PROBLEM RUSİYADA DEYİL, PUTİN RUSİYASINDADIR

PROBLEM RUSİYADA DEYİL, PUTİN RUSİYASINDADIR

“Rusiyanın strateji müttəfiq elan etdiyi istənilən dövlətlə gec-tez problemləri meydana çıxır. Bu haqda dəfələrlə yazmışıq. Haqlı olduğumuzun növbəti sübutu: Qazaxıstan Rusiyanın yerli kömürün Ukraynaya tranzitinə mane olduğunu bəyan edib. Respublika dəyən itkiləri ayda 11 milyon dollar civarında qiymətləndirir. Bu barədə Qazaxıstan Ticarət və İnteqrasiya nazirliyinə istinadən Rusiya mətbuatı məlumat verir”, - Romella Mnasakanyan “ArmenianReport.com” saytında yazır.

“Avrasiya İqtisadi Komissiyası (AİK) belə bir nəticəyə gəlib ki, “Kommersant” qəzetinin yazdığı kimi, “Qazaxıstandan Ukraynaya kömürün tranzit tədarükünə faktiki olaraq kvot qoyan” Rusiyanın addımlarını “daxili bazarın fəaliyyəti çərçivəsində baryer əlamətlərinə malik” maneə kimi qiymətləndirmək lazımdır. Nəşrin informasiyasına əsasən, tərəflər fikir ayrılığını Rusiya və Qazaxıstan arasında 14-15 oktyabrda keçiriləcək komissiyalararası iclasda müzakirə edəcəklər”, - məqalədə deyilir.

Bildirilir ki, məhdudiyyət formal olaraq tranzit yüklərinə şamil edilmir, “ancaq təcrübədə Rusiya faktiki olaraq öz ərazisindən keçən tədarükə kvot qoyur”. Məqalə müəllifi bunun artıq Aİİ-ə üzv olan bütün ölkələrə, o cümlədən Ermənistana ciddi mesaj olduğunu düşünür.

“Bədbəxtlikdən, “məxməri” hakimiyyət problemləri həll etməyə deyil, onları inkar etməyə, onlar barədə susmağa, ən pisi isə bu haqda ictimaiyyətə yalan danışmağa öyrəşib. Aydındır ki, Kremlin Azərbaycana meyl etməsindən xəbər verən bir sıra hadisələr yalnız Vladimir Putinin şəxsi icazəsi ilə baş verə bilərdi. İlk növbədə Azərbaycan rəhbərliyinin Valday forumunun iclasında yol verdiyi təxribatı qeyd etmək lazımdır. İlham Əliyev bəyanatını Rusiyada, Putinin iştirak etdiyi tədbirdə edib. Və o, neqativ reaksiya ilə üzləşməyib”, - jurnalist qeyd edir.

“Rusiyanın bütün istiqamətlər üzrə Ermənistanı və erməniləri satdığına şahid oluruq. “Moskva Suriayda Türkiyə ilə hərbi qarşıdurma ehtimalı barədə düşünmək belə istəmir”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Halbuki Ermənistan rəhbərliyi Türkiyənin Suriyada başlatdığı hərbi avantüranı açıq şəkildə pisləyib”, - Mnasakanyan xatırladır.

“Ermənistanı Putin rejiminin ağuşunda boğulma gözləyir. Bu rejim həmvətənləri üçün qeyri-mümkün həyat şəraiti yaradıb. Onları azadlıqdan məhrum edib, həmçinin Rusiya Federasiyasını sürgün dövlətə çevirib. Rusiya ilə iqtisadi əlaqələrin bərpa edilməsindən əldə olunacaq gəlir belə ABŞ və AB-nin sanksiyaları ləğv etməsinə həvəsləndirməyib. Hərçənd Kremlin “satın aldığı” qərb siyasətçiləri sanksiyaların aradan qaldırılması üçün əllərindən gələni edirlər. Putin Rusiyası isə dəyişməyə hazırlaşmır”, - məqalədə deyilir.

“Azadlıqsevər xalqımız nə qədər güc sahibi olursa olsun, yeni hakimiyyət nə qədər demokratik olursa olsun, Kremlin paternal himayəsi altında Ermənistanın inkişafın ümid işartısını belə görməyəcəyini anlayıb qəbul etmək lazımdır”, - jurnalist yazır.

“Deyəsən, Qazaxıstanda artıq bunu başa düşürlər. Elə Aİİ-ə üzv olan başqa dövlətlərdə də. Həmin ölkələrdə artıq bu cür ifadələr eşidilməyə başlayıb: Aİİ-ə qarşı etirazları Rusiya əleyhinə bəyanat kimi qəbul etmək lazım deyil. Əksinə, rus xalqının azadlıqsevər nümayəndələri ilə yaxınlığı və birliyi dəstəkləmək lazımdır. Putinin hakimiyyətdəki əlaltılarından xilas olan və Rusiyaya Putinin özündən xilas olmağa kömək edə biləcək ölkəmizdə də oxşar söhbətlər gedir”, - məqalə müəllifi sonda qeyd edir.

Mənbə: www.xpressa.net