İqtidar və müxalifət partiyaları bir araya gəldi

"Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib

Dünən iqtidar və müxalifət partiyaları, eləcə də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə "Aqzərbaycandakı siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Ana Vətə Partiyasınln sədri Fəzail Ağamalı mövzunun aktuallığına danışıb. Bildirib ki, Azərbaycan inkişaf etdikcə, gücləndikcə bizə qarşı təziqlər artır: "Antiazərbaycan qüvvələr çalışırlar ki Azərbaycanı daxildə sarsıltsınlar. Bunun üçün Azərbaycandan Avropaya gedənləri ələ alaraq onlardan söyüş müxalifəti formalaşdırırlar". AVP sədri deyib ki, konstruktiv müxalifət partiyaları hər zaman dövlətçiliyə üstünlük verib, milli maraqları şəxsi maraqlarından üstün tutublar.

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib ki, bu ideya dəstəklənməlidir. YAP rəsmisi təmsil etdiyi partiyanın, hakimiyyətin hər zaman sivil mübarizə tərəfdarı olduğunu diqqətə çatdırıb, söyüşdən, təhqirdən uzaq olduqlarını deyib: "1993-cü ilin fevralında Heydər Əliyev YAP üzvləri ilə keçirilən görüşdə bəzi partiya təmsilçiləri Əbülfəz Elçibəyin ünvanına xoş olmayan sözlər səsləndirdilər. Lakin Heydər Əliyev buna qəti etiraz edərək Əbülfəz Elçibəyin Azərbaycan prezidenti olduğunu və prezidentin aşağılamağın normal hal olmadığını söylədi". Xaricdə sığınacaq alan bəzi şəxslərin ölkəmizə qarşı çirkin kampaniya apardıqlarını deyən Əli Əhmədov onların xaricdəki maraqlı qüvvələrin maddi dəstəyi ilə Azərbaycana qarşı fəaliyyət göstərdiklərini söyləyib. Hakim partiya rəsmisi onu da deyib ki, belə şəxslər asanlıqla xarici xüsusi xidmət orqanlarının da təsirinə düşə bilirlər: " Onlar iddia edirlər ki, youtube kanalı vasitəsilə pul qazanırlar. Ancaq bu kökündən yanlışdır. Çünki cəmi 3-4 min izləyicisi olan bir proqramdan bu qədər vəsait əldə etmək olmaz. Gərək onun izləyicilərin sayı milyonlarla olmalıdır ki, onlar bundan maliyyə vəsaiti qazana bilsinlər. Göründüyü kimi, bütün bunlar bəhanədir və xaricdəki bəlli qurumlardan əldə etdikləri yardımı ört - basdır etmək üçündür. Onların mübarizə apardıqları əsas fiqur Azərbaycan prezidenti və Azərbaycan dövlətdir. Çünki dövlət başçısının fəaliyyəti nəticəsində Azərbaycan kifayət qədər inkişaf edib, güclənib. Onlar həm də Azərbaycanın fundamental dayaqlarına zərbə vurmaq istəyirlər. Belə görüntü yaradırlar ki, guya Ermənistan demokratik, Azərbaycan isə antidemokratik bir ölkədir. Bütün bunlarla əlaqədar olaraq sağlam fikrdə olan siyasi qüvvələrin vahid milli mövqe ortaya qoyması lazımdır".

Xalq Partiyasının sədri Pənah Hüseyn isə deyib ki, belə tədbirlərə bütün siyasi qüvvələr dəvət edilməlidir. O. hesab edir ki, hətta Prezident yanında Ictimai Şura yaradılmalı, bütün müxalifət partiyaları orada təmsil olunmalıdır. Pənah Hüseynov bildirib ki, televiziyaları müxalifətin üzünə açmaq lazımdır: "Proporsional seçki sistemi bərpa edilməlidir. Bütün bunlardan sonra bütün vətənpərvər qüvvələrin bir araya gəlməsini mümkün hesab edirəm" Pənah Hüseyn ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağda keçirilən qondarma bələdiyyə seçkilərinə olan qeyri - normal münasibətini pisləyən bəyanat qəbul edilmıəsini, yaxud hazırlanan bəyanata bu barədə maddənin salınmasını təklif edib. ya da hazırlanan bəyanata qeydlər salınsın.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, belə bir tədbirin keçirilməsi təqdirəlayiqdir. O, qeyd edib ki, uzun illər belə bir görüşlərin keçirilməsi təşəbbüsü irəli sürülüb: "Bu gün Azərbaycan dövlətinə qarşı təhdidlər var və bu təhdidlər kifayət qədər ciddidir. Bizim Dağlıq Qarabağ kimi problemimiz var və bu problemin həllində Azərbaycanı məğlub duruma salmaq istəyirlər. Hesab edirəm ki, bu tədbir növbəti görüşlər üçün baza rolunu oynamalıdır. Ölkədə növbədənkənar parlament seçkiləri keçirilməli, iqtidarla müxalifət arasında təmaslar intensivləşdirilməlidir". VİP sədri təklif edib ki, həm iqtidar, həm də müxalifət partiyalarının nümayəndələri ilə regionlara səfər edilsin, yerlərdəki vəziyyət öyrənilsin: "Ola bilər ki, növbəti görüşlər prezidentlə keçirilsin".

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlunun sözlərinə görə, xarici institutları, səfirlikləri dəvət etmək lazım idi ki, onlar da iqtidar -müxalifət görüşü barədə məlumatlı olsunlar: "Xaricdən QHT -lərə verilən qrantların ləğv edilməsi məcbur etdi ki, bəzi şəxslər gedib xaricdə oturub Azərbaycanı söysünlər". Təşkilat sədri onu da deyib ki, bu gün Avropadakı həmin şəxslərə məlumatları elə bəzi məmurlar ötürür.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Azərbaycanda normal siyasi dialoq mühiti yaradılmalıdır: "Biz xarici qüvvələrin, dairələrin Azərbaycana təsir göstərməsi, müdaxilə etməsinə qarşıyıq. Avropada da erməni maraqlarına xidmət edən dövlətlər var. Minsk qrupunun fəaliyyəti Azərbaycanın maraqlarına ziddir. Ona görə də bu qrupun fəaliyyətindən imtina edilməlidir".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev deyib ki, bu mövzu Azərbaycan üçün ən aktual məsələlərdən biridir. Onun sözlərinə görə, günümüzdə Avropadakı bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı təhdidlər var və həmin qüvvələrə qarşı birgə mübarizə aparılmalıdır: "Bütün cəmiyyət, siyasi partiyaların borcudur ki, Azərbaycana olan təhdidlərə qarşı mövqe ortaya qoysun, hımrəylik nümayiş etdirsin".

Qüdrət Həsənquliyev çıxışında bu gün Azərbaycanda müəyyən nöqsan və problemlərin olduğunu da deyib: "Hesab edirəm ki, bu nöqsanlarla bağlı müzakirə aparılmalı, o cümlədən islahatların dərinləşməsi istiqamətində addımlar atılmalıdır. Mənim fikrimcə, xaricdən idarə olunan müxalifətə qarşı dözümsüz olmaq lazımdır. Xatırlayırsınızsa, Prezident seçkilərində Rüstəm İbrahimbəyov Azərbaycana gəlmişdi. Hamı bilirdi ki, məqsəd nədən ibarətdir. Toplaşdılar onun başına. Hələ Putinə şanlı məktub da yazdılar və dəstək istədilər. Amma nə baş verdi? Biz bunları görə-görə gəlmişik". Q.Həsənquliyev qeyd edib ki, bu yaxınlarda Əli Kərimlinin ABŞ-dakı ən fəal təbliğatçısı, vaxtilə AXCP-də beynəlxalq əlaqələr şöbəsinin müdiri olmuş Qorxmaz Əsgərov "Ayının əmisioğlu" adlı bir məqalə ilə çıxış edib:"O, məqaləsində qeyd edir ki, prezident seçkilərində AXCP olaraq ona görə Etibar Məmmədovu müdafiə ediblər ki, bunu onlara Milli Demokratiya İnstitutu tövsiyə edib. Əgər bir siyasi partiyaya hansısa xarici qüvvə hansısa namizədi dəstəkləmək göstərişi verirsə, bu, birbaşa olaraq ölkənin daxili siyasətinə müdaxilədir. Biz belə hallara qarşıyıq".

 

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da mövzunun aktuallığından danışıb, xaricdəki söyüş müxalifətini tənqid edib: "Dövləti, dövlət başçısını təhqir edən birisini necə müdafiə etmək olar axı?. Hara baxırsan Azərbaycan dövləti, Azərbaycanın dövlət başçısı təhqir edilir. Avropada bir cərəyan var ki, Azərbaycana qarşı mübarizə aparır. Biz də həmin qüvvələrə qarşı öz sözümüzü deyib həmrəylik nümayiş etdirməliyik".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə deyib ki, sənədə ölkədə islahatların davamlı olması əlavə edilməlidir: "Bütün tərəflər təhqir, söyüş və böhtandan uzaq olmalıdır. Ölkənin əsas problemi bu gün təhlükəsizlik problemidir. Əsas məqsəd odur ku ölkədə xaos, anarxiya yaradılmasın. Siyasi müxalifət də buna qarşı olmalıdır. Televiziyaların formatı dəyişməlidir. Hər kəsə televiziyalarda yer verilməlidir. Bu kimi görüşlər, dialoq qalıcı, davamlı olmalıdır".

"Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov deyib ki, xaricdəki söyüş müxalifətinin maliyyəsini antiazərbaycan qüvvələri verir: "Xaricdə oturub yeni siyasi dustaq siyahısı hazırlanır". Təşkilat sədri bəzi müxalif partiyaların fəaliyyətini də tənqid edib. Bildirib ki, bir çox partiyalar da hələ də özündən razılıq əlaməti var. Hər şeyə dözümsüz yanaşırlar.

Türkoloq alim, sabiq təhsil naziri Firudin Cəlilov mövzunun çox aktual olduğunu söyləyib. O, qeyd edib ki, belə mövzular, məsələlərin müzakirəsi üçün siyasi klub yaradılmalıdır: "5-6 il əvvəl qonşu ölkələrdən birində Azərbaycana qarşı hansı təhlükənin hazırlandığı və həyata keçirilmə mərhələsində olduğunu bilirdim. Nə yaxşı ki, o təhlükə baş vermədi". Firudin Cəlilovun sözlərinə görə, hakimiyyətdə elə adamlar var ki, onlarla mübarizə aparmaq lazımdır: "Məsələ çox ciddidir və ciddi şəkildə təhlil olunmalıdır".

Tədbir müzakirələrlə davam edib, sonda bəyanat qəbul edilib.

Süleyman

Olaylar.az

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

“Ermənistan KTMT– yə özünə arxa-dayaq tapmaq məqsədi ilə daxil olub”

SONRAKI XƏBƏR

Ermənistan kritik durumda