“Azərbaycan dövləti kimdir? Burada biz deyən olur!...” BU CÜR DANIŞAN İSLAM ŞAHBƏNDƏROV KİMDİR, KİMİN ADAMIDIR?

“Azərbaycan dövləti kimdir? Burada biz deyən olur!...” BU CÜR DANIŞAN İSLAM ŞAHBƏNDƏROV KİMDİR, KİMİN ADAMIDIR?

“Türkiyə Dövlət Dəmir Yolları”nın (TCDD) icraçı direktoru Ali İhsan Uyğunun müşaviri olduğu bildirilən Rusiya vətəndaşı, axıska türkü, ABŞ-ın Ohayo ştatında yaşayan və “Ahıska Türk-Amerikan Toplum Merkezi”-nin başqanı olmuş İslam Şahbəndərov barəsində Türkiyə mediasında qalmaqallı iddialar irəli sürülüb.

Virtualaz.org xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən digər axıska türkləri diaspor təşkilatı olan Axıska Türkləri Dərnəyinin başqanı Aydın Məmmədov onu Birləşmiş Ştatlardakı axıska türkləri məzarlığını onlardan xəbərsiz satdığını deyib.

 

A.Məmmədov bildirir ki, bu kimi fəaliyyətlərinə görə İslam Şahbəndərov Axıska Türkləri Dərnəyindən və Amerikadakı axıska türkləri icmasından kənarlaşdırılıb. Amma o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın adından istifadə edərək iş adamlarına təsir göstərməyə çalışır.

“KDY Logistik” şirkətinin ortaqları olan trabzonlu Yakup Sağlam və azərbaycanlı Qalib Məmmədov isə bunları deyir: “İslam Şahbəndərov adlı şəxs logistika biznesində ancaq onunla işləməyə məcbur olduğumuzu deyir, hörmətli prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın adından istifadə edir, onun icazəsi ilə bu işləri gördüyünü bildirir. Nəticədə biz onunla işləməkdən imtina etdik, bildirdik ki, Türkiyə hüquqi dövlətdir və həyata keçirəcəyimiz iqtisadi fəaliyyətlər Türkiyə iqtisadiyyatına fayda verəcək, Azərbaycanla Türkiyə arasında ticarət əməkdaşlığına hədəflənəcək. Ayrıca onu da bildirdik ki, Azərbaycandakı bəzi önəmli qurumlar onun barəsində mənfi fikirlərə malikdir. Bu zaman Şahbəndərov kobud ifadə ilə “Azərbaycan dövləti kimdir! Burada bizim dediyimiz olur” dedi.

Sonradan barəsində araşdırma aparanda onun TCDD-də müşavir olduğunu, Amerikada axıska türklərinə aid məzarlığı satdığını və nəticədə Amerikadakı axıska icmasından uzaqlaşdırıldığını öyrəndik. Amerikadakı Axıska Türkləri Dərnəyinin başqanı Aydın Məmmədov onun dərnəkdən uzaqlaşdırıldığı haqda sənədi bizə göstərdi. Habelə Özbəkistanda və digər ölkələrdə görüşdüyümüz önəmli adamlar da onun barəsində çox mənfi ifadələr işlətdilər. Məyusedici odur ki, Türkiyənin imicinə və ticarət maraqlarına zərbə vuran bu şəxs TCDD kimi önəmli strukturda müşavirdir”.

Qeyd edək ki, internet mənbələrinə əsasən İslam Şahbəndərov ABŞ-da türk icmasının keçirdiyi müxtəlif aksiyalarda iştirak edib, habelə onun Fətullah Gülənə qarşı çıxışlarına rast gəlinir. İslam Şahbəndərov o cümlədən Azərbaycanda yaşayan axıska türklərinə yardımlar göndərib.

Virtualaz.org

Mənbə: virtualaz.org