Tanınmış vəkil yeni qəbul olunan qohumluq qanununu topa tutdu

Tanınmış vəkil yeni qəbul olunan qohumluq qanununu topa tutdu

"Tamamilə qeyri-işlək qadağadır! Darvindən də ağıllıyıq?" - bu sözlərlə tanınmış vəkil Əkrəm Həsənov Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanuna münasibətini açıqlayıb.

Əkrəm Həsənov özünün sosial şəbəkə hesabında fikirini belə əsaslandırıb:

-Özünü burax-buraxda Milli Məclis Ailə Məcəlləsinə dəyişiklik edərək əmi, dayı, bibi və xala uşaqlarının evlənməsinə qadağa qoydu. Qadağa 2025-ci ilin 1 iyul tarixindən qüvvəyə minəcək. Yəni onadək belə rəsmi evlilik mümkündür.

Bəzi ağıllılar üçün qabaqcadan deyirəm ki, mən özüm də bu cür nikahları bəyənmirəm. Amma mənim bəyənmədiyim o qədər şey var ki! İndi hamısının qanunla yasaq edilməsini tələb edim? Görəsən, belə nikahlardan xəstə uşaq daha çox doğulur, yoxsa valideynlərin spirtli içkilərə və siqaretə aludə olmasından? Gəlin spirtli içkiləri və siqareti də tam qadağan edək də!

Bu cür nikahlardan daha çox xəstə uşaqların doğulması məlumdur. Amma əks misallar da kifayət qədərdir. Belə nikahlardan sapsağlam və dərrakəli uşaqlar da doğulur. Məsələn, Çarlz Darvin dayısı qızı ilə evlənmişdi. 10 uşaqları dünyaya gəlmişdi, onlardan 7-si böyümüş (3 uşaq körpəlikdə qohumluqla bağlı olmayan xəstəliklərdən ölüb) və yüksək nailiyyətlərə nail olmuşlar. Elə nəvələri də!

Xalqımızda belə nikahların sayı onsuz da azalır. Əvvəllər çox idi. Nə olsun ki? Əsrlər boyu qırılmadık ki! Əksinə, arta-arta getmişik. Bundan sonra azalma ehtimalı var, amma bunun da səbələri tam başqadır.

Ümumən dövlət ailə məsələlərinə hədsiz qarışmamalıdır. Dünyanın heç bir aparıcı ölkəsində belə qadağa yoxdur (deyirlər ki, guya var, amma konkret ölkəyə və onun qanununa istinad görmədim hələ ki). Çünki insan haqlarının pozulması, şəxsi həyata yersiz müdaxilədir. Deyirlər ki, nə bilim, əmi oğlu əmi qızına bacı gözü ilə baxmalıdır. Şəxsən mən belə də baxıram. Amma mən kiməm ki, başqasına bunu irad tutam, onu belə fikirlərlə təhqir edəm? Hərənin öz işidir!

Xalq nağıllarımızda nə qədər belə əmi oğlu-əmi qızı məhəbbəti var! İndi nə edək, əslimizdən, adət-ənənəmizdən imtina edək? Homoseksual cütlüklərə göz yumaq (orada məhəbbət azaddır axı!), donordan süni mayalanma yolu ilə uşaqların (bicbalaların) doğulmasını (yeri gəlmişkən, bunun nəticəsində gələcəkdə qardaş bacı ilə də evlənə bilər, amma nədənsə genofondun sağlamlığını əllərində bayraq edənləri bu narahat etmir) təşviq edək və s., amma əzəli azadlıqları məhv edək?

Lap tutaq ki, bu, həqiqətən lazımlı qadağadır. Amma əsas, qadağanın effektiv olmasıdır. İşləyəcəkmi? Xeyr! Bunun özü də layihə müəlliflərinin hüquqi savadsızlığından xəbər verir. İşləməyəcək qanunu niyə qəbul edirlər axı?! Niyə işləməyəcək?

1. Əvvəla, bütün hallarda qohumluğu müəyyən etmək mümkün olmayacaq.

2. Arzu edənlər rəsmi nikaha xaricdə (Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, İngiltərə, ABŞ, Fransa və s.) daxil ola bilərlər, vəssalam! Orada belə nikah qanunidirsə, biz də onu tanımaq zorundayıq.

3. Qeyri-rəsmi nikaha daxil ola bilərlər. O cümlədən kəbinlə. Rəsmi nikahların sayı azalan dövrdə dövlətə bu lazımdırmı? Axmaqlıq deyilmi?

Mən bir də vurğulayıram: belə nikahları özüm də bəyənmirəm. Amma dövlətin şəxsi həyata hədsiz müdaxiləsinin əleyhinəyəm. Xüsusilə belə qadağanın işləməyəci təqdirdə. Məmurlar və deputatlar bizim hesabımıza boş-boş işlərlə məşğuldur (təəssürat yaratmağa çalışırlar ki, guya faydalı işlə məşğuldurlar). Halbuki, o qədər lazımlı qanunlar qəbul olunmayıb. O cümlədən donorlar vasitəsilə süni mayalanma əsnasında uşaqların doğulmasının qadağası və ya heç olmasa məhdudlaşdırılması (nəzarətə götürülməsi) barədə...

Mənbə: musavat.com