İlham Əliyev 2 fərman imzaladı

İlham Əliyev 2 fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 89 (Cild I); 2024, № 4, maddə 397) ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 6.10-4-cü bənd əlavə edilsin:

“6.10-4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Mənbə: axar.az