Regionlarda görülən işlərin əsas məqsədi əhalinin sosial rifahını daha da yaxşılaşdırmaqdır

Regionlarda görülən işlərin əsas məqsədi əhalinin sosial rifahını daha da yaxşılaşdırmaqdır

Azərbaycanda investisiyaların qeyri-neft sektoru­na, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdı­rılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirdiyi tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, habelə, ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Bu baxımdan, son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı gerçəkləşdirilən tədbirləri xüsusi vurğulamaq olar.

Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azalt­maq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, mü­asir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi siyasəti ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini – neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını şərtləndirib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 25-də Şamaxıya səfəri zamanı regionlara göstərilən diqqəti bu rayonun timsalında bir daha gördük. Bununla bağlı əvvəlcə bir məqamı xatırlatmaq istərdik. Dövlətimizin başçısının prezidentlik fəaliyyəti illərində milli-mənəvi dəyərlərimizə daim qayğı ilə yanaşılıb, Azərbaycanda mədəni irsimizin qorunub saxla­nılması, milli və dini tolerantlığın, dözümlülüyün qorunması, dini məbədlərin bərpa olunması ilə bağ­lı mühüm layihələr həyata keçirilib, bu sahənin dünyada tanıdılması və təbliği ilə əlaqədar böyük işlər görülüb. Bu, təsadüfi deyil. Çünki qeyd edilən bu məsələlər dövlət siyasətinin əsas istiqamətlərindən hesab olunur. Buna görə də hazır­da da dövlətçiliyimiz üçün önəmli olan və xalqımızın taleyində xüsusi əhəmiyyət kəsb edən milli-mənəvi dəyərlərimizin inkişafının yeni ənənələrlə zənginləşməsi, dünyada tanıdılması və təbliği daim diqqətdə saxlanılır.

Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlər də, bu baxımdan, mühüm əhəmiyyət da­şıyır. Xatırladaq ki, zəlzələ zamanı adı çəkilən ziyarətgahın divarların­da çatlar əmələ gəlmişdi. Ona görə də ötən müddətdə Prezident İlham Əliyevin tapşırığı ilə ziyarətgahın yenidən qurulmasına başlanılıb. Heydər Əliyev Fondu tərəfindən bu ildən başlanan yenidənqurma işləri həm tarixi abidə, həm də müqəddəs ziyarətgah olan Pirsaat pirinin tamamilə yeni görkəmdə əhalinin ixtiyarına verilməsinə imkan yaradacaq.

Yeri gəlmişkən, təxminən IX-XV əsrlər arasında tikilən türbə 1918-ci ildə Hacı Cəfərqulu tərəfindən bərpa olunub. Türbə hazırda bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün bura yüzlərlə zəvvar gəlir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər çərçivəsində Pir Ömər Sultan ziyarətgahında da olublar. Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu ziyarətgahda da zəruri konserva­siya və bərpa işləri aparılmaqla ərazinin arxeoparka çevrilməsi planlaşdırılır.

Ölkə rəhbərinin və birinci xanımın istər Pirsaat Baba, istərsə də Pir Ömər Sultan ziyarətgahlarında olmaları Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin yaşadılması ilə bağlı strategiyasının son 17 ildə Prezi­dent İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən xəbər verir. Bu fikri bir qədər də fərqli formada diqqətə çatdırıb deyə bilərik ki, ümummilli liderin müəyyənləşdirdiyi mükəmməl siyasi kursun layiqincə davam etdirilməsinə, daha da zənginləşdirilməsinə cənab İlham Əliyevin xüsusi diqqəti sayəsində indi ziyarətgahların və dini məbədlərin yenidən qurul­masının miqyasına görə heç bir ölkə Azərbaycanla müqayisə oluna bilməz. Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səylərini əsirgəmir, istər ölkəmizdə, istərsə də xaricdə silsilə layihələr reallaşdırır.

Azərbaycan Prezidenti ölkədə milli-mənəvi dəyərlərimizə qayğı ilə yanaşmaqla bərabər, həm də so­sial-iqtisadi sahələrin inkişafını da diqqət mərkəzində saxlayır. İndiki pandemiya şəraitinə baxmayaraq, bu istiqamətdə bütün layihələr uğurla həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfərləri çərçivəsində rayona ay­rılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxış keçirmələri də bunun parlaq ifadəsidir.

Xatırladaq ki, bir sıra sahələrdə, o cümlədən, şəhər təsərrüfatı, kommunal, səyyar tibbi və digər sahələrdə xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Şamaxıya çoxlu sayda nəqliyyat vasitələri və xüsusi texnikalar ayrılıb. Rayona səfərləri zamanı həmin nəqliyyat vasitələri və tex­nikalar dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təqdim olunub. Bildirilib ki, texnika və nəqliyyat vasitələri seçilərkən rayonun turizm potensi­alı, seysmik ərazidə yerləşməsi və landşaftı nəzərə alınıb.

Baxış zamanı dövlət başçısı­na, həmçinin rayonun kommunal təsərrüfatında bundan sonra məişət tullantıları daşıyan, küçə süpürən, yuyan, qartəmizləyən və digər müasir texniki vasitələrdən istifadə ediləcəyi barədə də məlumat verilib. Eyni zamanda, Şamaxının səhiyyə potensialına 3 təcili tibbi yardım avtomobili və 1 reanimasiya maşını əlavə olunacağı da vurğulanıb. Bundan başqa, rayonun bərpa-quruculuq və abadlıq işlərində istifadə etmək üçün çoxlu sayda ağır və yüngül tonnajlı yük maşını, ağır tonnajlı buldozer, çoxfunksiyalı ekskavator və digər texniki vasitələrin ayrıldığı da bildirilib.

Qeyd edək ki, bu təşəbbüs dövlət başçısının regionların daha da müasirləşməsi, şəhər, qəsəbə və kəndlərdə rahat həyat şəraitinin yaradılması üçün apardığı sosial-iqtisadi siyasətin daha bir əyani göstəricisidir.

Tədbirdə ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verən Prezident İlham Əliyev deyib: “Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir. Həm Prezidentin ehtiyat fondundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz prinsipcə bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq. Bu baxımdan, Şamaxı birinci şəhərdir. Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir – həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları. Bakı şəhərində bu, öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilmişdir. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır. İndi Şamaxı rayonunun timsalında biz prinsipcə görürük ki, əhalini nəzərə alaraq nə qədər texnika lazımdır. Ona görə, digər rayonlarda da nə qədər texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən həll edək”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonda olarkən, Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr evi-uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının açılışlarında da iştirak ediblər. Bütün bunlar isə ondan xəbər verir ki, dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunma­sı diqqət mərkəzində saxlanı­lır. Bu sahədə həyata keçirilən layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha təsdiqləyir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulma­sına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və bu sahədə çox mü­hüm nəticələr əldə edilib. Şamaxı rayonunun ehtiyacları nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu rayonda inşa olu­nan 2 uşaq bağçası fondun həyata keçirdiyi bu cür layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir.

Sonda bir məsələyə də toxun­maq istərdik. Hazırda ölkəmizdə qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə vete­ranlarının sosial şəraitinin yaxşı­laşdırılmasına xüsusi əhəmiyyət verilməsi ilə bərabər, hər hansı bir təbii fəlakət baş verdiyi zaman onun fəsadlarının aradan qal­dırılması da diqqət mərkəzində saxlanılır. Ötən ilin fevralında baş verən zəlzələ zamanı Şamaxıda xeyli sayda evin qəzalı vəziyyətə düşməsi və bundan dərhal sonra dövlətimizin başçısı tərəfindən imzalanan sərəncamlar əsasında indiyədək çoxlu sayda yeni ev və çoxmərtəbəli bina tikilməsi, yaxud bərpa olunması da qeyd edilən fikrin bariz ifadəsidir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərində istismar müddəti başa çatan binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən 51 mənzilli binada yara­dılan şəraitlə tanış olmaları da dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın insan amilinə necə önəm vermələrinin göstəricisidir.

Xatırladaq ki, ötən il baş verən zəlzələdən sonra rayonda, bütövlükdə, 205 ev tikilib, 1219 ev bərpa və 1125 ev təmir olu­nub. Ümumilikdə, 174 mənzilli, o cümlədən, 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli bina­ların tikintisi başa çatdırılıb. 1560 şagird yerlik şəhər 2 saylı tam orta məktəbi üçün yeni korpusun inşası və digər korpusun əsaslı təmiri davam etdirilir.

Görülən bütün bu işlərə Heydər Əliyev Fondu çox mühüm töhfələr verir. İndiyədək fond tərəfindən 35 fərdi ev inşa edilib və 12 evdə bərpa işləri aparılıb, 290 yerlik 4 körpələr evi-uşaq bağçası, 360 şagird yerlik Məlikçobanlı kənd tam orta məktəbi üçün yeni binalar tikilib və 408 şagird yerlik Carhan kənd tam orta məktəbinin tikintisi davam etdirilir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com