Bu siyasilər iqtidar-müxalifət dialoqunda niyə yox idi?

Bu siyasilər iqtidar-müxalifət dialoqunda niyə yox idi?

Bu gün Ana Vətən Partiyasının təşəbbüsü ilə “Park İnn” otelində “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda keçirilən və ciddi ictimai maraq doğuran konfransda səslənən iradlardan biri də ölkənin siyasi spektrinin tam şəkildə tədbirdə iştirak etməməsinə yönələn fikir oldu.

Bu irada cavab olaraq isə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı AXCP sədri Əli Kərimli istisna olmaqla, bütün siyasi partiya rəhbərlərinə dəvət göndərildiyini və onların böyük əksəriyyətinin tədbirdə iştirak etdiyini vurğuladı.

Maraqlıdır, tədbirdə kimlər iştirak etmirdi və onlar tədbirə niyə qatılmamışdılar?

Tədbirə qatılmayan partiya liderlərinin Axar.az-a açıqlamalarını təqdim edirik:

Müsavat Partiyasının sədri Arif Hacılı: Məni "Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri" mövzusunda dəyirmi masaya Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı dəvət etmişdi. Dəyirimi masada müzakirə olunan məsələnin mövzusunun qeyri-müəyyən olması və bizi qane etməməsi səbəbindən tədbirdə iştirak etmədim.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev: Dəyirmi masaya dəvət olunmuşdum. Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclası var idi və mən orada iştirak edirdim deyə, təəssüf ki, dəyirmi masaya qatıla bilmədim.

Ümid Partiyasının sədri İqbal Ağazadə: Məni dəyirmi masaya dəvət etməmişdilər.

AXCP sədri Razi Nurullayev: Biz dəyirmi masaya dəvət olunmamışdıq.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə: Tədbirə dəvət olunmuşdum. Lakin mənim başqa vacib işlərim var idi deyə, iştirak edə bilmədim.

Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı da tədbirə dəvət olunmadığını bildirib.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı ölkədə olmadığı üçün tədbirə qatıla bilməyib. Buna baxmayaraq, xalq şairinin xanımı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı tədbirdə iştirak və çıxış edib.

Mənbə: axar.az