Multikulturalizm və milli təhlükəsizlik

Multikulturalizm və milli təhlükəsizlik

Milli təhlükəsizliyin qorunması hər bir xalqın inkişafı, hər bir dövlətin varlığı üçün mühüm amildir. Müstəqil Azərbaycanda milli təhlükəsizliyin təminatı sisteminin əsasını qoyan Ulu öndər Heydər Əliyev yeni dövlət quruculuğunun ilk illərində ölkədə dərin ictimai-siyasi və sosial-iqtisadi böhranın doğurduğu daxili və xarici təhdidlərin qarşısının alınması, vətəndaş qarşıdurmasının dayandırılması, dövlət idarəçiliyinin formalaşdırılması kimi təcili və təxirəsalınmaz təhlükəsizlik tədbirlərini həyata keçirdi.

Məhz davamlı sabitliyin təmin edilməsi, hərtərəfli inkişaf yollarının önünün açılması milli təhlükəsizliyin konseptual əsaslarının yaradılması üçün ardıcıl siyasət aparılmasına imkan verdi. Nəzəri əsasları Heydər Əliyevin irəli sürdüyü müddəalara söykənən “Milli təhlükəsizlik haqqında” qanun qəbul edildi, Milli Təhlükəsizlik Konsepsiyası hazırlandı və milli maraqların bütün aspektlərini əhatə edən təhlükəsizlik syasəti formalaşdırıldı. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarını müəyyən edir.

Milli təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması və və qarşısının alınması, bu məqsədlə zəruri qüvvə və vasitələrin yaradılması milli təhlükəsizliyin təminatı sisteminin mühüm vəzifəsidir. Milli və dini münasibətlərin kəskinləşməsi, etnik və dini ekstremizm hallarının yayılması milli təhlükəsizlik üçün əsas təhdidlərlər sırasındadır. Belə halların qarşısının alınması üçün vətənpərvərliyə və millətlərarası həmrəyliyə əsaslanan ümummilli psixologiya formalaşdırılması, xalqın vahidliyinin möhkəmləndirilməsi, millətlər və dini təriqətlər arasında münasibətlərin düzgün tənzimlənməsi, mövcud məzhəb ayrılıqlarından və müxtəlif dini baxışlardan siyasi məqsədlər üçün istifadə edilməsinə yol verilməməsi mühüm şərtdir ki, ölkəmizdə milli təhlükəsizlik sahəsində həyata keçirilən dövlət siyasətinin mərkəzində də bu amillər dayanır. Təsadüfi deyil ki, milli, dini, irqi, mədəni və s. fərqliliklərin qorunmasını, milli həmryliklə etnik-mədəni müxtəlifliyin bir-biri ilə üzvi şəkildə uzlaşdırılmasını özündə ehtiva edən multikultural təhlükəsizlik də milli təhlükəsizliyin mühüm elementləri sırasına daxil edilir. Ulu öndər Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Bu baxımdan çoxmədəniyyətlilik - multikulturalizm Azərbaycanda qədim ənənələrə söykənir, xalqımızın təşəkkülündə və formalaşmasında etnik müxtəliflik amilinin mühüm əhəmiyyət kəsb etməsi ilə bilavasitə bağlıdır. Bu coğrafi ərazidə müxtəlif dinlərə etiqad edənlərin və etnik birliklərin tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşaması mövcud multikultural mühitin yaranması üçün əsas zəmin olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullanın təbirincə desək, multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər hansı bir ölkədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir.

Azərbaycan Respublikası Konstitusiyasında milli mənsubiyyət hüququ əsas vətəndaş və insan hüquqlarından biri kimi təsbit olunub. Konstitusiyanın 44-cü maddəsi hər kəsə milli mənsubiyyətini qoruyub saxlamaq hüququ verir. Həmin maddənin digər bəndinə görə isə, heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Bu gün ölkəmizdə yaşayan bütün xalqların və etnosların nümayəndələri bu hüquqdan bərabər şəkildə istifadə edirlər. Azərbaycan dövləti hər bir vətəndaşının təhsil və karyerası üçün eyni şərait yaratmaqla yanaşı, onların öz milli mədəni dəyərlərini qoruması və zənginləşdirməsinə də lazımi dəstək verir.

Respublikamızda rus­lar, er­mə­ni­lər, uk­ray­na­lı­lar, be­lo­rus­lar, gür­cü­lər, avar­lar, ləz­gi­lər, baş­qırdlar, ta­tar­lar, yə­hu­di­lər, kürdlər, ose­tin­lər, lak­lar ki­mi mil­li az­lıq­lar, ta­lış­lar, udi­lər, dağ yə­hu­di­lə­ri, sa­xur­lar ki­mi az­say­lı xalqlar, Ahıs­xa türklə­ri, tat­lar, la­hıc­lar, bu­duq­lar, qrız­lar, ha­put­lar, cek­lər, xı­na­lıq­lar, in­gi­loy­lar, Krım ta­tar­la­rı, gür­cü yə­hu­di­lə­ri, ka­zak­lar, ta­ba­sa­ran­lar ki­mi et­nik az­lıq­lar əsas çoxluq təşkil edən azərbaycanlı-türk xalqı ilə mehriban qonşuluq şəraitində yaşayırlar. Dostluq, qohumluq əlaqələri onları bir-birinə doğmalaşdırır və sıx bağlayır. Ölkə həyatının bütün sahələrində qazanılan uğurlarda həmvətənimiz olan hər bir etnosun nümayəndələrinin payı və əməyi vardır. Vətəndaş cəmiyyəti instiutlarında və dövlət idarəçiliyinin ən yüksək pillələrində də onlar geniş təmsil olunurlar.

Çox təəssüf ki, erməni millətçilərinin Azərbaycandakı multikultural mühitin pozulmasına yönəlmiş cəhdlərinin qarşısının vaxtında alınmaması, xalqımız və müstəqil dövlətimiz üçün hələ də fəsadları davam edən, torpaqlarımızın işğalı ilə nəticələnən hadisələrə gətirib çıxardı. Həmin dövrdə hakimiyyətdə olanların qeyri-adekvat, ağılsız siyasətinin nəticələrini hələ də aradan qaldırmaq mümkün olmayıb. Ulu öndər Heydər Əliyevin vaxtilə qeyd etdiyi kimi, “Dağlıq Qarabağ faciəsinin bir qütbündə erməni separatçılığı, erməni terrorizmi, Azərbaycana qarşı torpaq iddiaları durursa, digər qütbündə, - nə qədər acı olsa da, bunu etiraf etmək lazımdır, - bizim bəzi siyasətçilərimizin səriştəsizliyi, hakimiyyət hərisliyi, hədsiz-hüdudsuz şəxsi ambisiyaları durur”.

Tariximizin elə səhifələri var ki, onları daim yadda saxlamaq, onlardan ibrət götürmək vacibdir. Azərbaycanda ictimai-siyasi və hərbi böhranın dərinləşdiyi ötən əsrin 90-ci illərinin əvvəllərində milli münasibətlərə də ciddi təhdidlər yaranmış, respublikanın şimalında və cənubunda etnik zəmində separatçılıq baş qaldırmışdı. Yalnız Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə qayıdışı ilə bu cəhdlərin qarşısı alındı və milli birliyin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirildi. Məhz Ulu öndərin müəyyənləşdirdiyi, əsasını Azərbaycana mənsubluq, Vətənə bağlılıq, Azərbaycan dilinə və mədəniyyətinə sevgi, müstəqil dövlətçiliyimizə sədaqət, onun varlığının və dəyərlərinin qorunması üçün bərabər məsuliyyət daşımaq kimi vacib müddəalar təşkil edən azərbaycançılıq ideyası bu gün ölkəmizdəki muktikultural mühitdə birləşdirici rol oynamaqla milli təhlükəsizliyin mühüm təminatlarından birinə çevrilib.

Ölkəmizdə hər bir etnosun unikal mədəni dəyərlərinin qorunmasına və zənginləşdirilməsinə, həmçinin öz ana dilindən sərbəst istifadə etməsinə şərait şərait yaradılıb. Azərbaycan Respublikası Konstitusiyasının vətəndaşların ana dilindən istifadə etmək hüququnu təsbit edən 45 maddəsinə əsasən, hər kəs istədiyi dildə tərbiyə və təhsil ala, yaradıcılıqla məşğul ola bilər, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Dövlətimiz "Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası"na qoşulub və onun prinsiplərini həyata keçirmək üçün əməli tədbirlər görür. Ölkəmizdəki milli azlıqların öz dillərində məktəblər açmaq, qəzet, tədris və metodiki vəsaitlər hazırlayıb nəşr etdirmək imkanları var. Bununla belə, onlar multikultural mühitdə mühüm ünsiyyət vasitəsi olan dövlət dilini – Azərbaycan dilini bilir və ona sevgi ilə bağlanırlar.

Milli təhlükəsizlik üçün vacib istiqamətlərdən olan dini tolerantlıq Azərbaycanın çox böyük nailiyyətlərindəndir. Azərbaycan dövləti cəmiyyətin milli maraqlanna uyğun siyasət yeridərək, dini tolerantlıq mühitinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərir. Bu sahədə də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji xətt uğurla davam etdirilir. Ölkəmizdə islam dini ilə yanaşı xristian və yəhudi dinləri əsrlər boyu birgə yaşamaqdadır. Dünya dini liderlərinin bu günlərdə Bakıda keçirilmiş II Sammiti Azərbaycandakı qədim dinlərarası ənənələrə qlobal miqyasda hörmət və ehtiramın növbəti təzahürü oldu. Prezident İlham Əliyev sammitdəki çıxışında deyib: “Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

İctimai sabitlik milli təhlükəsizliyin qorunması üçün əsas şərtdir və Azərbaycanın bütün sahələrdə uğurlu dövlət siyasəti onun təməlində dayanan milli birliyi və həmrəyliyi tam təmin edir. Milli sərvətimiz olan bu birliyin və həmrəyliyin qədrini bilmək, onu qəsdlərdən qorumaq hər bir vətəndaşın borcudur. Çoxəsrlik tarixinin böyük hissəsini müstəmləkə altında yaşamış, yadellilər tərəfindən sərvətləri talan edilmiş çoxmillətli xalqımız özünün müstəqil dövlətinin keşiyində ayıq-sayıq dayanıb.

Samir ƏLİFOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2-ci kurs tələbəsi

Mənbə: www.baki-xeber.com