XİN başçısı: "Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayır"

XİN başçısı: "Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayır"

"Dünyadakı ölkələrin böyük əksəriyyəti çoxkonfessiyalı ölkələr və bir çox millətlərin nümayəndələrinin yaşadığı ölkələrdir. Monoetnik ölkələr istisnadır. Buna görə də humanitar sahədə əməkdaşlıq, müxtəlif konfessiyaların və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşma hər bir ölkədə milli harmoniya, həm də əməkdaşlığımız üçün vacibdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının Türkmənistan paytaxtı Aşqabadda keçirilən dar tərkibli iclasında çıxışı zamanı bildirib.

O deyib ki, MDB daxilində fərqli tarixə, mədəniyyətə, dinə sahib olan ölkələr təmsil olunur: "Bizi ümumi maraqlarımız birləşdirir, bizi əməkdaşlıq birləşdirir.

Azərbaycan multikulturalizmin təbliğinə böyük əhəmiyyət verir. Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayır. Son illərdə bir sıra qlobal tədbirlər keçirdik, dialoq və qarşılıqlı anlaşmanı təşviq edən təşəbbüslər irəli sürdük. Bu xüsusda, BMT-nin Baş Assambleyası və Baş katibi tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qeyd edilməlidir.

Bildiyiniz kimi, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın prioritet sahələrindən biri də idman sektorudur. Qısa müddət ərzində Azərbaycan özünü beynəlxalq idman yarışlarının mərkəzi kimi doğrultdu. Belə ki, son illərdə Respublikamızda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, o cümlədən Dünya və Avropa çempionatları, dünya kubokları və bir çox idman növləri üzrə Qran-pri yarışları kimi beynəlxalq tədbirlər uğurla həyata keçirilmişdir.

İnanıram ki, humanitar sahədə konstruktiv əməkdaşlığın davam edilməsi bundan sonra da dövlətlərimiz arasında etimadın möhkəmləndirilməsinə və Birliyin inkişafına öz töhfəsini verəcəkdir. Humanitar əlaqələr ilə yanaşı, ölkələrimiz həm çoxtərəfli, həm də ikitərəfli formatlarda iqtisadi əməkdaşlıq potensialını uğurla inkişaf etdirir".

Mənbə: report.az