Deputat bələdiyyələrə qazanc yolu göstərdi - MÜSAHİBƏ

Deputat bələdiyyələrə qazanc yolu göstərdi - MÜSAHİBƏ

Dekabrın 27-də ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə az zaman qalsa da, bələdiyyələrə maraq kifayət qədər deyil.

Bələdiyyələrə marağın az olması bir sıra səbəblərlə izah edilir. Bələdiyyələrin maliyyə problemi, səlahiyyətlərinin olmaması, icra strukturlarından asılı qurum olduğu üçün seçkilərə marağın az olduğu iddia olunur. Səslənən iddialarla bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvü Tahir Rzayev “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

-Tahir bəy, bələdiyyələrə marağın az olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir, səlahiyyətsiz qurum olduğu deyilir. Sizcə bələdiyyələrin səlahiyyətləri yetərincədirmi?

-Bugünkü qanunlar, əsasnamələr, qərarlar ki var, bütün bunlar bələdiyyələrin normal fəaliyyəti üçün imkan yaradır və onlara səlahiyyət verilib.

-Bələdiyyələr icra orqanlarından asılıdırmı?

-Bələdiyyələrin icra orqanlarından asılılıq məsələsini qəbul etmirəm. Çünki icra orqanlarının və bələdiyyələrin ayrı əsasnamələri var və onun əsasında fəaliyyət göstərirlər. Bu asılılıq deyil. Burada qarşılıqlı, müştərək iş var. Məsələn, bələdiyyə hansısa icra strukturu, digər müvafiq qurumla əlaqələri işləyirsə, bu ümumi işin xeyrinədir. Deyirlər ki, bələdiyyələrin səlahiyyətləri əlindən alınıb. Əslində isə, alınmayıb. Ona görə alınmayıb ki, artıq bələdiyyələr öz büdcəsini özləri formalaşdırır və sərbəst şəkildə büdcədən istifadə etməyə qadirdirlər. Bələdiyyələr hər il öz büdcələrini təsdiq edir, işlərin gedişi ilə bağlı hesabat verir. İcra orqanları müvafiq olaraq yerli hakimiyyət orqanı kimi bələdiyyələrə müəyyən istiqamət verə bilir. Müəyyən işlərin görülməsində, qanunvericiliyin qorunmasında icra orqanları bələdiyyələrə istiqamət verir. Əslində, bu, pis hal deyil, bütün ölkələrdə belədir. Bütün ölkələrdə bələdiyyələrin fəaliyyətinə nəzarət var. Məsələn, ən demokratik ölkə hesab olunan Norveçdə bələdiyyələri idarə edən Nazirlik var. Digər yerlərdə böyük komitələr var ki, bələdiyyələrə nəzarət edir. Həmin qurumlar bələdiyyə qanunvericiliyi əgər pozursa, qoyulmuş tələblərə cavab vermirsə, bələdiyyələr haqqında tədbir görürlər. Azərbaycanda icra qurumları bələdiyyələrin üzərində nəzarəti artıranda, müəyyən məsələlərə müdaxilə edəndə, deyirlər ki, bələdiyyələr icra orqanlarından asılıdır. Bələdiyyələr var ki, hazırda sərbəst iş görür. Heç bir icra orqanı da onun işinə qarışmır. Amma qarşılıqlı işlər var ki, onu birlikdə icra edirlər. Bələdiyyələrin problemi bu deyil.

-Bəs bələdiyyələrin problemi nədir?

-Son dövrlər qəbul edilən bütün əsas sosial, ictimai, təsərrüfat həyat ilə əlaqədar qanunlarda bələdiyyələrə müəyyən səlahiyyətlər verilib. “Təhsil”, “Bədən tərbiyəsi və idman”, “Şəhərsalma”, “Ekoloji tarazlığın qorunması”, “Kənd təsərrüfatının inkişafı” və digər mühim qanunlarda bələdiyyələrə müəyyən səlahiyyətlər verilib ki, istehsal sahələri yaratsınlar, məktəblər, bağçalar açsınlar. Ancaq bələdiyyələr buna təşəbbüs göstərmir. Əgər bu təşəbbüs yoxdursa, bu, asılılıq deyil. Bələdiyyələrin müəyyən vəsaiti varsa, getsin, uşaq bağçası tiksin. İcra başçısı və ya orqanları buna narazılıq edər? Bələdiyyə idman tədbiri həyata keçirsə, buna kim narazılıq edə bilər? Məsələn, bir neçə gün əvvəl Ağcabədidə böyük bir idman tədbiri keçirildi. Həmin tədbirdə bələdiyyələr də aktiv iştirk etdilər. Bunun nəyi pisdir? Biz birgə işi qurmağı bacarmırıq. Bütün ölkələrdə bələdiyyələr müvafiq orqanlarla öz qanunları çərçivəsində əlaqə qurub işləyirlər. Bizdə bələdiyyələrdə təşəbbüskarlıq yoxdur, deyirlər asılılıqdır.

-Bələdiyyələrin maliyyə problemi varmı? Varsa, onu necə həll etmək olar?

-Bələdiyyələrə səlahiyyət yaradılıb ki, özlərində olan torpaqlardan səmərəli istifadə etsinlər. Artıq kənd təsərrüfatının inkişafı üçün yerlərdə şərait yaradılıb. Bələdiyyələr də getsin, öz torpaqlarına pambıq əksin. Adamları səfərbər etsin, bələdiyyə təsərrüfatı yaratsın və pambıqçılığı inkişaf etdirsin. Bələdiyyə baramaçılıqla məşğul ola, taxılçılıqla, üzümçülüklə məşğul ola bilər. Buna qanun imkan verir, amma bələdiyyələrdə təşəbbüs yoxdur. Şəhərdə bu gün uşaq baxçalarına ciddi ehtiyac var. Amma bir-iki bələdiyyədən başqa heç kim bu məsələ ilə məşğul olmayıb. Şəhər bələdiyyələrinin imkanı var, getsin 30-40 nəfərlik uşaq bağçaları tiksin.

-Seçicilər bələdiyyələrə niyə işlək qurum kimi baxmır?

-Bələdiyyə-vətəndaş münasibətində bir süstlük var. Bələdiyyələr vətəndaşlarla lazımı əlaqəli şəkildə işləyə bilmirlər. Vətəndaşlar özləri də bələdiyyələrə müəyyən qaydada yardım etmir, onların işləri ilə maraqlanmırlar. Qanunda var ki, bələdiyyələr seçildikdən sonra hər bir vətəndaş bələdiyyənin fəaliyyəti ilə maraqlana bilər. Ondan maliyyənin xərclənməsi, gördüyü işlərlə bağlı məlumat ala bilər. Ancaq bizdə bu məsələdə ciddi problem var. Bələdiyyə nə ilə yaşamalıdır? Torpaq vergisi yığmalı, mədən vergisindən gəlir əldə etməli, özünün müəssisəsi varsa, mənfəət vergisindən gəlir götürməlidir. Ancaq baxırıq ki, getdikcə bələdiyyələrin yığdığı vergi azalır. Amma əmlak çoxalıb, torpaqdan istifadələr artıb, amma təşəbbüs yoxdur, əlaqə zəifdir deyə, insanlar öz vergilərini vermir. Bələdiyyələr insanlara kömək etmir, əlaqəli işləmir deyə, onlar da bələdiyyələrə müəyyən etimad göstərmir. Əsas problem bundadır. Xarici təcrübədə isə vətəndaş bələdiyyəni seçdikdən sonra müntəzəm olaraq onun işi ilə maraqlanır, onun işində iştirak edir. Sahibkarlar uşaq bağçalarının tikilməsində, müəssisənin açılmasında bələdiyyəyə yardım göstərir. Amma bizdə təəssüflər olsun ki, elə sahibkar var, özü üçün bələdiyyənin ərazisində böyük müəssisə yaradıb, amma torpaq vergisi verməkdən imtina edir. Restoranlar, istirahət mərkəzləri və digər iaşə obyektləri bələdiyyələrə vergi verməlidir. Ancaq bundan imtina edirlər, çox hallarda ciddi mübahisələr yaranır. Əgər bələdiyyənin vəsaiti olsa, o, müəyyən asılılıqdan qurtarar, özü öz vəsaiti hesabına işlər görər.

Vilayət Muxtar
Cebhe.info

 

 

Mənbə: cebhe.info