Laçında vətəndaşlarla görüş keçirildi - Fotolar

Laçında vətəndaşlarla görüş keçirildi - Fotolar

Öz doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Dövlət Su Ehtiyatları Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayan sakinlərin işlə təmin olunması barədə müraciətlərinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, Laçın şəhərində keçirilən tədbirdə Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov bildirib ki, öz dədə-baba yurdlarına qayıdan insanların məşğulluğu əsas prioritetlərdən biridir və bununla bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Agentliyin Qarabağ Regional Sukanal İdarəsi yaradılıb. İdarənin işçi heyətinin komplektləşdirilməsi zamanı işğaldan azad olunmuş rayonların sakinlərindən daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır:

“İşə qəbulla bağlı müraciət edən insanlar əvvəllər müsabiqədə iştirak etmək üçün Bakıya dəvət olunurdular. Artıq yeni yanaşma tətbiq olunur. Agentliyin rəhbərliyinin tapşırığı ilə əməkdaşlarımız işğaldan azad olunmuş ərazilərə ezam edilir. Qərara alındı ki, Xüsusi nümayəndəlik, Dövlətqaçqınkom və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işə qəbul üzrə müsabiqə Laçında keçirilsin və burada məskunlaşan əhalinin bir qismi işlə təmin olunsun”

Laçında Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ilk dəfə əhalinin işə qəbulu ilə bağlı görüşün keçirildiyini qeyd edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, sakinlərin işlə təmin olunması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına müsbət töhfələr verəcək: “Böyük Qayıdış Proqramı çərçivəsində şəhərlərimiz, işğaldan azad olunmuş ərazilərimiz bərpa olunur, əhali öz dədə-baba yurdlarına köçürülür. Burada əsas diqqət yetirilən məsələlərdən biri də əhalinin rahat yaşaması və məşğulluğunun təmin olunmasıdır. Agentlik tərəfindən təqdim edilmiş vakansiyalar üzrə işə qəbulla bağlı keçirilən görüşdə sakinlərimiz işlə təmin olunacaq”.

Görüşdə Laçın rayonunda yaşayan 23 nəfərin müraciəti yerində dinlənilib, onlardan 9-nun ixtisasına və peşə bacarıqlarına uyğun olaraq Laçın Sukanal Sahəsində işlə təmin olunması qərara alınıb.




Mənbə: qafqazinfo.az