Erməni ordusunda başıpozuqluq: Müharibə riski artır - “Bu ay nəsə olacaq”

Erməni ordusunda başıpozuqluq: Müharibə riski artır - “Bu ay nəsə olacaq”

Ermənistan tərəfi son günlərdə cəbhə xəttində ard-arda təxribatlar törədir.

Son 1 həftə ərzində Azərbaycan artıq 2 şəhid verib. Ermənistan Silahlı qüvvələrinin iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Bundan əvvəl isə Tərtər istiqamətində mayor Aqil Ömərov düşmən gülləsinə tuş gələrək şəhid olub. Qeyd edək ki, Aqil Ömərov şəhid olan gün ATƏT-in Minsk Qrupunun həmsdərləri regiona səfəri çərçivəsində Bakıda idi.

Ermənistan tərəfi növbəti təxribatını isə iyunun 12-də törətdi. “İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib. Bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb. Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub”-Müdafiə Nazirliyinin rəsmi məlumatda qeyd olunub.

Maraqlıdır, cəbhə xətində Ermənistan tərəfinin mütəmadi şəkildə atəş rejimini pozmaqla təxribatlar törətməsində məqsədi nədir? Ermənistanın bu təxribatlarına Azərbaycanın cavabı necə olmalıdır?

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə şərhində Ermənistanın təxribatlarının daha çox ermənilərin daxilindəki ziddiyyətlə bağlı olduğunu deyib:

“İrəvanla Xankəndi arasında ziddiyyətlər var. Paşinyan hökuməti ilə separatçılar cəbhə xəttində təxribatlar törətməklə bir-birinə qarşı təzyiq etməyə çalışırlar. Ermənilər özləri də bilirlər ki, indiki vəziyyətdə atəşkəs rejiminin pozulması onların xeyrinə nəticələnməyəcək. Prinsip etibarı ilə Azərbaycan məqam gözləyir ki, danışıqlar prosesində bir irəliləyiş olmayacaqsa, ərazi bütövlüyümüzü təmin etmək üçün konkret hərəkətə keçsin. Bunu heç vaxt gizlətməmişik. Bunu Ali Baş Komandan da, Müdafiə Nazirliyinin rəhbərliyi də dəfələrlə deyib. Füzuli istiqamətdənki son hadisə isə həm ermənilərin başıpozuqluğunun nəticəsidir, həm də daha çox Ermənistana ziyan gətirmək üçün atılan addımdır. Çünki prinsip etibarı ilə işğal altında olan Füzuliyə daha çox separatçılar nəzarət edir. Onlar bu hərəkəti ilə həm Ermənistanla Azərbaycan arasında olan vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Gizlətmək olmaz ki, bu məsələdə həm də Rusiya faktoru var. Moskvanın da burada müəyyən təsiri var. ATƏT-in Minsk Qrupundan şübhələnməyə də əsas var. ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik Nikol Paşinyanla 3 gün əvvəl görüşüb. Baxmayaraq ki, görüşün məqsədi və məramı açıqlanmır, deyə bilərlər ki, bu, diplomatik qaydalardır. Amma istənilən halda, Kasprşik ən azından Azərbaycan tərəfinin narazılığını çatdırmalı idi ki, son vaxtlar ermənilər atəşkəs rejimini bir neçə istiqamətdə pozurlar. Tərtər istiqamətində bir zabitimiz və bir əsgərimiz həyatını itirib. Amma Kasprşikdən xəbərdarlıq olmadı, nəticədə isə ardınca növbəti təxribat baş verdi”.

Bəs Ermənistanın təxribatına necə cavab verilməlidir? Ü.Cəfərov bildirib ki, Azərbaycan danışıqlardan imtina etməlidir:

“Azərbaycan tərəfi təkcə bəyanat verməklə öz işini bitmiş hesab etməməlidir. Yəni düşmənin özbaşınalığının qarşısını almaq üçün ciddi addımlar atılmalıdır. Bu addımlar da elə olmalıdır ki, düşmən məsuliyyətini hiss etsin. Artıq elan olunub ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşəcəklər. Bu təxribatın törədilməsindən sonra hesab edirəm ki, Elmar Məmmədyarov Bakının danışıqlardan imtina etdiyini bildirməlidir. Beynəlxalq qurumlar nə vaxta qədər ki, Ermənistanı ağıllandırmayacaq, Azərbaycan heç bir danışıqlar masasına gəlməyəcək. Bundan sonra hansı qərarı vermək isə artıq Azərbaycanın öz üzərində olan məsuliyyətidir. BMT-nin qəbul etdiyi qətnamələr və digər qurumların qəbul etdiyi sənədlər də rəhbəredici sənəd olmalıdır. Hesab edirəm ki, Elmar Məmmədyarov “turist” səyahətlərini bitirməlidir. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla gah Vyanada, gah Amerikada, gah Moskvada təmaslar dayanmalıdır. Rusiyaya və Ermənistana bu danışıqlar sərf edir. Rusiyanın Azərbaycandakı səfiri bəyan edir ki, biz danışıqlar prosesinin davam etməsində maraqlıyıq. Adamdan soruşarlar ki, 20 ildən artıqdır danışıqlar prosesi davam edir, nə nəticə ortaya qoymusuz? İndi bir 20 ildə danışıqlar aparmağa çalışırlar. Burada söhbət konkret olaraq ermənilərin işğal etdikləri ərazilərdən çıxmasından getməlidir. BMT-nin qətnamələrinə istinad edilməlidir. Sonuncu təxribat isə onu deməyə əsas deyir ki, erməni tərəfi ağıllanan deyil, onu yalnız Azərbaycan Silahlı Qüvvələri ağıllandıra bilər. İnanıram ki, bu ay nəsə olacaq”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info