Putindən Paşinyana ikinci zərbə və təhqiramiz cavab – “Köçəryanla həbsdə görüşsə, ehtiyatlı olsun ki, arxasınca qapını bağlamasınlar...”

Putindən Paşinyana ikinci zərbə və təhqiramiz cavab – “Köçəryanla həbsdə görüşsə, ehtiyatlı olsun ki, arxasınca qapını bağlamasınlar...”

Ermənistanın sabiq prezidenti Robert Köçəryan ətrafında baş verənlər və Rusiyanın buna münasibəti getdikcə daha maraqlı xarakter almağa başlayır. Belə görünür ki, yaxın tezlikdə Köçəryan amili Nikol Paşinyan iqtidarı üçün ciddi başağırısına çevriləcək. İndilikdə sabiq prezidentin ətrafında yer alan qüvvələr ölkə daxilində çoxsaylı etiraz aksiyaları keçirməklə bu istiqamətdə Paşinyana təsir göstərəmyə çalışır. Erməni mediası yazır ki, Köçəryan artıq tərəfdaşlarını yenidən hakimiyyətə qarşı səfərbər edir.

Xatırladaq ki, Köçəryan məsələsi Ermənistan hakimiyyəti daxilində də ciddi ziddiyyətə səbəb olub. Belə ki, Ermənistanda Konstitusiya Məhkəməsi keçmiş prezidentin həbsinin qanunsuz olduğu barədə hökm verib. Bundan sonra onun vəkilləri Köçəryanın dərhal azad olunmalı olduğunu bildiriblər. Konstitusiya Məhkəməsinin qərarında bildirilir ki, Köçəryana qarşı cinayət işinin açılmasına əsas götürülmüş hərəkətlər onun prezident kimi səlahiyyətlərinin tələbindən doğurdu. Amma Ermənistanın Baş Prokurorluğu bu qərara qarşı çıxır. Qurum bəyan edib ki, Konstitusiya Məhkəməsinin qərarı keçmiş prezidentə qarşı cinayət işinə xitam verilməsi üçün əsas sayıla bilməz. Ermənistan Baş Prokurorluğu onu da bildirib ki, eks-prezidentin hərəkətlərinin qanuna uyğunluğu məsələsini yalnız müstəntiqlər və prokurorluq müəyyənləşdirə, məhkəmə isə qərar çıxara bilər. Baş Prokurorluq bildirib ki, Köçəryanın 2008-ci ilin martında yol verdiyi hərəkət onun prezident kimi statusundan qaynaqlanmırdı. Başqa sözlərlə, Konstituiya Məhkəməsinin keçmiş prezidentə bəraət vermək hüququ yoxdur. Amma Köçəryanın vəkili Ovannes Xodoyan prokurorluğu Konstitusiya Məhkəməsinin qərarını diqqətlə oxumağa və onu yarımçıq şərh etməməyə çağırıb. Ölkənin ədliyyə naziri Rüstəm Badasyan birmənalı olaraq bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı əsasında o, həbsdən azad edilə bilməz. Nazir iddia edib ki, qərarın müzakirəsi şəraiti şübhəlidir.

Belə ziddiyət Köçəryanın tərəfdarlarının Ermənistan daxilində mövcud iqtidara qarşı fəallaşmasına və çoxsaylı etiraz aksiyaları keçirməsinə səbəb olub. Onların fəallaşmasına Rusiya amili də getdikcə əhəmiyyətli təsir göstərir. Xüsusən də son dövrlər Rusiya prezidenti Vladimir Putinin bu məsələyə xüsusi diqqət ayırması Köçəryan tərəfdarlarının ümidini artırıb. Məsələ ətrafında isə gələn aya qədər mühüm yeniliklərin olması gözlənir.

Xatırladaq ki, oktyabrın 1-də İrəvanda Avrasiya İqtisadi Birliyinin sammiti baş tutmalı və Rusiya prezidenti də bu sammitdə iştirak etməlidir. Amma Köçəryan üzündən Vladimir Putinin Ermənistana gəlib-gəlməyəcəyi dəqiq bilinmir. Yayılan məlumatlara görə, Vladimir Putin Ermənistan hökuməti qarşısında tələb qoyub ki, Ermənistana gələcəyi təqdirdə mütləq Robert Köçəryana baş çəkməlidir. Amma İrəvan bu tələbi yerinə yetirmək istəmir. Bu fonda qeyd edilir ki, Putin hazırkı vəziyyətdə Ermənistana gəlməməyə qərar verib. Ermənistan parlamentinin Daimi Xarici Əlaqələr Komissiyasının üzvü Şirak Torosyan qeyd edib ki, sammitlərdə dövlət başçıları iştirak edir, lakin bu mütləq deyil: “Sammitdə prezident tərəfindən səlahiyyət verilmiş şəxs də iştirak edə bilər. Bunu oktyabrın 1-də görəcəyik”. Bildirilir ki, Putinin Ermənistana gəlib-gəlməyəcəyi hələlik Ermənistan hakimiyyət dairələrində müəmma olaraq qalır.

Bundan əvvəl Ermənistanın “Past” qəzeti də Putinin payızda Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etmək üçün İrəvana səfəri zamanı həbsdə olan eks-prezident Robert Köçəryanla görüşmək istədiyini yazıb. Qəzet iddia edib ki, Rusiya tərəfi Putinin həbsxanada Köçəryanı ziyarət etməsi üçün müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edib. Qəzetin yazdığına görə, erməni tərəfi bu tələbi rədd edib, nəticədə Moskva sammitin İrəvanda keçirilməsinin təxirə salınmasını və başqa üzv ölkənin paytaxtına təyin edilməsini də nəzərdən keçirir.

Xatırladaq ki, bu məsələyə “Məlumatlı vətəndaşlar ittifaqı” adlı QHT-nin lideri, Soros fondundan və digər Qərb institutlarından maliyyələşən və Paşinyanın “məxməri inqilabı”ına fəal dəstək verən Daniel İoannisyan özünün “Facebook“ səhifəsində münasibət bildirib. İoannesyan yazıb ki, Putin Köçəryanın yanına həbsxanaya getmək istəyirsə öz işidir, amma gərək ehtiyatlı ola. Çünki “qapı arxadan bağlana” bilər: “Vladimir Putin Robert Köçəryanla həbsxanada görüşmək istəyirsə, ehtiyatlı olsun ki, qapını arxasınca bağlamasınlar”. Paşinyanın tərəfdaşının bu təhqiramiz mesajı Rusiya mediasında geniş tirajlanıb. Ermənistanın Ədliyyə Nazirliyi isə bildirir ki, Rusiya tərəfindən prezident Putinin İrəvana planlaşdırılan səfəri zamanı həbsxanaya baş çəkmək istəyi barədə heç bir sorğu almayıb. Amma görünən budur ki, Paşinyan Köçəryanı həbsdə saxlamaqla Moskvaya qarşı çıxış edən, özünü onun təzyiqlərinə müqavimət göstərən kimi aparır. “1in.am” saytı isə bunun Ermənistana baha başa gələ biləcəyini yazır: “Rusiyanın məmurları və yarırəsmi dairələri, o cümlədən erməniyönlü ekspertlər Ermənistana qarşı ənənəvi siyasət irəli sürürlər. Nikol Paşinyan hökuməti üçün Robert Köçəryanın həbsdə saxlanıb 2008-ci ilin mart hadisələrinə görə cəzalandırılması təkcə suverenliklə bağlı deyil, prinsipial məsələdir. Çünki bu həbs onu hakimiyyətə gətirən başlıca amillərdəndir. Amma Rusiya amilinin işə qarışması Paşinyan üçün müsbət nəsə vəd etmir. İstisna olunmur ki, gələn aya kimi bu məsələ həllini tapmasa, Rusiyanın Ermənistana genişmiqyaslı təzyiqlər dalğasının işə düşməsini gözləmək olar. Bu isə Ermənistanın əhəmiyyətli dərəcədə zəifləməsi deməkdir”.

İndi Ermənistanda böyük həsrətlə Putinin gələn ay Avrasiya İqtisadi Birlyinin sammitinə qatılıb-qatılmayacağını gözləyirlər. Xatırladaq ki, Vladimir Putin ötən ilin payızında Ermənistandakı hakimiyyətin yürütdüyü siyasətə etiraz olaraq İrəvana səfərini təxirə saldı. Bu, Moskvanın Paşinyan hökumətinə etimad etmədiyinin nümunəsi idi. Bu dəfə də Rusiya prezidentinin analoji addım atması gözlənir. Putinin Köçəryanın həbsdə qalmasına, deməli, Rusiyayönlülərin fəaliyyətinə göz yumub İrəvana səfər etməsi inandırıcı sayılmır.

Nahid SALAYEV

Mənbə: www.baki-xeber.com