Ortaq mədəniyyət və tarixi köklər Türk Şurasını regionda mühüm güc mərkəzinə çevirəcək - RƏYLƏR

Ortaq mədəniyyət və tarixi köklər Türk Şurasını regionda mühüm güc mərkəzinə çevirəcək - RƏYLƏR

Bakı. Samir Əli - Trend:

2009-cu ildə Naxçıvan Sazişi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın birgə Türk Şurası yaratması türkdilli dövlətlər üçün çox vacib və əhəmiyyətli rola malikdir.

Bunu Trend-ə açıqlamasında yazıçı-publisist, türkoloq Yunus Oğuz deyib.

Onun sözlərinə görə, bu şuranın aktiv fəaliyyəti gələcəkdə türkdilli dövlətlərin iqtisadiyyatının güclənməsinə də gətirib çıxaracaq:

"Türk Şurası, həmçinin, şuraya üzv dövlətlərin ümumi münasibətlərinin formalaşmasında mühüm rol oynayır. Artıq 10 ildir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəaliyyət göstərir və bu müddət, əsasən, təşəkkül dövrü hesab edilir. Bu ildən artıq Özbəkstan da şuraya daxil oldu. Bu da bütövlükdə, Orta Asiya türklərinin bağlantısı üçün vacib şərtlərdən biridir, gələcək münasibətlərin qurulmasıdır. Çünki, bu təşkilat üzv dövlətlər arasında münasibətlərin formalaşmasına, güclü birliyə, güclü iqtisadiyyata malik olmasına gətirib çıxaracaq".

Y.Oğuz bildirib ki, Türk Şurasının qlobal arenada getdikcə önəmli regional təşkilata çevrilməsi türk dünyası ilə ortaq tarixi bölüşən Macarıstanın inteqrasiya layihəsinə ciddi marağının yaranmasına səbəb oldu:

"Keçən ildən etibarən Macarıstanın Türk Şurasında müşahidəçi status alması və yaxın gələcəkdə gözlənilən üzvlüyü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Asiya qitəsi ilə məhdudlaşmadığını, artıq Avropa sərhədlərinədək genişləndiyini göstərir. Türkdilli dövlətlərin ortaq dil, mədəniyyət və tarixi köklərinin olması əməkdaşlıq çərçivəsinin genişlənməsinə yardım edir. Eyni zamanda, ortaq mədəniyyət və tarixi köklər Türk Şurasını regionda mühüm güc mərkəzinə çevirəcək".

Türk Şurasının yaranmasının 10-cu ilində Özbəkistanın da təşkilata üzv olması əhəmiyyətli bir hadisədir.

Bunu isə Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, bu təşkilatın get-gedə güclənməsi türkdilli ölkələrin beynəlxalq aləmdə gücünün artmasından xəbər verir:

"Bu təşkilat türkdilli dövlətlərin münasibətlərinin yaxınlaşması, əməkdaşlığın artırılması, əlaqələrin genişlənməsi, tərəfdaşlıq etməsi üçün çox vacibdir. Mən istərdim ki, bu təşkilat daha da güclənsin, tükdilli ölkələr birlik nümayiş etdirsin, həmin ölkələrin məsələlərində birlik nümayiş etdirilsin. Bu birliyin yaranmasına, fəaliyyətinə və güclənməsinə bəzi beynəlxalq təşkilatlar tərəfindən qısqanclıq da var. Böyük Türküstanın yaranması çox vacibdir. Bu təşkilatın fəaliyyəti türkdilli dövlətlər üçün həddindən çox səmərəli və vacibdir. Bu birlik əməldə, sözdə, inkişafda birlik deməkdir. Get-gedə də təşkilatın üzvləri artır. Türkdilli dövlətlərin birləşməsi bu ölkələrin iqtisadiyyatını, inkişafını sürətləndirir, birlik kimi səsimizin eşidilməsinə kömək edir. Məsələn, MDB-yə Rusiya mərkəzçilik edirsə, Türk Şurasında da mərkəzçi Türkiyədir".

E.Məmmədov əlavə edib ki, Türk Şurasının bünövrəsinin Azərbaycanda qoyulması, Şuranın 10 illiyinin Bakıda keçirilməsi Azərbaycanın uğurundan, Türk birliyindəki söz sahibliyindən xəbər verir.

Qeyd edək ki, dünən Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib. Bu gün isə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçiriləcək.

İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Mənbə: az.trend.az