“Parlamentdə bəzi deputatların əməllərinə baxanda adamın o mandata heyfi gəlir” - MÜSAHİBƏ

“Parlamentdə bəzi deputatların əməllərinə baxanda adamın o mandata heyfi gəlir” - MÜSAHİBƏ

Cavan olmasına baxmayaraq, çoxdandır ki, siyasətdədir. Hətta dediyinə görə, lap uşaq vaxtlarından proseslərin içərisindədir. Həm siyasəti, həm diaspor quruculuğunu, həm də QHT işini eyni vaxta görə bilir. Tez-tez metroda rastlaşdığımızdan bilirik ki, ictimai nəqliyyatdan istifadə edir. Bir neçə dəfə deputatlığa namizəd olsa da, istəyini reallaşdıra bilməyib. Mediaya çox açıq adam olsa da, şəxsi həyatı barədə indiyə qədər çox danışmayıb. Məhz bu səbəbdən də biz qərara gəldik ki, sadaladığımız keyfiyyət və parametrləri özündə birləşdirən Samir Adıgözəlli ilə səmimi söhbət edək.

- Samir bəy, Sizə elə gəlmirmi ki, çox dinamiksiniz, sanki istədiyinizi ala bilmirsiniz deyə, müxtəlif sahələrə meyl edirsiniz...

- Müşahidələr müxtəlif ola bilər, sizin sualınızın bir hissəsi ilə razılaşmağa məcburam. Dinamikəm, amma heç kim istədiyinin hamısını əldə etməyə qadir deyil.

- Təsadüfən demirik, Siz uzun illər əvvəl, hələ gənc yaşlarınızda partiya yaratdınız. Nə oldu onun axırı?

- Tamamilə doğru deyirsiniz. 23 yaşım olanda partiya sədri idim. Bu, Azərbaycan siyasətinin çox qaynar dönəminə təsadüf edir. 90-cı illərin sonu. 1999-cu ildə biz milliyyətçi ideologiya üzərində qurulan Böyük Millət adlı partiyanı təsis etdik.

- Hazırda fəaliyyət göstərirmi?

- Gəlin özümüzü aldatmayaq, siz Azərbaycanda partiyaların fəaliyyətini görürsünüzmü? Bir-iki partiyanı çıxmaqla, qalanları kağız üzərindədir. Mən real işi xoşlayıram. Formalizmdən uzağam.

- Partiya fəaliyyətdə olanda nəsə iş görürdünüz?

- Bəli, biz uzun müddət fəaliyyət göstərdik. Bu gün Azərbaycan siyasətində, jurnalistikasında, dövlət idarəetməsində bizim şinelimizdən çıxan kifayət qədər kadr var. Qeydiyyatdan keçməsək də, güclü sosial bazaya malik idik. Azərbaycanın milli, dövləti maraqlarının tələb olunduğu yerdə konkret addımlar atırdıq. Bunların hamısı o vaxt KİV-də işıqlandırılıb. Canlı görənlər də görüb.

- Deyəsən partiyanın adını daşıyan bir qəzet də çıxarırdınız...

- Mən həm də sizin həmkarınızam (gülür). Bəli, eyniadlı qəzeti təsis etmişəm. Çoxdandır fəaliyyət göstərir. Hazırda o adda saytımız da var. Operativ işləyir, hər gün yenilənir.

- Səhv etmiriksə, jurnalistikaya görə həbs həyatı da yaşamaq qismətiniz olub...

- Doğru deyirsiniz. Mənim rəhbərlik etdiyim qəzetdə çox tanınmış adamın yazdığı bir yazıya görə mən həbs edildim. Yazının müəllifi rəhmətə getdiyi üçün adını çəkmək istəmirəm. Onu hamı tanıyır. Akademik Abel Məhərrəmov iddiaçı idi. Tələbi o idi ki, yazının müəllifi cəzalansın. Mən onun adını vermədim, məsuliyyəti boynuma götürdüm. Amma o adam həbsxanada yanıma siqaret də gətirmədi. Mən çox azsaylı jurnalistlərdən idim ki, sırf yazıya görə həbs edilmişdim.

- Həbsxanada çox qaldınız?

- Xeyr, məni ilyarım müddətinə azadlıqdan məhrum etmişdilər. 8 ay sonra Prezident məni əfv etdi. Çoxlu təkliflər vardı ki, adımı siyasi məhbus kimi qeyd etsinlər. Razılaşmadım. Çünki istəməzdim ki, mənim adımla ölkəmə təzyiqlər etsinlər.

- Abel Məhərrəmovla sonra görüşdünüzmü?

- Bəli. Çox peşman olduğunu dedi. O da bilirdi ki, həmin işin təşəbbüskarı mən olmamışam.

- Nə yazmışdınız?

- Cavanlıq idi. İndiki yaşım olsaydı, o məqaləni dərc etməzdim. Çox sərt və təhqirin yer aldığı bir yazı idi. Kimsə mənim saf hisslərimdən istifadə edib, öz düşməni ilə belə vuruşmağı qərara almışdı. Bu da bir təcrübəydi qazandıq.

- Həbsdən sonra nə işlə məşğul oldunuz?

- Həbsdən sonrakı ömrümün böyük hissəsi diaspor quruculuğu, təbliği sahəsində keçib. İsmayıl Ağayevlə BDM adlı təşkilatı qurduq. Çox aktiv fəaliyyətimiz olub.

- Deyəsən Sabir Rüstəmxanlının da qurumunda təmsil olunursunuz...

- Bəli, mən həm də Dünya Azərbaycanlıları Konqresi Mərkəzi İcra Aparatının rəhbəriyəm.

- Yeni bir təşkilat da təsis edibsiniz deyəsən...

- İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) adlı qeyri-hökumət təşkilatına rəhbərlik edirəm. Bu təşkilatın təsisçisi rəhmətlik professor Vaqif Arzumanlı olub. O, dünyasını dəyişəndən sonra QHT fəaliyyətsiz idi. Biz onu yenidən qeydiyyatdan keçirdik. İdarə Heyətinin qərarı ilə mən sədr seçildim.

- Yeni təşkilat olsa da, çox aktiv təsir bağışlayır. Qrant alırsınızmı?

- Bəli, QHT-lərə Dövlət Dəstəyi Şurasından ilk layihəmizi keçirdik. Azərbaycanın tanınmış şairi Nəsiminin 650 illiyi ilə bağlı silsilə tədbirlər keçirəcəyik. Artıq start vermişik. Bu günlərdə möhtəşəm bir tədbirimiz zabitlər evində baş tutdu. Bu ayın 16-19 arası isə Türkiyədə tədbirlərimiz olacaq. Bir sıra universitetlərdə “Nəsimi günü” keçirəcəyik.

- Verilən qrantın hamısını tədbirə xərcləyirsiniz, yoxsa özünüzə də qalır?

- Bax, dediyiniz məsələni mən edə bilmərəm. Daim buna qarşı olmuşam. İnsan, ilk növbədə, ona göstərilən etimadı doğrultmalıdır. Sonra isə öz adına hörmət etməlidir. Mənimlə çalışanlar bilir ki, belə işlərdə maksimum şəffaflığın tərəfdarıyam.

- Bir sıra işləri paralel həyata keçirirsiniz, çatdırmaq olurmu?

- İnanın ki, çox çətindir. Amma nə etməliyik, gərək etimadı doğruldaq.

- Şəxsi həyatınızla bağlı çox az məlumat var. Bəlkə bir-iki suala cavab verəsiniz...

- Olar, bunun ictimailəşməsinin tərəfdarı olmamışam. Ona görə məlumat azdır.

- Sizin “Facebook” səhifənizi izləyəndə belə təəssürat yaranır ki, ilin böyük hissəsini xaricdə olursunuz. Bu, ailədə problem yaratmır ki?

- Mən ailəliyəm, iki övladım var, bir oğlan, bir qız. Oğlumun adı Atilladır, qızımın adı isə Zəhradır. Artıq onlar mənim iş rejimimə alışıblar. Bilirlər ki, iş üçün səfər edirəm.

- Təşkilatınızın ofisi varmı?

- Xeyr, yoxdur. Bir dostun ofisində işləri görürük. Sizi inandırım ki, mənim heç evim də yoxdur.

- Doğrudan mənziliniz yoxdur?

- Bəli. Mən kirayədə yaşayıram. Özü də ucuz olsun deyə, Bakının Məhəmmədi kəndindən ev tutmuşam. Şəhərə gedib-gəlməyim də zülmlə olur. Nə edim, məcburam.

- Nə əcəb bu yaşa qədər mənzil əldə edə bilməyibsiniz?

- Maraqlı sualdır. 43 yaşım var. Bu illər ərzində mən nə işlə məşğul omuşam ki, ev ala bilim? Mənim işim siyasət, diaspor, jurnalistika olub. Maddi vəziyyətim heç vaxt imkan verməyib ki, ev alım. Atadan qalan evi də ailənin məndən kiçik olan övladına verdik.

- Dövlət qurumlarına bu barədə müraciət edibsiniz?

- Mən ilk dəfədir bu məsələni ictimailəşdirirəm. Bir neçə ay əvvəl isə ölkə rəhbərliyinə müraciət etmişəm.

- Cavab nə oldu?

- Hələ ki, cavab verilməyib, ancaq əminəm ki, cənab Prezident bilsə, mütləq mənə ev verər. Çünki mən dövlətçilik yolunda sabitqədəm addımlamışam.

- Oğlunuzun adı Atilladır. Yəqin Siz veribsiniz bu adı? İstəyirsinizmi o da siyasi yolla addımlasın?

- Bəli, adını mən qoymuşam. Adın insan həyatında rolu böyükdür. Övladlarım çox vətənpərvərdilər. Nə ilə məşğul olacaqlarını bilmirəm, ancaq hiss edirəm ki, qanlarında himnə, vətənə, millətə böyük sevgi var.

- Həyat yoldaşınız da ictimai aktiv insandır?

- Xeyr, ali təhsilli olsa da, evdar xanımdır.

- Ölkədəki vəziyyət Sizi qane edirmi?

- Mən, birmənalı olaraq, Prezidenti dəstəkləyirəm. Ona heç bir alternativ görmürəm. Ancaq idarəetmədə ciddi islahatlara ehtiyac var. Məmur korpusunun məsuliyyəti artırılmalıdır. Bir çox narazılığı məhz məmurlar yaradır. Hamımız bu məsələdə cənab Prezidentə dəstək olmalıyıq.

- Türkiyə siyasi cameəsi ilə yaxşı əlaqələrinizin olduğu bildirilir. Doğrudurmu?

- Bəli, mənim MHP, “Ülkü Ocaqları” və başqa partiyalarla yaxşı münasibətim var. Hətta onların sırasında yaxın dostlarım da var. Böyük Birlik Partiyasının başqanı Musin Yazıcıoğlu ilə yaxın dost olmuşam.

- Siz parlamentdə təmsil olunmağa meylli insansınız. Növbəti seçkidə namizədliyinizi verəcəksiniz?

- Parlamentdə bəzi deputatların əməllərinə baxanda adamın o mandata heyfi gəlir. Ona görə də hesab edirəm ki, mandat elə bizim kimi, onun qədrini bilənlərin əlində olmalıdır.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com