Milli Məclisin sədri Belarus Milli Assambleyası Respublika Şurasının və Nümayəndələr Palatasının sədrləri ilə görüşüb

Milli Məclisin sədri Belarus Milli Assambleyası Respublika Şurasının və Nümayəndələr Palatasının sədrləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib, sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Natalya Koçanova Milli Məclis sədrinin bu səfərinin münasibətlərimizə yeni impuls verəcəyinə inamını ifadə edib. O, qeyd edib ki, Azərbaycan və Belarus təkcə tərəfdaş ölkələr deyil, iki ölkə arasında münasibətlər bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykənir.

Nümayəndələr Palatasının sədri İqor Sergeyenko da ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud səviyyəsindən razılığını bildirərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu, bu gün ölkələrimiz arasında münasibətlərin bu möhkəm əsasa söykəndiyini söyləyib.

Söhbət zamanı, həmçinin əlaqələrimizin mühüm bir istiqamətini əhatə edən beynəlxalq platformalarda əməkdaşlıq məsələlərinin əhəmiyyəti də qeyd edilib və bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq təcrübəsinə malikdirlər. Sahibə Qafarova bildirib ki, Azərbaycan və Belarus coğrafi baxımdan bir-birinə yaxın ölkələr olmasalar da, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada söykənən yüksək səviyyədə münasibətlər mövcuddur. O, parlamentlərimiz arasında əlaqələrin də bu əsaslara söykəndiyini qeyd edib.

Görüşdə qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova beynəlxalq fəaliyyət çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində əməkdaşlığın da önəmini qeyd edib.

Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığı xatırlanaraq, bu sənədin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.

Bildirilib ki, xalqlarımız arasında dostluq əlaqələri mühüm əsaslara malikdir. Bu il Belarusun faşist işğalçılarından azad edilməsinin 80-ci ildönümünün tamam olduğu, Belarus torpaqlarının azad edilməsində azərbaycanlıların da şücaət göstərdikləri qeyd olunaraq, Belarus xalqının bunu heç vaxt unutmadığı və yüksək qiymətləndirdiyi diqqətə çatdırılıb.

Görüşdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və spiker Sahibə Qafarova qarşı tərəfi COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlament konfransında iştiraka dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə: apa.az