TÜRKMƏNİSTANDA İT KİMİ YAŞAMAQ

TÜRKMƏNİSTANDA İT KİMİ YAŞAMAQ

Prezident Qurbanqulu Berdıməhəmmədov Türkmənistanın problemlərinə görə həmişə Nazirlər Kabinetindən olan sadiq yaltaqları günahlandırır. Lakin ictimai həbslər nadir halda baş verir.

Amandur İşanov Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri postundan uzaqlaşdırıldıqdan 9 gün sonra yenidən dövlət televiziyasında görünüb. Xeyr, o, yeni vəzifəyə təyin edilməyib, sadəcə publik şəkildə korrupsiya ittihamlarını etiraf edib. Bəyanatın məcbur verildiyini göstərən bütün əlamətlər olub. “Tövbə edən” yeganə şəxs İşanov olmayıb. Biznesmen Çarıməhəmməd Kulakov da ağlaya-ağlaya korrupsiya əməllərini etiraf edib. Hər ikisi həbs cəzasına məhkum edilib. Ancaq həbs müddəti elan edilməyib. Bu barədə “Eurasianet.org” saytında işıq üzü görən redaksiya məqaləsində deyilir.

Həmçinin guya rüşvət alan Dövlət Məhsul-Xam Mal Birjası və Türkmənbaşıda neft emalı zavodlarının keçmiş rəhbərləri və tekstil sənayesinin sabiq məmuru da ittiham edilib.

Prezident Qurbanqulu Berdıməhəmmədov daim ölkənin problemlərində Nazirlər Kabinetindən olan sadiq yaltaqları, habelə başqa yüksək vəzifəli məmurları günahlandırır, tez-tez onlara ictimai töhmət verir. Belə ki, sentyabrın 13-ü vitse-baş nazir Çarı Qılıcov “şiddətli töhmət” alıb. Amma son vaxtlar ictimai həbslər azalıb. Hökumət elita arasında rüşvətxor fəaliyyətin ictimai müzakirəsindən qaçmağa çalışır.

Niderlandda yerləşən “Turkmen.news” veb-saytı anonim mənbəyə istinadla xəbər verir ki, Aşqabadın ən nüfuzlu sahibkarlarından biri Kulov biznes çevrələrdə və türkmən elitası arasında yüksək avtoritetinə görə Berdıməhəmmədov rejiminə təhlükə kəsb etdiyi üçün həbs edilib.

Saytın oxucuları həvəslə öz fikirlərini bildiriblər. Düzdür, bu fikirlər çox vaxt yoxlanılmamış ehtimallardan ibarət olub. Məsələn, anonim iştirakçılardan biri Kulovun biznesinin sadəcə rüşvət kanalı olduğunu qeyd edib. Həmin iştirakçının iddialarına əsasən, Kulov prezidentin mühafizə xidmətinin rəhbəri Maylis Nobatov, habelə miqrasiya xidmətinin başçısı Merqen Durdov ilə sıx əlaqə saxlayıb.

Qıtlıq, mağazaların qarşısında böyük növbələr və ərzaq məhsullarının tədarükündə yaşanan başqa ciddi problemlər haqqında hər gün məlumat daxil olur. Aşqabadın dünyanın mətbuat sahəsində ən sərt məhdudiyyətlərə məruz qalan rejimlərdən birini dəstəklədiyini nəzərə alsaq, bu cür xəbərlərin tezliyi və ardıcllığı məsələnin nə qədər ciddi hal aldığını göstərir.

Məqalədə deyilir ki, Berdıməhəmmədov böhranı yumşaltmaq üçün xarici investisiya axtarışını davam etdirir. Ancaq onun bu işdə uğurlu olduğunu söyləmək olmaz. Bu zaman korrupsiya ilə mübarizə, xüsusən Kulovun ehtimal edilən geniş əlaqələrini nəzərə alsaq, Aşqabadda qalan bir-neçə potensial investoru daha çox qorxuda bilər.

Son bir neçə ildə Türkmənistanda işləmək qərarına gələn azsaylı xarici investorlardan biri Belarusdur. İndi Belarus dövlət müəssisəsi tərəfindən inşa edilən Qarlık kalium kombinatı ilə əlaqədar məhkəmə işinə cəlb edilib. Kombinat 2007-ci ildə açılsa da, hədəf aldığı istehsal həcminin sadəcə 2,3%-nə çata bilib. Aşqabat bunun səbəbini Minskin səhlənkarlığında görür.

Sentyabrın 13-ü Berdıməhəmmədov 2020-ci ildə “Altyn asyry-2020” prezident mükafatının təsis edilməsi haqqında qərar imzalayıb. Əcnəbilər bundan sonra bəxtlərini sınayıb, mükafat ala biləcəklər. Esse, şeir, ədəbiyyat, televiziya verilişləri, teatral səhnələr, musiqi və başqa sahələr mükafatla təltif olunacaq.

Qələbə şansını artırmaq istəyən iştirakçılar ilham mənbəyi üçün Berdıməhəmmədovun geniş bədii və elmi materiallarına müraciət edə bilərlər. Nazirlər kabinetinin həftəlik iclasında prezident Türkmənistanın alabay cins itləri haqqında yeni kitabını təqdim edib. Dövlət mətbuatı bu kitab üzərində işlərin may ayından davam etdiyini bildirib. Sonra Berdıməhəmmədov itlərin keyfiyyətindən ilhama gələrək qələmə aldığı şeiri oxuyub.

Mənbə: www.xpressa.net