HRW: Hakimiyyət dərhal bütün etirazçıları azad etməlidir

HRW: Hakimiyyət dərhal bütün etirazçıları azad etməlidir

Azərbaycan polisi 2019-cu il oktyabrın 19-da və 20-də Bakının mərkəzində iki dinc etiraz aksiyasını amansızca dağıdıb, bu barədə Human Rights Watch-un məlumatında deyilir. Onlarla dinc müxalifətçi və mülki fəal saxlanılıb və amansızcasına döyülüb.

Saxlanılanlar arasında müxalif Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli də var. O, polis tərəfindən döyülərkən çoxsaylı xəsarətlər alıb və bir neçə saat həbsdə qalıb.

"Azərbaycan hökuməti bir daha insanların dinc etiraz aksiyaları keçirmək hüququna məhəl qoymadığını nümayiş etdirib," HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qogiya bildirib.

"Hakimiyyət dərhal bütün etirazçıları azad etməli və hüquq-mühafizə orqanları tərəfindən amansız rəftar haqqında istənilən bəyanatları araşdırmalıdır".

Hakimiyyət 19 oktyabr mitinqindən əvvəl müxalifət partiyasının ən az 10 yüksək vəzifəli üzvünü saxlayıb. Onlar arasında məşhur müxalif jurnalist Seymur Həzi də olub, o, oktyabrın 17-də saxlanılıb və elə həmin gün 15 günlük inzibati həbsə məhkum edilib.

Polis həmçinin oktyabrın 20-də məişət zorakılığına etiraz etmək məqsədilə şəhərin mərkəzində yığışan onlarla qadın hüquq müdafiəçisini dağıdıb. Xüsusən, etirazçılar bu yaxınlarda əri tərəfindən uşaqlarının və yoldan keçənlərin gözü önündə bıçaqladığı Leyla Məmmədovanın ölümünü işıqlandırmaq istəyiblər. Polis etiraz aksiyasının keçirildiyi ərazini mühasirəyə alıb və bir neçə fəalı həbs edərək, avtobuslara mindirib, qısa müddət sonra isə onları azad edib.

Azərbaycan konstitusiyası qrupların müvafiq dövlət orqanına sadəcə əvvəlcədən xəbərdarlıq etməklə dinc şəkildə toplaşa biləcəyini nəzərdə tutsa da, təcrübədə hakimiyyət yığıncaqlar üçün hakimiyyətdən icazə alınmasını tələb edir.

Azərbaycan insan hüquqları üzrə bir sıra müqavilələrin, o cümlədən hökumətin üzərinə toplaşmaq azadlığı hüququna hörmət etmək və etirazçılara qarşı amansız davranmaqdan imtina etmək öhdəliyi qoyan Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısıdır.

"Nümayiş icazəsiz olsa da, polis təhlükə təşkil etməyən nümayişçiləri dağıtmaq üçün güc tətbiq etməməli idi", deyə Qogiya bildirib. "Toplaşmaq azadlığı fundamental hüquqdur və Azərbaycan hakimiyyəti Bakının mərkəzində belə dinc etirazlara dözməlidir".

Mənbə: www.amerikaninsesi.org