Taktiki hazırlığın əsas məqsədləri bunlardır: - Raket və artilleriya qoşunlarını digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş tapşırıqlarının yerinə yetirlməsinə hazırlamaq;
- döyüşün müxtəlif növlərində döyüş fəaliyyətlərini artilleriya atəşləri və raket zərbələri ilə təmin etmək.
Taktiki hazırlığın gedişində Raket və artilleriya qoşunları aşağıdakı tapşırıqlar üzrə bacarıq və praktiki vərdişləri mənimsəyirlər:
- aktiv və fasiləsiz kəşfiyyatın aparılması;
- böyük məsafələrə, mümkün maksimum sürətlə, müxtəlif şəraitlərdə marşın keçirilməsi və hərəkətdən döyüş düzülüşünə açılmaqla hazırlanmamış və ya əvvəlcədən hazırlanmış atəş mövqelərinin tutulması, qısa zamanda dəqiq raket-atəş zərbələrinin endirilməsi;
- manevr edərək qəfil yaranmış tapşırıqların həll edilməsi;
- radioaktiv zəhərlənmə zonalarının, kütləvi dağıntı, yanğın və su basmış rayonların dəf edilməsi;
- düşmənin zirehli texnikası və artilleriyası ilə mübarizə aparılması;
- kütləvi qırğın və yüksək dəqiqlikli silahlardan müdafiə olunmaq, döyüş qabiliyyətini bərpa emək;
- gecə, mühafizə vasitələrindən istifadə etməklə, qısaldılmış heyətlə və yaxud qarşılıqlı əvəzetmə qaydasında hazırlanmış heyətlərlə, idarəetmənin ötürülməsi ilə (divizion komandiri tərəfindən batareya komandirlərindən birinə), mürəkkəb, tez dəyişən taktiki şəraitdə və düşmənin güclü radioelektron təsiri şəraitlərində döyüş fəaliyyətlərinin aparılması.
Başqa fənlərdən fərqli olaraq, taktiki hazırlıq üçün daha çox tədris vaxtı ayrılır. Taktiki hazırlığın gedişində həll olunan tapşırıqlar, silahlandırmaya yeni silah və texnikanın daxil olması, təşkilati quruluşun, döyüş fəaliyyətlərinin aparılmasının xarakterinin və üsullarının dəyişməsindən asılı olaraq dəyişdirilməli və inkişaf etdirilməidir.
Artilleriya bölmələrinin taktki hazırlıq üzrə məşğələlərin əsas növləri bunlardır:
- zabitlər üçün - mühazirələr, seminarlar, qrup çalışmaları, sərbəst hazırlıq;
- qərargahlar üçün - qərargah məşqləri, komanda-qərargah təlimləri;
- bölmələr üçün - taktiki-sıra məşğələləri, taktiki məşğələlər və taktiki təlimlər. Taktiki-sıra məşğələləri
Taktiki-sıra məşğələləri heyət (manqa), taqım, batareya və divizionla keçirilir. Bu məşğələlərdə bölmələrin döyüşdə fəaliyyətinin fənd və üsulları məşq etdirilir, onların başlanğıc uzlaşmasına nail olunur, komandirlər isə bölmələrin idarə olunmasında bacarıqlarını təkmilləşdirirlər. Taktiki-sıra məşğələlərinin sayı, müddəti və mövzusu döyüş hazırlığı proqramlarında müəyyən edilir. Tədris sualları və onların sayı mövzunun məzmunundan, tədris məqsədlərindən, şəxsi heyətin hazırlıq səviyyəsindən və digər şərtlərdən asılı olaraq müəyyənləşdirilir. Adətən 4-6 saat ərzində 2-3 tədris sualı işlənilir.
Taktiki-sıra məşğələləri ərazidə texnika və silahların çıxarılması ilə keçirilir. Bəzi hallarda döyüş texnikasının maketləri də istifadə oluna bilər. Motoehtiyat və vaxta qənaət məqsədi ilə məşğələnin qapalı dairə üzrə keçirilməsi, döyüş düzülüşü elementləri arasında məsafələrin azaldılması məqsədəuyğundur.
Taktiki-sıra məşğələləri bilavasitə rəislər, nümunəvi və ümumqoşun bölmələrlə birgə olanlar isə - yuxarı rəislər tərəfindən keçirilir.
Taktiki-sıra məşğələsinin hazırlanmasını rəhbər aşağıdakı ardıcıllıqla keçirir:
- mövzunun məzmununu aydınlaşdırır;
- məşğələnin ümumi məqsədini, hər kateqoriya üçün tədris məqsədləri və tədris suallarını müəyyən edir;
- tədris məşğələsinin keçirilməsi üçün ərazini seçir;
- taktiki şərait yaradır;
- məşğələ rayonunun ərazi kəşfini keçirir;
- məşğələnin planını tərtib edir;
- şəxsi heyət və texnikanı məşğələyə hazırlayır. Məşğələnin keçirilmə planı xəritədə və ya xəritə əlavə edilərək mətn formasında tərtib olunur və aşağıdakılardan ibarətdir:
- mövzu;
- tədris məqsədləri;
- məşğələnin müddəti;
- tədris sualları və onlara ayrılmış vaxt;
- taktiki şərait (ilkin və hər bir tədris sualı üçün);
- bölmələrin fəaliyyət qaydaları;
- maddi təminat;
- yamsılama qaydaları;
- lazımi arayış-məlumatlar.
Plan bilavasitə rəis tərəfindən təsdiq olunur.
Taktiki-sıra məşğələsi bölmənin məşğələyə hazırlığının yoxlanılmasından başlayır, sonra rəhbər tədris suallarının işlənilməsinə keçir. Tədris sualları elementlərlə işlənilir. Hər element tam qavranana qədər təkrarlanır. Məşğələ rəhbəri tədris sualından, yaxud ayrıca elementlərin təkrarlanmasından öncə fərdi təhlil keçirə bilər. Bu zaman buraxılmış səhvləri, fəaliyyət və ya fəndlərin düzgün icrasını göstərir.
Taktiki-sıra məşğələsindən sonra rəhbər təhlil keçirir:
- şəxsi heyətin fəaliyyətinə qiymət verir;
- gələcəkdə nəyə diqqət yetirməli olduqlarını göstərir;
- müsbət tərəfləri qeyd edir;
- təcrübədən ibrətamiz misallar çəkir;
- nəzərdən qaçan məsələləri göstərir;
- tədris suallarının zəif mənimsənilmə səbəblərini açıqlayır;
- mürəkkəb sualları izah edir;
- təlimatlardan, təlim və muharibələrin təcrubəsindən misallar gətirərək öz nəticələrini əsaslandırır. Taktiki məşğələlər
Taktiki məşğələlər bölmələrin döyüş uzlaşmasının əsas formasıdır. Taktiki məşğələlərə qərarın qəbul edilməsi, ərazi kəşfi, döyüş tapşırıqlarının verilməsi, qarşılıqlı əlaqə və təminatın təşkili kimi suallar da daxil edilir. Mövzu tam şəkildə, vahid taktiki şəraitdə, döyüşün gedişinə uyğun olaraq, kompleks şəklində və ardıcıllıqla işlənilir. Zəruri olduqda, buraxılmış səhvlərin düzəldilməsi üçün qısa fasilələr etmək olar. Əsas öyrətmə metodu öyrədilənlərin döyüş şəraitinə yaxınlaşdırılmış şərtlərdə öz vəzifə borclarını yerinə yetirməsi üzrə praktiki işdir. Taktiki məşğələlər adətən tanış olmayan (az tanış olan) yerdə, gündüz və gecə, mürəkkəb və tez dəyişən şəraitdə keçirilməlidir.

Taktiki məşğələni bir səviyyə yuxarı komandir, yəni heyətlə – taqım komandiri, taqımla – batareya komandiri və s. təşkil edib keçirir. Məşğələnin davamlılığı proqramlarla müəyyən olunur.
Taktiki məşğələnin hazırlanması əsasən taktiki-sıra məşğələsinin hazırlanması kimi həyata keçirilir. Taktiki məşğələnin hazırlanması üçün ilkin məlumatlar bunlardır: - mövzu, tədris məqsədləri, tədris sualları;
- öyrədilənlərin tərkibi;
- vaxt;
- davamlılıq;
- məşğələnin keçirilmə rayonu;
- motoehtiyat, yamsılama və başqa maddi vasitələrin sərfi normaları.
Bundan başqa düşmən qoşunları da təyin edilir.
Məşğələnin mövzusu və məzmunu, keçirilmə vaxtı və ayrılan texnika döyüş hazırlığı planı və proqramı ilə müəyyən olunur. Tədris məqsədləri və sualları, maddi-texniki təminat, keçirilmə yerini məşğələ rəhbəri müəyyən edir.
Məşğələ rəhbəri mövzunu aydınlaşdıraraq onun taktiki məzmununu açır, məqsədəuyğun olan mümkün şərait variantlarını müəyyən edir, taktiki şəraitin inkişafını və məşğələnin nə ilə bitəcəyini düşünür.
Tədris məqsədləri ümumi və hər kateqoriya üçün ayrı müəyyən olunur. Tədris suallarını müəyyən edərkən bölmənin hazırlıq səviyyəsindən əlavə mövzunun məzmunu, məşğələyə ayrılmış vaxt da nəzərə alınmalıdır. Tədris sualları mövzunun məzmununu tam əhatə etməlidir. Adətən heyətlə bir məşğələdə 2-4, taqımla 3-8 tədris sualı işlənilir.
Rəhbər məşğələyə hazırlaşarkən məşğələ rayonunun ərazi kəşfini həyata keçirir:
- taktiki şəraiti, məşğələnin keçirilmə ardıcıllığını və qaydasını dəqiqləşdirir;
- vaxt hesabını dəqiqləşdirir;
- düşmən fəaliyyətlərinin yamsılanmasını müəyyən edir;
- ərazinin məşğələyə hazırlığını yoxlayır.
Taktiki məşğələnin keçirilməsi planı iş dəftərində, sxemdə və ya irimiqyaslı xəritədə hazırlanır. Planda adətən göstərilir:
- mövzu, tədris məqsədləri, tədris sualları və onların işlənilməsi qaydası;
- vaxt, məşğələnin keçirilmə yeri və maddi-texniki təminatı;
- taktiki şərait (ilkin vəziyyət, ümumqoşun və artilleriya bölmələrinin tapşırıqları, düşmən barədə məlumatlar və s.);
- rəhbərin və öyrədilənlərin fəaliyyəti.
Plan məşğələnin keçirilməsinə 2-3 gün qalmış təsdiq edilir. Məşğələ rəhbəri planı təsdiq etdirdikdən sonra silah, texnika, texniki vasitələr və ləvazimatın məşğələyə hazırlanmasını təşkil edir. Bölmələrin məşğələlərə hazırlığı planlaşdırılmış məşğələlərdə və sərbəst hazırlıq zamanı həyata keçirilir, bu zaman ərazi maketi də istifadə edilir. Hazılıq zamanı şəxsi heyətin təlimnamə və təlimatların tələblərini bilməsi yoxlanılır, normativlərlə tanışlıq keçirilir, idarəetmə siqnalları dəqiqləşdirilir, ehtimal olunan düşmənin quruluşu və fəaliyyət taktikası, təhlükəsizlik qaydaları və başqa suallar öyrənilir.
Taktiki məşğələ bölmənin yerləşmə yerindən və ya məşğələ rayonuna çıxdıqdan sonra başlayır. Rəhbər mövzunu, tədris məqsədlərini və ilkin şəraiti elan edir, öyrədilən bölmə komandirinə döyüş tapşırığı verir. Tapşırıq müxtəlif formalarda verilə bilər, adətən ilkin şəraitə uyğun, döyüş əmri formasında verilir, məşğələnin gedişində isə – rabitə və komandalarla, sərəncam formasında verilir. Bölmə komandiri qərar qəbul edir və tabelikdə olanlara tapşırıqlar verir.

Sonra rəhbər ardıcıl olaraq bütün tədris suallarını məşq etdirir. Məşğələnin gedişində şəraitin inkişafı – komandirlərin qərarları və bölmələrin fəaliyyətləri nəzərə alınaraq həyata keçirilir.
Təhlükəsizlik qaydalarının və ya döyüş tapşırığının yerinə yetirilməsinin pozulmasına aparan nöqsanlar baş verdikdə rəhbər bölmə komandirinin fəaliyyətinə müdaxilə edir. Bu hallarda məşğələ rəhbəri qısa fasilə edərək zəif mənimsənilmiş fəndi məşq etdirir, sonra isə məşğələni davam etdirir.
Məşğələdən sonra rəhbər bütün şəxsi heyətlə və ayrıca bölmə komandirləri ilə, taktiki-sıra məşğələsində olan qaydada yekun keçirərək, mövzunu, tədris məqsədlərini və tədris suallarını təkrar edir, məşğələnin əvvəlində və gedişində yaradılmış taktiki şəraiti xatırladır, hər tədris sualı üzrə öyrədilənlərin fəaliyyətlərini təhlil edir, komandirlərin və bölmələrin fəaliyyətlərini qiymətləndirir, çatışmazlıqları və onların səbəblərini, onların döyüş fəaliyyətlərində hansı nəticələrə gətirib çıxara biləcəyini qeyd edir və bu vəziyyətlərdə fəaliyyət qaydalarını izah edir. Yekun olaraq o, təyin olunmuş tədris məqsədlərinin yerinə yetirilmə dərəcəsini müəyyən edir, bölmələrin hazırlığına ümumi qiymət verir və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verir.
Məşğələnin nəticələri barədə rəhbər bilavasitə rəisə məruzə edərək, tədris məqsədlərinin yerinə yetirilməsi, çatışmazlıqlar və bölmələrin aldığı qiymətlər barədə məlumat verir.
Taktiki təlimlər
Taktiki təlimlər Raket və artilleriya qoşunlarının taktiki hazırlığının ən yüksək formasıdır.
Taktiki təlimlər aşağıdakı məqsədlərlə keçirilir:
- müxtəlif döyüş növlərində düşmənə tələfatvermə üzrə hissə və bölmələrin döyüş uzlaşmasının, onların döyüş hazırlığının yoxlanılması və şəxsi heyətin çöl vərdişlərinin yüksəldilməsi;
- komandirlərin peşəkar hazırlığının təkmilləşdirilməsi, ərazidə döyüş fəaliyyətlərinin təşkili, onların hərtərəfli təminatı və mürəkkəb şəraitlərdə bölmələrin və onların atəşinin idarəedilməsi;
- ümumqoşun bölmə və hissələri ilə, eyni zamanda artilleriya kəşfiyyatı bölmələri ilə qarşılıqlı əlaqənin yaradılması;
- qoşunlarda yüksək mənəvi, döyüş və psixoloji keyfiyyətlərin yaradılması.
Raket və artilleriya qoşunlarının hissə və bölmələri həm ümumqoşun hissə və bölmələrlə birlikdə taktiki təlimlərə cəlb olunur, həm də onlarla ayrı taktiki təlimlər keçirilir.
Taktiki təlimlər atəş tapşırıqlarının yerinə yetirilməsinə görə döyüş atışlı və döyüş atışsız taktiki təlimlərə bölünür.
Döyüş atışsız taktiki təlimlərin gedişində atəş tapşırıqları döyüş sursatları sərf edilmədən yerinə yetirilir. Atəş tapşırıqlarının yerinə yetirilməsinin qiymətləndirilməsi, hesablanmış atış göstəriciləri ilə nəzarət göstəricilərini müqayisə etməklə həyata keçirilir.
Döyüş atışlı taktiki təlimlərdə atəş tapşırıqlarının yerinə yetirilməsinin qiymətləndirilməsi aşağıdakı kimi icra oluna bilər:
- batareyaların yaylım atəşi ilə;
- bütün və yaxud bəzi batareyaların təyin olunmuş toplarının atışları ilə;
- hesablanmış atış göstəricilərini nəzarət göstəriciləri ilə müqayisə etməklə.
Taktiki təlimlərə adətən silah və texnika tam tərkibdə cəlb edilir. Təlimlərə, döyüşün müxtəlif növlərində həm gündüz, həm də gecə tapşırıqların yerinə yetirilməsini nəzərdə tutan kompleks mövzular təyin edilir. Təlimlərin sayı, müddəti, təşkili və keçirilmə qaydası proqramlara və Müdafiə nazirinin tədris ili üçün əmrinə əsasən müəyyən olunur.
Təlim zamanı təlim rəhbərinin və onun qərargahının işi üç mərhələyə bölünür: - təlimə hazırlıq;
- təlimin keçirilməsi;
- təhlil və təlimin qiymətləndirilməsi. 
Təlimin hazırlanması və keçirilməsinə cavabdeh təlim rəhbəridir. Taktiki təlimlərin təşkilində və keçirilmə metodikasında şablon və sadələşdirmə yolverilməzdir, daim təkmilləşdirilməlidir.
Təlim rəhbəri hissə və bölmələrin, zabitlərin, təlim rayonunun hərtərəfli hazırlığını və təlimin düşünülmüş təminatını təşkil etməlidir. Təlimlərə hazırlıq və təlimin keçirilməsi zamanı müvafiq sənədlər tərtib olunur, əlavə olaraq atəş tapşırıqlarının yerinə yetirilməsi qrafiki, döyüş atışlı taktiki təlimlərdə isə əlavə olaraq real zərbə və atəş qrafikləri tərtib olunur.
Atəş tapşırıqlarının yerinə yetirilməsi qrafiki artilleriya birləşməsində və daha yuxarı səviyyələrdə tərtib olunur.
Qrafikdə göstərilir:
- atəş tapşırıqları və onların yerinə yetirilməsi şərtləri, hədəflərin xarakteri və onların koordinatları;
- atəş tapşırıqlarının yerinə yetirilmə dəqiqliyinə nəzarət üsulu və döyüş sursatlarının sərfi.
Raket zərbələrinin hazırlığı və endirilməsi qrafikində əlavə olaraq nəzarət qruplarının iş qaydası, təlim-döyüş raketləri, təlim-məşq komplektləri ilə manevr və məlumatlar göstərilir.
Artilleriya divizionu (batareyası) təliminin keçirilməsi üçün atəş tapşırıqlarının yerinə yetirilməsi siyahısı tərtib olunur və təlim planının üzərində cədvəl kimi göstərilir.
Döyüş atışlı taktiki təlimin keçirilmə planına əlavə olaraq nəzarət planşeti işlənilir. O, irimiqyaslı xəritədə hazırlanır və aşağıdakılar göstərilir:

- atəş mövqeləri, komanda-müşahidə məntəqələri, artilleriya kəşfiyyatı elementləri, döyüş atışları yerinə yetiriləcək hədəflər, atışın təhlükəli istiqamətləri və məsafələri;
- mərmilərin (minaların) partlayışından təhlükəsiz uzaqlıq hədləri, hədəflər üzrə nəzarət göstəriciləri cədvəlləri.
Taktiki təlim, döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilmə, yaxud təlim üzrə başlanğıc rayonuna çıxma və onun tutulmasına müvafiq siqnalın (sərəncamın) verilməsi ilə başlanır. Taktiki tapşırığın verilməsinin forması, vaxtı və yeri rəhbər tərəfindən təyin olunur.
Taktiki şəraitin çatdırılması və onun inkişaf etdirilməsi zamanı aşağıdakı qaydalar yerinə yetirilməlidir:
- məlumatları real döyüşdə istifadə olunan məlumat kanalları və rabitə vasitələri ilə çatdırmaq;
- taktiki şəraitin inkişaf etdirilməsi zamanı birbaşa göstərişlərin verilməsindən qaçmaq;
- hər müdaxilədə ümumqoşun döyüşünün tam şəklini yaratmaq, yəni motoatıcı, tank bölmələrinin, onların atəş vasitələrinin, qonşuların, dəstək aviasiyasının, helikopterlərin və s. fəaliyyətini göstərmək, cəbhə və dərinlik ölçülərinə malik qrup hədəflərini göstərərkən, onların elementlərini yamsılamaq və işarələmək, müdaxilələrin oynanılması zamanı yamsılama vasitələrindən və işarələrdən maksimum istifadə etmək.
Təlimlərdə şərait haqqında məlumatlar aşağıdakı üsullarla çatdırılır: - düşmənin fəaliyyətini yamsılama və hədəf maketləri ilə işarələmə ilə;
- rabitə, siqnal vasitələri ilə ümumqoşun komandirlərindən və qonşulardan məlumatlarla;
- öyrədilənlərə müxtəlif şərait sxemlərinin, sərəncamların və digər sənədlərin verilməsi ilə;
- tabelikdə olanlardan məlumatların qəbulu ilə;
- kəşfiyyat orqanlarından məruzələrlə;
- təlim rəhbəri, yaxud rəhbərliyin qərargahı vasitəsi ilə tapşırığın verilməsi ilə. 
Rəhbər və onun qərargahı, təlimin gedişində vasitəçilər və nəzarət qrupları vasitəsi ilə öyrənənlərin fəaliyyətinə nəzarət edir, hər mərhələdə daxil olan məlumatları ümumiləşdirir. Ən vacib suallar üzrə məlumatlar, məsələn ilkin döyüş düzülüşünə açılma, atəşin idarə olunması üzrə tapşırıqların yerinə yetirilməsi, yerdəyişmə və s. qərargaha dərhal təqdim olunmalıdır. Daimi yaşayış məntəqəsinə qayıtma, təlim rəhbərinin təyin etdiyi rayonda toplandıqdan sonra, taktiki şəraitə uyğun həyata keçirilir. Öyrədilən hissə (bölmə) komandirlərinin qoşunların daimi yaşayış məntəqələrinə qayıtması barədə məruzələrindən sonra təlimin ümumi yekunu keçirilir.
Nəticə 1. Taktiki hazırlıq üzrə mövzular Raket və artilleriya hissə və bölmələrinin döyüş tapşırıqlarına uyğun seçilməlidir. 2. Raket və artilleriya qoşunlarının döyüş hazırlığı proqramları ümumqoşun bölmələrinin proqramları ilə uyğunlaşdırılmalı, döyüş hazırlığı planlaşdırılarkən onların paralel hazırlığı təmin olunmalıdır. 3. Raket və artilleriya qoşunlarının taktiki təlimlərinin mövzuları ümumqoşun birləşmə, hissə və bölmələrinin təlimlərinin mövzuları ilə uyğun olmalı, ümumqoşun birlik, birləşmə, hissə və bölmələrinin təlimlərinin, döyüş tapşırığına müvafiq olaraq əmrinə və ya dəstəyinə verilmiş raket və artilleriya qüvvələri ilə birgə keçirilməsi təmin edilməlidir.
Hərbi ekspert Səməndər Məmmədov
Mənbə: ordu.az