Cəbi Bəhramov: “...sayı yanlış olaraq 42 göstərilir, halbuki, onların sayı çoxdur”
Faşizm üzərində Qələbinin 75 illiyi ilə bağlı olaraq bir sıra məsələlər, o cümlədən də azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının döyüş yolu, hebelə onların sayı yenidən gündəmə gətirilib.
Son dövrlərin araşdırmaları bu istiqamətdə qaranlıq qalan bir sıra məsələlərin üstünə işıq salıb. Azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının sayı haqqında son günlərə qədər mübahisəli rəqəmlər mövcud idi. Hətta “Vikipediya” açıq ensiklopediyasında, eləcə də internet axtarış sistemlərində Sovet İttifaqı qəhrəmanlarımızın sayı müxtəlif cür verilib. Bir sıra internet resurslarında, o cümlədən də “Vikipediya”da onların sayının 42 nəfər olduğu qeyd edilir.
Yadınıza salaq ki, Prezident İlham Əliyev Rusiyanın populyar TASS informasiya agentliyinə müsahibəsində 123 azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü vurğulayıb.
Azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının sayı internet resurslarında, xüsusən də hər kəsin istinad etdiyi “Vikipediya”da niyə dəqiq qeyd edilməyib?
“O dövrdə azərbaycanlıların Sovet İttifaqı Qəhrəmanı adı almasına ermənilər ciddi maneələr törədirdilər”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov “Bakı-Xəbər”ə bildirdi ki, hazırda bu istiqamətdə araşırdırmalar aparılır və tədqiqatlar zamanı ortaya kifayət qədər yeni fakt çıxıb. C.Bəhramovun sözlərinə görə, Sovet dövründə Azərbaycan xalqına göstərilən ögey münasibət nəticəsində bu adı daşıyan azərbaycanlıların tam sayını üzə çıxarmaq mümkün olmayıb. “Azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının sayı yanlış olaraq 42 göstərilir, halbuki, onların sayı çoxdur. Məsələ burasındadır ki, hazırda bu istiqamətdə ciddi tədqiqatlar həyata keçirilir, axtarışlar gedir. Çünki Azərbaycandan kənarda İkinci Dünya Müharibəsi ərəfəsində, keçmiş SSRİ ərazisində azərbaycanlıların sayı 4 milyon 65 min nəfər olub. Yəni bura Cənubi Qafqaz respublikaları, o cümlədən, Rusiya Federasiyası, Mərkəzi Asiya və s. aiddir. Ona görə ki, keçən əsrin 30-cu illərində Azərbaycandan Qazaxıstana sürgün edilənlər də var. Arxiv sənədlərində bizə aydın olmayan çox fakt var ki, biz onları indi-indi üzə çıxara bilirik. O vaxt Azərbaycandan gedən məşhur generallarımızdan olan Akim Abbasovun Mir Cəfər Bağırova yazdığı məktubu tapdım. O, Qafqaz uğrunda gedən döyüşlərdə 833-cü batalyonun komandiri olub. Akim Abbasovu “Lenin” ordeninə və Sovet İttifaqı Qəhrəmanı adına təqdim ediblər, amma bunları ona verməyiblər. Bilirsiniz ki, Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adını vermək istəmirdilər. Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adı alması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev o vaxt sübut etdi ki, Mehdi Hüseynzadə doğrudan da qəhrəmandır. Həzi Aslanovun özünün ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı alması prosesi də çox çətin olub. Onun ikinci dəfə bu adı alması üçün Musa Bağırov nə qədər əziyyət çəkib. Bu məsələdə azərbaycanlılara münasibət elə də yaxşı olmayıb. 123 nəfər Sovet İttifaqı Qəhrəmanımız olması faktını cənab Prezident doğru vurğulayıb.
O dövrdə azərbaycanlıların Sovet İttifaqı Qəhrəmanı adı almasına ermənilər ciddi maneələr törədirdilər. Sizə bir fakt deyim. Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun özünü müharibədən sonra, 1947-ci il dekabrın 4-də 4 ay ay yarım müddətinə məzuniyyətə çıxarıblar. Səbəb də o idi ki, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edilməsi üçün qərar qəbul etsinlər. Tarixin detallarıdır bunlar. Bundan başqa, bir çoxu bilmirdi ki, Reyxstaqın üzərinə birinci qələbə bayrağını sancan azərbaycanlı Mirzə Hüseynov olub. O, kapitan idi, kəşfiyyat qrupunun rəhbəri olub. Reyxstaqa ilk girən Mirzə Hüseynov olub və bayrağı da o sancıb. O bayrağı sancan vaxt polkovnik Nikolayev onu vurub, deyib ki, bayrağı sancan azərbaycanlı yox, ya rus, ya da gürcü olmalıdır. Görürsünüz nələr baş verib? Azərbaycanlılara qarşı həmişə bu cür ədalətsizliklər olub” - deyə C.Bəhramov qeyd etdi.
C.Bəhramov, həmçinin, vurğuladı ki, Tarix İnstitutu Njdenin əməlləri ilə bağlı xüsusi nəşr hazırlayıb. İnstitut tərəfindən hazırlanan kitabın 400 səhifəyə qədər olduğunu deyən C.Bəhramovun sözlərinə görə, kitab erməni daşnaklarının alman nasizminə xidmətləri haqqındadır: “Alman nasistləri nasizm ideolgiyasını ermənilərdən öyrəniblər. Ermənilərin 1918-1920-ci illərdə və sonrakı dövrlərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər nasist ideologiyasının əsasını təşkil etdi. Almanlar yəhudilərə qarşı o əməlləri törədərkən təcrübəni ermənilərdən götürmüşdülər. Njde təsadüfən gedib nasizmə xidmət etmədi ki... Cənab Prezident də vurğuladı və Njdenin iç üzünü açdı. Bəli, kim Hitler uğrunda vuruşurdusa, o, Ermənistan uğrunda vuruşmuş olurdu. Söhbət ondan gedir ki, bu məsələləri detalına qədər araşdırmaq lazımdır”.
C.Bəhramov qeyd etdi ki, İkinci Dünya Müharibəsi illərində səfərbərliyə alınan azərbaycanlıların sayı 600 mindən çox olub. Onun sözlərinə görə, Qazaxıstandan, Mərkəzi Asiya ölkələrindən, Rusiya Federasiyasından, Qərbi Azərbaycandan (indi Ermənistan adlandırılır - C.B.), Gürcüstandan, həmçinin də Azərbaycandan İkinci Dünya Müharibəsinə səfərbər olunanların sayı çoxdur. “Təkcə Zəngəzurdan səfərbər olunanların sayı 18 mindən çoxdur. Azərbaycandan isə əvvəl deyirdilər ki, səfərbər olunanların sayı 600 minə yaxındır. Mən bu rəqəmi müqayisə edib dəqiqləşdirdim. Yəni 1941-1945-ci illər də daxil olmaqla, SSRİ əhalisinin sayını, müttəfiq respublikaların əhalisinin sayını və Azərbaycan SSR əhalisinin sayını müqayisə etdim. Bunlardan Azərbaycandan 1941-ci il iyunun 22-dən 1945-ci ilin dekabrına qədər səfərbər olunanların sayını çıxardım. Məlum oldu ki, ölkəmizdən səfərbər olunanların sayı 709 min 503 nəfər olub. Fikir verin, 1941-ci il iyunun 1-nə olan məlumata görə, Azərbaycan SSR-in əhalisinin sayı 3 milyon 331,8 min nəfər təşkil edib. Onun da 709 min 503 nəfəri səfərbər olunub. 1945-ci ilin dekabr ayının 25-nə olan məlumata görə, Azərbaycan SSR-in əhalisinin sayı gəlib 2 milyon 705 min nəfər olub. Bizim müharibədən geriyə qayıdanlarımızın sayı təxminən 83, 5 min nəfərə və itkilərimizin sayı 626 min nəfərə çatır. Səfərbər olunmaq o demək deyildi ki, hamısı ön cəbhəyə gedir. Azərbaycan əhalisi həm iqtisadi, hərbi zonalara, həm də döyüş bölgələrinə səfərbər olunub” - deyə C.Bəhramov vurğuladı.
İradə SARIYEVA
Mənbə: www.baki-xeber.com