Bir hüquqi sənəd ki, tövsiyə xarakteri daşıyır, hansı müsbət dəyişikliklərdən söhbət gedə bilər?!

Bir hüquqi sənəd ki, tövsiyə xarakteri daşıyır, hansı müsbət dəyişikliklərdən söhbət gedə bilər?!

Azərbaycan Respublikasının Prezidentinin "məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli fərmanının təhlili

Hüquqi dövlət quruculuğu prosesində ölkəmizdə ədalətli məhkəmə-hüquq sisteminin formalaşdırılması, bu istiqamətdə davamlı islahatların həyata keçirilməsinin təmini hər bir vətəndaşın hüquq və azadlıqlarının şəffaf və obyektiv şəkildə müdafiəsi məqsədilə mühüm əhəmiyyətə malikdir. İlk növbədə onu vurğulamaq gərəkdir ki, hüquqi dövlət quruculuğu dövlət hakimiyyətinin qanunverici, icraedici və məhkəmə qollarına bölünməsini və onlar arasında uzlaşan münasibətlərin yaradılmasını müəyyən edir.

Hüquqi və demokratik dövlətin təməl əsaslarının lokomotivini təşkil edən bu prinsip ictimai praktikada reallaşdırılmadan qanunların aliliyi, idarəetmədə peşəkarlığın üstünlüyü, məhkəmə hakimiyyətinin və hakimlərin müstəqilliyi, o cümlədən dövlət idarəçiliyinin mükəmməl statusunu təmin edilə bilməz. Xaosun, qeyri-sivli idarətetmə formasının, sosial ədalətsizliyin, qrup mənafeyinin milli maraqları üstələməsinin qarşısını almaq hər bir hüquqi dövlətin başlıca vəzifəsi və məqsədidir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən "insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.”

Lakin təəssüflə qeyd etmək mümkündür ki, bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar, görülən işlər dövlətin ali məqsədinin təmin olunması naminə rasionallıq yaratmır. Bu barədə Azərbaycan Respublikasının Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli fərmanına diqqət yetirməkdə fayda var”.

Əvvəla onu qeyd edim ki, "fərman” sözü fars sözüdür, mənası "əmr etmək”, "buyurmaq” deməkdir.Azərbaycan Respublikasının Prezidentinin məhkəmə-hüquq sistemində islahlatların dərinləşdirilməsi haqqında fərmanı Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, fərman mahiyyətinə görə imperativ deyil, dispozitiv səciyyə daşıyır. Bu minvalla qəbul edilən fərmanın hər bəndində demək olar ki, məhkəmə-hüquq sistemini təşkil edən subyektlərə məqsədə çatmaq naminə tövsiyələr verilir. Tövsiyə ehtiva edən hüquqi sənədin isə heç şübhəsiz ki, müsbət effekt yaradan nəticəsini görmək mümkün deyil.

Təsadüfi deyil ki, fərman qəbul olunduğu tarixdən etibarən məhkəmə-hüquq sistemində müsbət təmayüllü dəyişikliklər müşahidə olunmayıb. Axı necə olsun?! Bir hüquqi sənəd ki, tövsiyə xarakteri daşıyır, hansı müsbət dəyişikliklərdən söhbət gedə bilər?!Fərman adlanan hüquqi sənəddə diqqət çəkən önəmli məqamlardan birisi Azərbaycan Respublikasının Ali Məhkəməsinə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının tövsiyə edilməsidir.

Qeyd edim ki, artıq uzun müddətdir "Məhkəmələr və hakimlər haqqında” qanuna əsasən məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsi Ali Məhkəməyə həvalə edilib. Göründüyü kimi qəbul edilən fərmanın heç bir real əhəmiyyəti və huquqi dayağı yoxdur. Çünki qəbul edilən fərman normativ-hüquqi akt deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidentinin Fərmanı Azərbaycan Respublikasının qanunvericilik sistemini təşkil edən 6 normativ-hüquqi aktdan birisidir.

Normativ-hüquqi aktlar tövsiyə deyil, məcburi xarakterə malikdir. Əlavə olaraq bu baxımdan normativ-hüquqi aktlar haqqında qanunun 64.7-ci maddəsinə diqqət yetirməkdə fayda var. Konstitusiya qanununun həmin maddəsində belə qeyd edilib: "Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin hüquqlarının dəqiq (dürüst) nizamlanmaması yolu ilə vəzifəli şəxslər üçün diskresion səlahiyyətlərin və dispozitiv imkanların yaradılmasına yol verilmir”.

Odur ki, Azərbaycan Respublikasının Prezidentinin 03 aprel 2019-cu il tarixli fərmanı məqsəd və mahiyyətinə görə Azərbaycan Respublikasının Konstitusiyanın və Normativ hüquqi aktlar haqqında konstitusiya qanununun tələblərinə adekvat olmadığından etibarsız sayılmalıdır.

İctimai Vəkil Samir Zeynalov

Mənbə: criminal.az