Prezidentin İran səfirliyində dediyinə reaksiya: “Razılaşmalara sadiqik...”

Prezidentin İran səfirliyində dediyinə reaksiya: “Razılaşmalara sadiqik...”


Tehrana yaxın olan “Mehr” agentliyi Azərbaycanla əldə olunan nəqliyyat, kommunikasiya və tranzit dəhlizləri üzrə razılaşmalar haqda məqalə dərc edib

İran hakimiyyətinə yaxın olan “Mehr” xəbər agentliyi Rəisinin faciəvi ölümündən sonra Tehranın Azərbaycanla əldə olunan nəqliyyat, kommunikasiya və tranzit dəhlizləri üzrə razılaşmalara sadiq qaldığı barədə məqalə dərc edib.

Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, məqalədə İran hərtərəfli tranzit strategiyasını, o cümlədən Azərbaycanla bir neçə birgə nəqliyyat layihəsini, o cümlədən Azərbaycan və İran arasında Araz dəhlizi adlı yeni nəqliyyat əlaqəsinin yaradılmasını irəli sürüb.

“Mehr” yazır ki, İran 2030-cu ilə qədər Azərbaycanla tranzit yükdaşımaların illik həcmini 15 milyon tona çatdırmağı planlaşdırır. Bu məqsədə, xüsusən, İran ərazisindən keçən və Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Araz dəhlizi”nin yaradılması xidmət edir.

755134_src.jpg (63 KB)

“Mehr”in məlumatına görə, Araz dəhlizi layihəsi çərçivəsində İran tərəfi öz ərazisində 107 kilometr uzunluğunda avtomobil və dəmir yolu çəkəcək. Bu layihə üçün artıq 49 milyard İran rialı kredit ayrılıb. Qeyd olunur ki, yolun bəzi hissələri artıq yekunlaşıb, lakin ümumi tikinti 36 aya başa çatdırılacaq.

“Mehr” həmçinin yazır ki, Araz dəhlizi qlobal Şərq-Qərb (və ya Şimal-Cənub) nəqliyyat dəhlizinin bir hissəsidir. Xatırladaq ki, İran ərazisində “Araz dəhlizi” Şərqi Azərbaycan vilayətinin şimalındakı Culfa şəhərindən başlayır və Azərbaycan Respublikası ilə birləşir. Ümumilikdə bu yolboyu beşi böyük olmaqla 21 körpünün tikintisi nəzərdə tutulub.
İran xəbər agentliyinin qeyd etdiyi kimi, Araz dəhlizinin ən mühüm dəmir yolu və avtomobil yol layihələrindən biri Arazla həmsərhəd çay üzərindən Ağbənd avtomobil körpüsünün tikintisidir. Rəsmi olaraq bu strateji layihənin icrasına 2023-cü ilin oktyabrında İranın yol və şəhərsalma naziri, eyni zamanda İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının rəhbəri Mehrdad Bəzrpaşın Azərbaycana səfəri zamanı başlanılıb. Açılış mərasimində Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev iştirak edib.

Ağbənd körpüsünün uzunluğu 220 metr, eni isə təxminən 25 metrdir. Bəzrpaşın sözlərinə görə, tikinti başa çatdıqdan sonra sərhəd-keçid məntəqəsindən keçə biləcək avtomobillərin sayı sutkada 1100-ə qədər artacaq. Bundan əlavə, 2023-cü ilin oktyabrında Bəzrpaş və Mustafayev avtomobil körpüsünün yanında dəmir yolu körpüsünün tikintisinə dair Anlaşma Memorandumu imzalayıblar.
Ağbənd yol körpüsünün açılışı ilə eyni vaxtda İran və Azərbaycan arasında ən böyük birgə su layihəsi olan “Qız Qalası” bəndinin tikintisinin də açılışı olub.

Digər birgə layihələr Təbriz şəhərindən 240 kilometr şimal-şərqdə yerləşən Xudafərin bəndi və yeni sərhəd terminalıdır. Bundan başqa, Astara şəhərinin sərhədində Astaraçay çayı üzərindən tikintisinə 2022-ci ilin aprelində başlanmış sərhəd körpüsü açılıb. Bu layihə çərçivəsində İran və Azərbaycan Astarada yük maşınları ilə daşımaları asanlaşdırmaq üçün ikinci tranzit körpüsünü də açıblar. “Təəssüflər olsun ki, İran nümayəndə heyətinin Araz dəhlizi layihələrinə son səfərindən sonra İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər 7 rəsmi helikopterin qəzaya uğraması nəticəsində həlak olublar. , İran xəbər agentliyi yazır.

rea.jpg (46 KB)

Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olarkən əməkdaşlıq layihələri haqda bu fikirləri demişdi: “Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir. İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”.


Musavat.com

Mənbə: musavat.com