Hər il 6 min məcburi köçkünə ev - azı 25-30 min insanın mənzil şəraitini yaxşılaşdırmaq vədi…

Hər il 6 min məcburi köçkünə ev - azı 25-30 min insanın mənzil şəraitini yaxşılaşdırmaq vədi…

Azərbaycanda prioritet istiqamət kimi müəyyənləşdirilən sosial siyasət bu gün cəmiyyətdə maddi rifah halının davamlı şəkildə yüksəlməsi ilə müşayiət edilməkdədir. Əməkhaqlarının və sosial müavinətlərin, insanların gəlirlərinin artması Azərbaycanın sosial siyasətinin də dünyaya nümunə ola biləcək səviyyədə yüksəlməsinə gətirib çıxarıb. Bütün bunları ölkənin bütün vətəndaşları kimi məcburi köçkünlər də gündəlik həyatlarında hiss edirlər.

Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi addımlar atılmaqda davam edir.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bu il bir neçə yaşayış kompleksinin inşasına başlanıb, bir neçəsi artıq istifadəyə verilib və veriləcək.

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub. Açılışda iştirak edən Prezident İlham Əliyev çıxışında bildirib ki, qaçqın və məcburi kömkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq: “Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni bu, əslində, bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, o cümlədən, BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirir, bir çox ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyasət bir nümunə kimi göstərilir. Eyni zamanda, bildiyiniz kimi, bu il məcburi köçkünlərə dövlət tərəfindən ayrılan müavinətin həcmi də 50 faiz artıb. Hər bir köçkünə bu məbləğ verilir, baxmayaraq ki, o, işlə təmin olunub, təmin olunmayıb. Bu da bizim sosial siyasətimizin nəticəsidir. Biz bundan sonra da ardıcıl olaraq bu siyasəti aparacağıq, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın yaşayış problemlərini həll edəcəyik”.

“Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı həmişə ön planda olub”

İl ərzində 6 min köçkünün mənzillə təmin olunmasının əhəmiyyəti barəsində danışan millət vəkili Flora Qasımova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət dünyanın heç bir ölkəsində yoxdur: “Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı həmişə ön planda olub. Onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti çox ciddi tədbirlər həyata keçirir. Məcburi köçkünlərin mənzillə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün xüsusi dövlət proqramları qəbul olunaraq uğurla həyata keçirilir”.

Xanım millət vəkili bildirdi ki, doğma torpaqlarından didərgin düşən məcburi köçkün ailələri bir müddət çətin vəziyyətdə yaşadılar: “Məcburi köçkün ailələri neçə il çadır şəhərciyində yaşadılar. Aparılan uğurlu sosial siyasət nəticəsində bütün çadır şəhərcikləri ləğv olunaraq, Bakıda və rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilib, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işləri davam etdirilir”.

F.Qasımova onu da əlavə etdi ki, Birinci vitse-prezident işə başladığı ilk gündən bəri qəzalı vəziyyətdə olan evlərdə yaşayan köçkünlərin mənzillə təmin olunmasına xüsusi diqqət ayırdı. O vaxtdan bəri hissə-hissə qəzalı vəziyyətdə olan yerlərdə yaşayan köçkünlərimiz mənzillə təmin olundu: “Biz inanırıq ki, yaxın zamanlarda məcburi köçkünlərimiz tamamilə yeni mənzillərlə təmin olunacaqlar. Görülən işlər davam etdirilir. Mən şəxsən özüm də məcburi köçkünlərlə görüşərkən onların yaşayışı ilə tanış olub, mövcud problemləri Milli Məclisdə səsləndirmişəm”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com