"Özünə ziyalı deyən bir xanımın belə bir böhtançı adını öz üzərinə götürməsi düşündürücüdür"

"Özünə ziyalı deyən bir xanımın belə bir böhtançı adını öz üzərinə götürməsi düşündürücüdür"

Xanım yazar hörmətli Mehriban Vəzirin seçkilərlə bağlı fərqli münasibəti ola bilər və bunu da ifadə etmək azadlığı var. Etibar Əliyevin də deputat seçilməsinə mənfi münasibət bildirməsi də hər kəsin haqqıdır. Kiminsə simpatiyası öz dünyagörüşünə uyğun olaraq bir populust bloggerə, kiminsə təhsilə, elmə, fəlsəfəyə dəyər verdiyinə görə Etibar Əliyevə ola bilər. Ancaq özünə ziyalı deyən bir xanımın Etibar Əliyevin bacısı haqqında "tumanından bülleten çıxarıb atıb" iddiası ilə böhtan atması yalnız qaragüruhçuluq və məsuliyyətsizlik kimi anlaşılmamalıdır. Bu cür açıqlamalarla kəmsavad təhsil eksperti Nabatəli Qulamoğlu, Elçin Paşayev və başqa bu kimi qaraguruhçuların təqdirini qazanmaq bəlkə də mümkündür. Ancaq özünə ziyalı deyən bir xanımın belə bir böhtançı adını öz üzərinə götürməsi həqiqətən düşündürücüdür. Qeyd edim ki, Etibar Əliyevin bacısı 30 ilin müəlliməsidir, məktəbdə də ən nüfuzlu pedaqoqlardan birdir. Mənim deputat seçildiyim dairədə məntəqə seçki komissiyasının üzvüdür. Bu video ortaya atılan kimi mən də həmin vaxt məsələni dərininə qədər araşdırdım və açıq şəkildə bildirdim ki, həmin məntəqədə qutuya bülleten atılması faktı qətiyyən olmayıb. O videoya da baxanlar görərlər ki, ümumiyyətlə həmin müəllimənin qutuya hansısa müdaxiləsi olmayıb. O zaman da bunu sosial şəbəkədə yayılan statusumda Mehman Hüseynovun böhtanı olaraq bildirdim və bu gün də istənilən şəxsə bunun böhtan, şantaj olduğunu sübut etməyə hazıram. Maraqlıdır ki, nə həmin məntəqədən, nə də ümumiyyətlə dairənin hansısa məntəqəsindən 26 saylı DSK-ya, MSK-ya hansısa şikayət də daxil olmayıb ki, məsələ hüquqi çərçivədə mübahisələndirilsin. Bir sürü qaragüruhçunun məsələnin mahiyyətini araşdırmadan bu böhtana şərik çıxması da həmin məsuliyyətsizliyin başqa bir formada təzahürüdür. Əlbəttə, kimisə dəstəkləyib-dəstəkləməmək şəxsi zövqlə və dünyagörüşlərlə bağlı ola bilər. Odur ki, Mehman Hüseynovun Etibar Əliyevlə dialoqunun da məğzinə toxunmadan iradımı bir məsələyə yönəldirəm: bir ziyalı xanımın siyasi mövqeyini qəbul etmədiyi bir vətəndaşın heç bir sübut olmadığı halda "bacısının tumanından bülleten atdı" ifadəsini işlətməsi əxlaqlı üslub sayıla bilməz. Bu ifadələri qətiyyən hörmətli Mehriban xanımı incitmək üçün seçmirəm, sadəcə siyasi mövqe bildirməklə, böhtan atmanın fərqli şeylər olduğunu diqqətə çatdırmaq üçün bu qeydlərimi yazıram.

 

Mənbə: moderator.az