ABŞ Konqresinin 29 üzvü “xarici agentlər” qanununu geri çəkmək üçün Kobaxidzeyə açıq məktub ünvanlayıb

ABŞ Konqresinin 29 üzvü “xarici agentlər” qanununu geri çəkmək üçün Kobaxidzeyə açıq məktub ünvanlayıb

ABŞ Konqresinin 29 üzvü Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə “xarici agentlər” qanununun geri çəkilməsi tələbi ilə açıq məktub ünvanlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, müraciətdə Gürcüstan hökumətinin bir il əvvəl geri çəkdiyi qanun layihəsini yenidən təqdim etməsindən dərin narahatlıq ifadə olunub.

Qeyd olunub ki, bu qanun layihəsi 2009-cu ildə Rusiyanın Gürcüstanı işğal etməsindən aylar sonra imzalanmış ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq Xartiyasına, həmçinin hökumətin transatlantik ictimaiyyətə inteqrasiya istəklərinə əsaslı surətdə ziddir.

“Biz bu zərərli qanun layihəsini bir daha geri çəkməsi üçün sizin hökumətinizə şiddətli çağırış edirik. “Xarici agentlər” qanununun aydın bəhanəsi Gürcüstan xalqı ilə yanaşı onların onillərdir transatlantik inteqrasiyasının dəstəklənməsi üçün işləyən tərəfdaşlar üzərində nəzarət həyata keçirməkdir. Sadə dillə desək, bu qanun layihəsinin qəbul edilməsi Qərbdə gələcəyini axtaran Gürcüstan xalqının iradəsini baltalayacaq”, - məktubda qeyd olunub.

Konqresmenlər qanun layihəsinin ABŞ qanunvericiliyi modeli əsasında hazırlanmasına dair iddiaları rədd etdiklərini, qanun layihəsinin 2012-ci ildə Rusiyada qəbul edilmiş “xarici agentlər” qanunu ilə bənzərliklərə malik olduğunu qeyd ediblər.

Məktubda həmçinin Gürcüstanın sabiq Baş naziri, hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin aprelin 29-da parlament binası qarşısında keçirilmiş mitinqdəki çıxışlarından dərin narahatlıq ifadə olunub.

Konqresmenlər rusiyalı ideoloq Aleksander Duqinin proseslərlə əlaqədar “Gürcüstan doğru yoldadır” deməsini, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun qanun layihəsini dəstəkləməsini xatırladıblar.

Mənbə: apa.az