Trampın keçmiş müşaviri 10 saat ifadə verib –İmpiçment araşdırması davam edir

Trampın keçmiş müşaviri 10 saat ifadə verib –İmpiçment araşdırması davam edir

ABŞ Konqresinin üç komitəsində impiçment araşdırması davam edir.

Prezident Donald Trampın Rusiya üzrə keçmiş müşaviri oktyabrın 14-də 10 saatdan çox qapalı ifadə verib.

Fiona Hill Trampın Milli Təhlükəsizlik Şurasında Avropa və Rusiya Məsələləri üzrə keçmiş direktor idi. O, bütün günü Nümayəndələr Palatasının komitəsində sualları cavablandırıb.

Tramp ukraynalı həmkarından siyasi rəqibi, keçmiş vitse-prezident Co Bayden barədə araşdırma aparılmasını istəyərkən səlahiyyətindən sui-istifadə edibmi? Palata bunu araşdırır.

Oktyabrın 16-da Dövlət katibi Mayk Pompeonun aparıcı müşaviri postundan bu yaxınlarda istefa vermiş Miçel MakKinle könüllü ifadə verəcək.

“Reuters” xəbər verib ki, Müdafiə Nazirinin müavininin köməkçisi Laura Kuper oktyabrın 18-də Palata komitələrində dindiriləcək.

Oktyabrın 17-də isə ABŞ-ın Avropa Birliyindəki səfiri Qordon Sondlandın ifadə verəcəyi gözlənir.

Tramp təkid edir ki, iyulun 25-də ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon söhbətində hansısa yanlışa yol verməyib. Həmin söhbət zamanı Tramp Zelenskidən xahiş edib ki, Bayden və oğlu Hunter barədə korrupsiya iddiaları ilə araşdırma apararkən şəxsi vəkili Rudi Culiani və Baş Prokuror Vilyam Barr ilə işləsin.

Culiani sənədləri verəcəkmi

Telefon söhbəti zamanı Tramp Ukrayna üçün nəzərdə tutulmuş 391 milyon dollar hərbi yardımın ayrılmasını dayandırıb. Həmin yardımda məqsəd Kiyevə Ukraynanın şərqindəki separatçılarla münaqişədə kömək etmək idi.

Oktyabrın 15-dək Culiani Ukraynayla bağlı, Konqresin istədiyi sənədləri verməlidir. İndiyədək Tramp administrasiyasının heç bir üzvü onun bu tələbə əməl edib-etməyəcəyini deməyib. Giuliani iki dönəm Nyu Yorkun meri olub.

Bu arada Culiani iki müştərisi və biznes ortağı – ukraynalı Lev Parnas və belaruslu İqor Fruman hələ də həbsdədir. Onların ABŞ-da seçki kampaniyasını maliyyələşdirmə qanunlarını pozduğu iddia olunur və ötən həftə saxlanıblar. Onlar girov müqabilində azadlığa buraxılmayıblar. İki şübhəlinin “federal və ştat vəzifələrinə namizədlər üçün xaricdən pul təşkil elədiyi” bildirilir.

Culiani etiraf edib ki, ortaqları ilə birlikdə ukraynalı prokurorlarla işləyərək Bayden, oğlu Hunter və ABŞ-ın Ukraynadakı ovaxtkı səfiri Mariya Yovanovitç barədə informasiya əldə etməyə çalışıblar. Hazırda Dövlət Departamentində çalışan Yovanovitç oktyabrın 11-də Palatada qapalı ifadə verib.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsinin (OCCRP) məlumatına görə, Parnas və Fruman 2018-ci ildə respublikaçıların müxtəlif seçki kampaniyalarına azı 576 min dollar ianə ediblər.

Bu pulun böyük hissəsi – 325 min dolları Trampı dəstəkləyən “America First Action” komitəsinə ayrılıb. (azadliq.org)

Mənbə: strateq.az