Türkiyə ordusu Suriyanın şimalına hücumları davam etdirir

Türkiyə ordusu Suriyanın şimalına hücumları davam etdirir

Türkiyə Müdafiə Nazirliyinin bildirdiyinə görə, Türkiyənin quru qüvvələri cümə axşamı Suriyanın şimalındakı kürd döyüşçülərinə qarşı hücumları intensivləşdirib. Suriyanın sərhəddəki kənd və qəsəbələrinə havadan zərbələr endirilib, artilleriyadan mərmilər yağdırılıb.

Artıq ikinci gündür Türkiyənin Suriyanın şimalına etdiyi hücumlar dünya boyu geniş qınağa səbəb olub. Sərhəd bölgələrinin sakinləri çərşənbə günü piyada, avtomobillər və rikşalarla bölgəni tərk etməyə çalışıb.

Bu qorxunc ssenari bir neçə il əvvəl bu bölgədə İslam Dövləti qrupunun dəhşətlərindən qaçan şəhər və kənd sakinlərinə tanışdır.

Kürdlərin başçılıq etdiyi qrup və suriyalı fəallar ağır döyüşlərə baxmayaraq, Türkiyə ordusunun bir o qədər də irəliləyiş əldə etmədiyini bildirib. Lakin onların iddiaları müstəqil olaraq təsdiqlənməyib və döyüşlərin getdiyi ərazilərdə vəziyyəti qiymətləndirmək çətin olub.

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında hücumlar barədə ətraflı məlumat verilməsə də, ordunun fəaliyyərdə olan videosu paylaşılıb. Nazirlik hücumlar başlayandan bəri Türkiyə təyyarələri və artilleriyasının Fərat çayının şərqindən Suriyadakı 181 hədəfi nişan aldığını bildirib.

Mənbə: www.amerikaninsesi.org