Amulsar Paşinyan hakimiyyətini çarəsiz durumda buraxıb - partiyalar parçalanıb, cəmiyyət üzə durub, xarici investisiya tam kəsilmək durumunda...

Amulsar Paşinyan hakimiyyətini çarəsiz durumda buraxıb - partiyalar parçalanıb, cəmiyyət üzə durub, xarici investisiya tam kəsilmək durumunda...

Amulsar problemi Paşinyan hakimiyyətini olduqca çətin duruma salıb. Ermənistan mətbuatında məhz bununla bağlı son bir ay ərzində baş verən hadisələr sadalanıb. Həmin siyahıdan görünür ki, hakimiyyət yaranmış problemlə bağlı hansı addımları atacağını proqnozlaşdıra bilmir.

13 avqusta Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev Ermənistana səfər edib və bundan sonra Paşinyanın bir köməkçisi və məsləhətçisi işdən çıxarılıb. Hər iki şəxs xarici iqtisadi məsələləri kurasiya edirmiş.

15 avqustda Ermənistan istinaq qurumunun rəhbəri Ayk Qriqoryan Amulsarla bağlı beynəlxalq ekspert qrupunun yekun rəyini təqdim edib. Orada bildirilir ki, Amulsar ekologiya üçün heç bir problem yaratmır.

19 avqustda Paşinyan bir saat yarımlıq çıxışında Amulsarın istismarına icazə verilməsini xahiş edib və bildirib ki, bunun ekolgiyaya mənfi təsiri olmayacaq.

21 avqustda Baş nazirin aparatı ətraf mühitin mühafizəsi nazirliyinə yenidən müraciət edib ki, Amulsarın ətarf mühitə ziyan vurub-vurmamasına rəy verilsin.

23 avqustda Paşinyan şəxsən Cermuka gedib ki, bu problemi ətrafdakı yerli əhali ilə müzakirə etsin. Orada yerli əhali Baş naziri etiraz aksiyası ilə qarşılayıb.

24 avqustda İrəvanda “Amulsar dağ olaraq qalsın” adlı etiraz yürüşü təşkil olunub.

27 avqustdan sonra isə gedişat bir qədər dəyişib.

28 avqustda Paşinyan keçirdiyi videkonfransda bildirib ki, vəziyyət yeni yanaşma və qiymətləndirmənin ortaya qoyulmasını tələb edir.

29 avqustda “Lidian” yaranmış vəziyyətdən təəssüfləndiyini ifadə edən bəyanat yaydı.

2 sentyabrda ABŞ-da fəaliyyət göstərən Erməni Ticarət Palatası bəyanat yayaraq, Amulsarın istismarına başlamağa çağırış etdi.

Sentyabrın 5-də Ermənistanın milliyyətçi partiyası olan “Sosna-Tsrer” Paşinyanla görüş keçirib. Görüşdən sonra partiyanın rəsmisi bildirib ki, onlar Baş nazirə xəbərdarlıq ediblər. Məğzi də budur ki, Amulsarda işlərə icvazə verilsə, ilk etirazı onlar edəcəklər.

Qeyd edək ki, Amulsarda işlərin dayandırılmasını yalnız müxaliflər deyil, həm də Paşinyanın öz partiyası tələb edir. Prosesin gedişi nə vəd edir?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda Amulsar ətrafında yaranan narazılıq daha şiddətlə davam edir: “Sizinlə daha öncə bu fonda proseslərin həmin ölkənin parlamentini parçalaması və yeni parlamentdə Paşinyanı dəstəkləyən fraksiyaların belə bu məsələdə Baş nazirin mövqeyi ilə razılaşmaması və bunun ölkədə parlament böhranının yarana biləcəyinə gətirib çıxaracağına dair fikirləri bölüşmüşdük. Bilirik ki, Ermənistanda son parlament seçkiləri inqilab sonrası Paşinyana loyal çoxluğun, xüsusilə müxtəlif iqtisadi qrupların təmsilçiliyi ilə nəticələndi.

Paşinyanın istər komandası, istərsə də parlamentdə idarəçilik siyasəti əsasında qruplar arasında balans manevri durur, bu isə belə işlərdə təcrübəsiz Paşinyan üçün çox da asanlıqla alınmır və artıq bir neçə aydır Baş nazirin bu balansa nəzarət edə bilməməsi aydın sezilir.

Hələ İrəvan küçələrində etirazlara rəhbərlik edən Nikol Paşinyanın həyat yoldaşı tərəfindən ölkədə maraqları və gözləntiləri olan transmilli korporasiyaların nümayəndələri ilə görüşləri və götürdükləri öhdəlikləri mövcuddur.

Paşinyanın seçki kampaniyası ərəfəsi komandasının sıx kontaktda olduğu biznes dairələr və onlarla razılaşmalar mövcuddur. Bunlardan biri “Lidian Armenia” şirkətidir və bu şirkət Amulsar qızıl yataqlarına 2016-cı və 2019-cu illərdə 400 milyona yaxın maliyyə yatırıb.

Bu şirkətlə yeni hökumət Amulsar dağındakı qızıl yatağının işlənməsi ilə bağlı çərçivə razılaşma sənədi imzalayıb. Müqavilənin şərtlərinə görə, Ermənistan hökuməti şirkətlə danışıqları ləğv edəcəyi halda, şirkətin investisiya formasında yatırdığı 400 milyon dollarlıq maliyyədən kənarda həm də 700 milyon dollar cərimə ödəməlidir. Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət olunacağı halda bu məbləğ daha çox olacaq. Bu isə o deməkdir ki, Ermənistanı da bu günlərdə Qərbi Afrika ölkəsi Nigeriyanın aqibəti gözləyir. Xatırladım ki, Nigeriya da qaz yataqlarının işlənməsi ilə bağlı İngiltərə şirkəti ilə ləğv etdiyi sazişə görə Arbitraj Məhkəməsi tərəfindən 9 milyard dollar cərimə edilmişdi.

İndi Ermənistan hökuməti bu ssenarinin astanasındadır və cərimənin tətbiqi kiçik büdcəli Ermənistan üçün defolt təhlükəsi yaratması və ölkənin bu yükün altından çətinliklə çıxacağı aydındır”.

Yeganə Hacıyevanın sözlərinə görə, siyasi hakimiyyətin Amulsarın fəaliyyətə başlamasının işsizliyin azalmasına kömək edəcəyi, sosial-iqtisadi vəziyyətin güclənməsinə xidmət edəcəyi təbliğatı, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin isə bunun əksi olan təbliğatı mövcuddur: “Müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühit və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədirlər.

Paralel olaraq proseslər xalqın istəyinin təmin edilməsi məqsədilə referendumun keçirilməsi barədə çağırış edən siyasi qrupların tələbləri ilə gərginləşir, bu çağırışın aktiv təşəbbüsçüsü yarımhərbi “Daşnaksütyun” partiyasıdır. Layihənin parlamentdə səsə qoyulması kimi təşəbbüslər ölkənin ən böyük partiyası olan hakim “Mənim addımım” alyansı daxilində parçalanmaya səbəb olması kimi proseslərlə nəticələnəcəyi gözləniləndir. Ölkənin ən böyük partiyası olan müxalif “Çiçəklənən Ermənistan” partiyası isə ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulayıb və aksiyaçılara qoşulan partiyanın lideri Naira Zöhrabyan, əhalinin etirazı olacağı təqdirdə, Amulsar qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləyib. Parlamentin digər qrupu olan “İşıqlı Ermənistan” partiyası isə, digərlərindən fərqli olaraq, radikal davranmayıb və əhalinin narahatlığını bölüşdüyünü qeyd edib.

Paşinyan hökumətinin “Lidian Armenia” şirkətini haqlı mövqeyindən çəkindirmək istiqamətində addım kimi şirkətin lisenziyasını ləğv edəcəyi haqda fikirlərinə gəlsək, bu, ABŞ-Ermənistan, Böyük Britaniya münasibətlərinə xələl gətirəcək və xarici investorları qorxudacaq. Bu isə uzunmüddətli perspektivdə Ermənistan üçün ağır nəticələr verəcək”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com