İran İslam Respublikası həm Türkiyə, həm də Azərbaycan Respublikası ilə təhlükəsizlik məsələlərində ən yaxın tərəfdaşlıq münasibətinə malikdir. Bütün hallarda, “Eternity-2019” taktiki təlimlərini aktual edən təhlükəli tərəf Ermənistandır. Çünki Azərbaycana düşmən münasibəti bəsləyən rəsmi İrəvanın qonşu Türkiyə ilə siyasi-iqtisadi əlaqələri sıfır səviyyəsindədir. Gürcüstanla qonşuluq bağlılığı etibarlı şəkildə qurulmayıb.
Meydana çıxan suallardan biri də, “Ermənistan terror aktları ilə nə qazana bilər?” sualıdır...
Cavab axtarmağa çalışaq. Əgər Azərbaycan, Türkiyə və Gürcüstan ərazisindən keçən beynəlxalq əhəmiyyətli iqtisadi layihələr təhdidlə üz-üzə qalarsa, regionda sabitliyin qorunması üçün beynəlxalq aləm Cənubi Qafqaz regionuna diqqəti ikiqat artıracaq. Təbii ki, bu arada Ermənistan da region ölkəsi olaraq unudulmayacaq. Digər tərəfdən, rəsmi İrəvan istənilən terror aktı ilə bölgədə daha bir gərginlik mənbəyi yarada bilsə, Qarabağ danışıqlarının uzadılmasında əlavə vaxt qazanmağa çalışacaq... Bu isə Paşinyan hökumətinə ölkədaxili siyasətdə bəzi gücləri zəiflətmək və ya tamamilə sıradan çıxarmaq üçün gərək ola bilər.
Eyni zamanda Ermənistan öz maraqları naminə hansısa vədin müqabilində, Qafqazda sabitliyin pozulmasında maraqlı olan siyasi güclərlə və ya iqtisadi mərkəzlərlə işbirliyinə gedə bilər. Əgər ermənilər Azərbaycan, Türkiyə və ya Gürcüstan ərazisində terror törədərsə, bütün hallarda bunun üçün heç bir hüquqi məsuliyyət daşımır. Terrorçu milliyətcə erməni olsa belə, iqtisadi layihələr hansı ölkənin ərazisində hədəfə çeviriləcəksə, daha çox həmin dövlət cavabdehlik daşıyacaq və dünya ilə münasibətləri gərgin sferaya keçəcək. Bir sözlə, “Bakı-Tbilisi-Ceyhan neft ixrac” və “Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri”, o cümlədən “Bakı-Tbilisi-Qars” dəmiryol xətti layihələrinin təhdidi terrorçu erməni hakimiyyəti üçün yaxşı vasitədir. Bir müddət Rusiya ilə hərbi-siyasi müttəfiqlikdən istifadə sui-istifadə edən bu ölkə hazırda Rusiya ilə görünməyən və sezilməyən müharibə mühitindədir. Rusiyanın maraqlarını tapdamaqla Qərbə doğru meylənən Ermənistan rəsmi Moskvanın təhdidlərindən yayınmaq üçün də Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyünə qarşı terrora əl atmaqdan çəkinməyə bilər. Belə ki, əgər dünya səviyyəli bu iqtisadi layihələr terrora və ya terror təhdidinə məruz qalsa, beynəlxalq aləmin şübhələnəcəyi ilk ölkə Rusiya olacaq. Bu isə rəsmi Moskvanın Qərblə əlavə diplomatik gərginliyinin yaranmasına gətirib çıxaraq. Bundan istifadə edən Ermənistan həm Rusiyanın təkid və təpkilərindən yayına bilir, həm də Qərb institutlarının Ermənistana sürətli axınını təşkil edir. Bu gün Cənubi Qafqaz regionda yaranmış yeni geosiyasi durum, terrorizm və ekstremizmlə mübarizənin bütün dünya üçün prioritetə çevrilməsi Ermənistan üçün çətin maneə olsa da, rəsmi İrəvanın çıxış yolu kimi terror aktlarından istifadə edəcəyini heç kim istisna edə bilməz. Hazırkı vaxtda Ermənistanın bölgədəki mövqeyi terrorçuluqdan özgə heç nəyə söykənmir.
Ermənistanın ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyi Rusiya və İranla əlaqələrində yeni gəlişmələr onu göstərir ki, İrəvan bu iki ölkənin ən əsas rəqibi olan Birləşmiş Ştatlarla əlaqələrini sürətlə çoxaltmağa başlayıb. Sirr deyil ki, Rusiya və İrana düşmən mövqeyi sərgiləyən ABŞ-ın Ermənistana belə “isti münasibətin”in müqabilində ondan heç nə ummayacağı inandırıcı görünmür. Vaxtilə hərbi və iqtisadi sahədə daha çox Rusiyaya sığınan Ermənistanın bugünkü siyasi manevrləri kəskin şəkildə dəyişirsə, deməli, bölgədə yeni bir nizam qurmağa çalışan Vaşinqtonun Qafqazla bağlı planları işə düşüb... Bu planın icrasında da Ermənistanın əsas rol oynaması şübhəsizdir. Nəzərə alsaq ki, barışmaz rəqibi olan SSRİ-nin dağıdılmasında da ABŞ və Qərb erməni faktorundan az yararlanmadı.
Bütün bunları və daha dərin qatlarda qalan elementləri nəzərə alanda, Qafqazda sülhün və əmin-amanlığın əsas təminatçısı hesab olunan Azərbaycanda keçirilən “Eternity-2019” təlimlərində Türkiyə və Gürcüstanın da iştirakının həm də gələcəyə hesablanmış müdafiə-mühafizə amili olduğuna bir daha əmin olmaq olur.
Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün
Mənbə: ordu.az