KREML İLƏ RUS CƏMİYYƏTİ ARASINDA DƏRİN VƏ DAVAMLI PARÇALANMA YARANIB

“Bazar günü baş tutan bələdiyyə seçkilərinin Rusiya hökuməti üçün faciəvi nəticələrini yalnız aşağıdakı şəkildə təsvir etmək olar: termometri sındırmaqla temperaturu aşağı salmaq mümkün deyil. İş orasındadır ki, Kreml müxalifətçi namizədlərə paytaxt seçkilərində iştirak etməyə mane olmaqla Moskva sakinlərinin narazılığının öhdəsindən gəlməkdənsə, əksinə, onu artırıb”, - “Le Monde” nəşrinin müxbiri Benua Vitkin (Benoit Viktin) yazır.

“Hələlik xəbərdarlıq elə də ciddi olmayıb. Hakimiyyətin paytaxtda itirdiyi 19 dairədə elə insanlar qalib gəlib ki, onlarla razılığa gəlmək mümkün olacaq. Kommunistlər yerli səviyyədə Kremllə rəqabət apara, hətta bu və ya başqa sosial məsələ ilə əlaqədar ona narazılığını bildirə bilər, ancaq əsas məsələdə - hakimiyyət bölgüsü, iqtisadi renta, həmçinin əsas strateji qərarlarda ona sadiqdir”, - məqalədə deyilir.

“Mesajın son dərəcə aydın olmasına baxmayaraq, Kreml ona qulaq asmaya bilər. Dövlət hakimiyyətinin zirvəsində vətəndaş cəmiyyətinin əhval-ruhiyyəsini ən yaxşı başa düşən liberallar klanı ağır günlərdən keçir”, - Vitkin qeyd edir.

“R.Politik” ekspert qrupundan olan Tatyana Stanovayanın sözlərinə görə, Putin yay etirazları haqqında birbaşa FTX rəhbəri Aleksandr Bortnikov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdən informasiya alıb. Onlar nümayişləri Qərbdən idarə olunan, paytaxtın düz mərkəzində “rəngli inqilab”, yeni “Maydan” cəhdi kimi təqdim ediblər. Hal-hazırda onların buna inanıb inanması elə də vacib deyil (sui-qəsd ritorikası yüksək hakim eşelonu çoxdan zəhərləyib), çünki Kreml nəticədə dialoqu deyil, repressiyanı seçib. İyul və avqustdakı həbslərin, təzyiqlərin ardınca sentyabrda məhkəmə hökmləri gəlib.

Uzun illər siyasi icmalçılar Kreml ilə cəmiyyətin münasibətlərini onlar arasında əldə olunmuş “pakt” kimi təsvir ediblər. Ən effektiv və ardıcıl “pakt” 2000-ci illərin sonlarınadək davam edib. Kremlin əhaliyə, ilk növbədə, orta sinfə mesajı belə olub: “Ölkəni idarə etməyimizə icazə verin, siyasi hüquqlarınızın bir hissəsindən imtina edin və əvəzində sizə varlı olmağa, səyahət etməyə, qərb tərzində həyat sürməyə şərait yaradacağıq”.

Kremlin fikrincə, paktı orta sinif pozub. 2011-2012-ci illərdə parlament seçkilərində yaşanan kütləvi saxtakarlığa və Putinin Medvedyevin tutduğu prezident kreslosuna geri qayıtmasına qarşı keçirilən qış nümayişləri siyasətə kafir müdaxiləsi və Putinin sabitliyinə zərbə kimi qəbul edilib.

Məqalə müəllifi qeyd edir ki, bu gün bütün bunlardan yalnız dağıntılar qalıb. 2014-cü ildən alıcılıq qabiliyyəti aşağı düşməyə davam edir (təxminən 12%), siyasi hüquqlar (o cümlədən internetdə) daha çox məhdudlaşdırılıb və keçmişdə Ukraynanın eyforiyaya (Krım ilhaqı halında) və ya qəzəbə (Donbas müharibəsi ilə əlaqədar) səbəb olduğu kimi daha heç bir beynəlxalq problem əhalini cəlb etmir. Orta sinif kənara çəkilib, iqtidar isə sırf pensiyaçılar və dövlət qulluqçularına müraciət edir.

Vitkin bu uçurumun Vladimir Putinin sonuncu səlahiyyət müddətinin başa çatdığı 2024-cü ilədək yox olacağını düşünmür. Dövlət başçısının seçimi necə olacaq? O, hakimiyyətdən getmək qərarı verəcək və bununla da qaçılmaz klan mübarizəsinə səbəb olacaq, yoxsa Konstitusiyaya məhəl qoymadan hakimiyyətdə qalacaq? Onun seçimindən asılı olmayaraq, deyəsən, yuxarılarla aşağıdakılar arasında parçalanma ciddi və uzunmüddətli olacaq.

Xpressa.net

ƏVVƏLKİ XƏBƏR

“Türkiyənin NATO-da qalıb-qalmayacağı məsələsi gündəmdədir” – EKSPERT

SONRAKI XƏBƏR

Övladları birinci sinfə gedəcək valideynlərə 7 məsləhət