Martinika Ədalət Təşkilatının üzvü: "Fransa hökuməti xalqa divan tutur"

Martinika Ədalət Təşkilatının üzvü: "Fransa hökuməti xalqa divan tutur"

"Fransa hökuməti Martinika xalqına divan tutur. Fransa mətbuatı öz ölkəsinin ədliyyə sisteminin imicinə xələl gətirməmək üçün susdurulur".

Bunu ABŞ bürosuna açıqlamasında Martinika Ədalət Təşkilatının üzvü Arno Mauris-İnqarqiola deyib.

O, Fransa hökumətinin Martinika xalqının torpaqlarını əlindən aldığını və müxtəlif bəhanələrlə onları həbsə göndərdiyini deyib:

"Təşkilatımızın prezidenti Herve Pinton ölkənin ədliyyə sistemində yayılmış korrupsiya hallarını pislədiyi üçün Fransa hökuməti tərəfindən qanunsuz olaraq həbs edilib. O, nəinki qanunsuz tutulub, hətta onun bütün əmlakı da müsadirə edilib. Mən və təşkilatımızın aktiv üzvləri bu gün onun səsini dünyaya çatdırmaq üçün mübarizə aparırıq. Herve Pinto Martinika xalqının, sadəcə, bir fərdidir, bizim yüzlərlə nümayəndəmiz bu gün Fransanın ədalətsizlik və zülmlərinin qurbanıdır. Ata-babalarımızdan miras qalan torpaqlarımız zorla əlimizdən alınır. Ölkənin daşınmaz əmlak qanunlarına görə bizim torpağımızda yaşayan istənilən şəxs yalandan şahid gətirməklə buranın onun olduğunu sübut edə bilər. Hazırda 100-dən çox sakinin torpağı əllərindən alınıb və bu halların hüquqi müstəvidə həlli üçün məhkəmələrə müraciət olunarsa, bu proses 20-30 il davam edir".

Martinika nümayəndəsi vurğulayıb ki, Fransa konstitusiyasına görə, mülkiyyət toxunulmaz və müqəddəsdir.

"Amma Fransanın ədliyyə sistemi istənilən şəxsi bizim mülkümüzə sahib çıxara bilir. Bu, dözülməz bir vəziyyətdir. Yuxarıda bəhs etdiyim Martinika Ədalət Təşkilatının rəhbəri H.Pinton torpağını geri almaq üçün məhkəməyə müraciət etmişdi və 26 ildən sonra, ötən il məhkəmə onun lehinə qərar verdi. Qərara görə, torpaq ona məxsusdur. Amma məsələ burasındadır ki, onun torpağında 35 ev tikilib və hər bir evin indiki sahibi öz haqqını istəyir. Fransa ədliyyə sistemi isə qərarın icrasını təmin etmir. H.Pinton, xüsusilə hakimlərin ədliyyə sistemindəki qanunsuz fəaliyyətlərini aşkara çıxarmışdı. Elə buna görə də Fransa hökuməti onu heç bir əsas olmadan həbs etdi", - o qeyd edib.

A.Mauris əlavə edib ki, Fransa hökuməti Martinika xalqına qarşı insanlıqdan kənar davranış sərgiləyir və hakimlərin amansızlığının həddi-hüdudu yoxdur:

"Fransada dövlət, məhkəmə sistemi yoxdur. Prezident Emmanuel Makron və onun ədliyyə naziri Erik Düpon Moretti baş verənlərdən xəbərdardırlar, lakin onlar Fransanın bütün konstitusiya prinsiplərini pozmaqda davam edirlər. Bütün bunlara üsyan etmək istəyirik, lakin səsimizi eşidən yoxdur".

Mənbə: oxu.az