Ziya Zakir Acar: Azərbaycanın işğal olunmuş ərazilərindəki saxta “seçkilər” sülh danışıqlarını pozmaq cəhdidir

Ziya Zakir Acar: Azərbaycanın işğal olunmuş ərazilərindəki saxta “seçkilər” sülh danışıqlarını pozmaq cəhdidir

Ankara, 11 sentyabr, AZƏRTAC

Ermənistan hakimiyyətinin siyasi etikadan kənar davranışları dünyadakı ikili standartların nəticəsidir. Bu vəziyyət regiondakı gərginliyi daim artırır və bunun belə davam etməsi mümkünsüzdür.

Bu fikri AZƏRTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar söyləyib. O bildirib ki, sentyabrın 8-də Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkiləri”nin keçirilməsi Ermənistan dövlətinin işğalçılıq siyasətinin mahiyyətini əks etdirir. Əgər dünyada ikili standartlar olmasaydı təcavüzkar Ermənistan bu günədək işğalçılıq siyasətini həyata keçirə bilməzdi. Sözügedən “seçkilər” Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın cəhd etdiyi sülh danışıqlarını pozmaq üçün ortaya atılmış iyrənc bir mövzudur.

Dərnək sədri qeyd edib ki, Azərbaycanın və Türkiyənin qardaşlıq münasibətlərinin inkişafı tarixi əhəmiyyət daşıyır. Dövlətlərimiz güclərini birlikdə daim yüksəltməklə bölgədə sülhün və əmin-amanlığın təmin edilməsi istiqamətində səylərini davam etdirməlidirlər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az