AVROPALI DEPUTATLAR “ŞTAYNMAYER FORMULU”NU PUTİNİN TƏLƏSİ ADLANDIRIBLAR

AVROPALI DEPUTATLAR “ŞTAYNMAYER FORMULU”NU PUTİNİN TƏLƏSİ ADLANDIRIBLAR

Avropa Parlamentində Ukraynadakı vəziyyətlə bağlı gedən debatlarda əsas mövzulardan biri “Ştaynmayer formulu” olub. Əsasən Şərqi Avropadan olan deputatlar bu sənədi şərh edərək ehtiyatlı olmağa dəvət ediblər. Bu barədə “DW” portalının Brüsseldəki müxbiri Yuri Şeyko xəbər verir.

Debatlarda icraedici hakimiyyəti AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini (Federica Mogerini) təmsil edib. O, vəzifədə olduğu 5 il ərzində Ukraynanın güclənməsi və AB-ə daha da yaxın olması haqqında uzun-uzun danışıb. Diplomat “Ştaynmayer formulu”ndan bəhs edərkən bir qədər ehtiyatlı davranıb, bir müddət əvvəl mətbuat katibinin verdiyi bəyanatı təkrarlayıb: AB ümid edir ki, bu addım “Minsk sazişinin tam həyata keçirilməsi istiqamətində müəyyən irəliləyişə” gətirib çıxaracaq.

Bundan sonra “formul”un ünvanına əsasən tənqidlər səslənib. Xatıladaq ki, Formul Donetsk və Luqansk vilayətlərinin Kiyevin nəzarətində olmayan ərazilərində Ukrayna qanunlarına müvafiq seçkilərin keçirilməsini nəzərdə tutur. Bundan sonra, ATƏT müşahidəçiləri seçkiləri təşkilatın standartlarına uyğun saydığı təqdirdə Donbasın xüsusi statusu barədə qanun qüvvəyə minəcək.

Latviyadan olan avrodeputat Sandra Kalniete (Sandra Kalniete) narahatlığını dilə gətirib: seçimlərin nəticələrinə əsasən, Donbasdakı separatçılar müəyyən legitimlik əldə etsələr, “Ştaynmayer formulu”ndan qalib çıxan yeganə tərəf Rusiya ola bilər. “Beynəlxalq cəmiyyətə geri qayıtmaq üçün Rusiyaya lazım olan şey budur”, - ən böyük fraksiya - Avropa Xalq Partiyasının mövqeyini dilə gətirən Kalniete bildirib.

“Avropa mühafizəkarları və islahatçıları” fraksiyasının adından polyak Vitold Vaşikovski (Witold Jan Waszczykowski) çıxış edib. Deputat əmindir ki, “Ştaynmayer formulu” Rusiyanın regionlara muxtariyyət verməklə, mərkəzi hökuməti zəiflədib rus təsirini artırmaqla Ukraynanı federallaşdırmaq ideyasına cavab verir. Vaşikovski kompromis əldə etməyin vacib olduğunu qeyd etsə də, “Putinin növbəti tələsinə düşməməyə” çağırıb.

Estoniyadan olan sosial demokrat Sven Mikser (Sven Mikser) də ehtiyatlı olmaq lazım gəldiyini vurğulayıb. “Ukraynada davamlı sülhə nail olmaq istiqamətində həyata keçirdiyimiz səylər nə istənilən yolla Rusiya ilə normal vəziyyətə qayıtmaq istəyinin, nə də Avropa ölkələrinin Ukraynadan yorulmasının nəticəsi olmalıdır”, - deyə o qeyd edib. Deputat bildirib ki, bu səylərin motivi “təcavüzkarın” vurduğu ziyanın düzəldilməsi, həmçinin Ukraynanın suverenliyini və ərazi bütövlüyünün bərpa edilməsi olmalıdır.

Mənbə: www.xpressa.net