Fransanın ermənipərəst üzü yenidən göründü – bir qrup deputat erməni pulları ilə Qarabağda...

Fransanın ermənipərəst üzü yenidən göründü – bir qrup deputat erməni pulları ilə Qarabağda...

Fransa parlamentarilərindən ibarət nümayəndə heyəti sentyabrın 10-da Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Fransız parlamentariləri Xankəndinin girişində qondarma separatçı rejimin qanunsuz və saxta “parlamenti”nin “sədr müavini” Vaqram Balayan qarşılayıb.

Səfər çərçivəsində işğal olunmuş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin nümayəndələri ilə görüşlərə start verilib. Fransa parlamentinin deputatı Gay Tessier Xankəndidə Qarabağdakı separatçıların nümayəndəsi Aşot Qulyanla görüşüb. Görüşdən sonra tərəflər Xankəndidə Qarabağ və Fransa şəhərləri arasında əməkdaşlığa dair qoyulmuş “dostluq lövhəsi”nin açılışında iştirak ediblər.

Bu, Fransa qanunverici orqanının deputatlarının Azərbaycan tərəfinin razılığı olmadan işğal olunmuş Azərbaycan ərazilərinə ilk qanunsuz səfəri deyil. Bir sıra fransalı deputatlar Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına daxil ediliblər. Görünən odur ki, Fransadakı erməni lobbisi öz maliyyə imkanlarından istifadə edərək, yenidən bir neçə parlament üzvünü öz oyunlarına alət etməyə başlayıb. Bu da narahatlıq doğurmaya bilməz. Ən azından ona görə ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir.

Ramil Hüseynov: “Fransadan buna görə izahat tələb edilməlidir”

Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Dağlıq Qarabağ ərazisinə bu cür qanunsuz səfərlər Azərbaycan-Fransa münasibətlərinin bugünkü perspektivlərinə kölgə salır: “Nəzərə almaq lazımdır ki, son illər Azərbaycan-Fransa əlaqələri xeyli inkişaf edib. Siyasi əlaqələrlə yanaşı, iqtisadi əlaqələr də inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi artır. Fransa şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə maraq göstərirlər. Ən başlıcası isə, Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi funksiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun 3 həmsədr dövlətindən biridir. Həmsədrlik institutunda təmsil olunan ölkə bu kimi məsələlərə diqqət etməlidir. Düzdür, hansısa deputatın Qarabağa səfəri rəsmi Parisin mövqeyi demək deyil. Ancaq, hər halda, belə hallar yolverilməzdir. Bütün bunlar, nəticə etibarilə, Fransanın həmsədr kimi qərəzsiz, obyektiv mövqeyinə çox böyük kölgə salır. Heç şübhəsiz ki, bu addım beynəlxalq hüquq normalarının prinsiplərinə, eləcə də Fransa qanunvericiliyinin tələblərinə ziddir. Parlamentarilərin separatçı rejimə belə qanunsuz səfərləri Fransanın müəyyən etdiyi davranış tələbləri ilə ziddiyyət təşkil edir. Hesab edirəm ki, bununla əlaqədar Fransaya nota verilməlidir. Eyni zamanda, Fransadan buna görə izahat tələb edilməlidir”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com