Unudulan DƏYƏRLƏRİMİZ – Niyə yeni atalar sözlərinə RAST GƏLMİRİK?

Unudulan DƏYƏRLƏRİMİZ – Niyə yeni atalar sözlərinə

“Atalar üçdən deyib”, “Dost dar gündə tanınar”...

Vaxtilə atalarımızın, babalarımızın söylədikləri bir çox belə ifadələr var ki, bu günə qədər gəlib çatmağı bacarıb. Həmin müdrik kəlamlar hələ də dillər əzbəridir. Hansı ki, o atalar sözləri elə yaranıb və formalaşıb ki, hər dövrün xüsusiyyətlərinə uyğunlaşa bilib. Günümüzdə isə təəssüf ki, müdrik kəlamlar, atalar sözləri, aforizmlər yaranmır. Yaxud da, yaransa belə, uzun müddət yaddaşlarda qala bilmir.

Bunun səbəbi nədir?

Folklorşünas Atəş Əhmədli atalar sözlərinin yaranması tarixən çox mürəkkəb olub:

“Hər bir atalar sözlünün arxasında müərrəkəb bir məqam var. Hər kəs atalar sözü deyə bilməz. Məsələn, qaraqalpaq türklərində 40 yaşına çatmayan şəxslər atalar sözü deyə bilməz. Keçmişdə yaşayan insanlarrın müşahidə qabiliyyəti çox yüksək olub.

Babalarımızı, o dövrün adamlarını bəzən primitiv düşüncəli, cahil adlandırırlar. Lakin onlar o qədər dərin mənalı aforizmlər, atalar sözü qoyub gediblər ki, adam baxır heyran qalır. Bəzən də bir atalar sözünün üstündə kitab yazırlar. Görün nə qədər böyük irs, miras qoyub gediblər”.

Alim bildirib ki, ona görə də biz onları müşahidə qabiliyyəti yüksək nəsil kimi tanımalıyıq:

“Bu gün bizim də müşahidə qabiliyyətimiz elə yüksək olsaydı, biz də atalar sözü yarada bilərdik. Cəmiyyətin böyük əksəriyyəti ətraflarında baş verən hadisələrdən yan ötürlər, barəsində təhlil aparmırlar.

Əvvəllər qış günlərində nağıl gecələri olub. İnsanlar bikar olublar, oturub saatlarla müzakirələr aparıblar. Təbii ki, nağıl deyəndə orda atalar sözü də, aforizmlər də, müdrik kəlamlar da səsləndirilib. İndi isə internet, telefon, inforrmasiya alış-verişi baş qatır və bizi o ənənələrdən ayırıb”.

Folklorşünas qeyd edib ki, bəzi bölgələrimizdə sakinlər öz ənənələrini qoruyub saxlayıblar:

“Məsələn, Şəki camaatı ağzını lətifə ilə açır. Onlar bu ənənəni hələ də qoruyub saxlayıblar. Yaradıcılıq üçün mütləq ənənə olmalıdır. Yəni atalar sözü, müdrik kəlam və aforizmlərin yaranması üçün üç şərt vacibdir; əhvalat, müşahidə qabiliyyəti və ənənə.

Əslində son dövrlərdə də atalar sözü yaranıb, amma yaşamayıb. Sovet dövründə Azərbaycanda da kolxozlaşma dövrü var idi. Məsələn, o dövrə xas olan bir atalar sözü yaranmışdı: “pambıq tarlası hünər meydanıdır” və yaxud “kolxozun anbarı elin süfrəsidir”. Lakin gördüyünüz kimi, sovet və kolxozçuluq dövrü bitdi, o atalar sözləri də yaşamadı”.

Mənbə: bizim.media