Rusiya üçün bir-birinin qanını tökən iki türk: Tarixi faktlar niyə gizlədilir?

Rusiya üçün bir-birinin qanını tökən iki türk: Tarixi faktlar niyə gizlədilir?

Rusiya 1917-1922-ci illər ərzində vətəndaş müharibəsilə üz-üzə qalmışdı.

Sovet Rusiyası ilə Rusiya İmperiyası arasında gedən müharibə (Qırmızılarla Ağların döyüşü) Sovet Rusiyasının (Qırmızıların) qələbəsi ilə başa çatdı. 1917-ci ildə Böyük Oktyabr Sosialist İnqilabı nəticəsində hakimiyyətə gəlmiş Sovet Rusiyasının Qızıl Ordusunun bolşevikləri ilə Rusiya İmperiyasına tabe olan Ağ Qvardiya (Ağların) arasında gedən qeyri-bərabər savaşda qazanılan qələbə nəticəsində dünyada ilk sosialist hakimiyyəti yaradıldı. Bu yazıda məqsəd həmin illərdə Rusiyanın üzləşdiyi Vətəndaş Müharibəsindən söhbət açmaq deyil.

İki türk Rusiya naminə üz-üzə

Biz Rusiya elmi tərəfindən türklər haqqında faktların, bir sıra tarixi məqamların onların ört-basdır edilməsinin dəfələrlə şahidi olmuşuq. Bu yazıda məhz qaranlıq bir məqamı "kölgədən" çıxarmağa çalışacağıq. Yəqin ki, Qırmızıların tərkibində döyüşən, Qızıl Ordunun komandiri, məşhur şairimiz Süleyman Rüstəmin "Çapayev" şeirinin qəhrəmanı Vasiliy İvanoviç Çapayevin türk kökənli olması çoxunuzda təəccüb doğuracaq. Bəli, bu həqiqətən belədir. Ən maraqlı fakt isə Ağ Qvardiyanın ali baş komandanı Aleksandr Vasilyeviç Kolçakın türk kökənli olması və ən dəhşətlisi isə damarlarında türk qanı axan bu iki sərkərdənin rus dünyası üçün qeyri-bərabər döyüşdə bir-birinə qarşı vuruşmasıdır.

Onların milli mənsubiyyəti isə hər zaman Rusiya tarixçiləri tərəfindən ört-basdır edilib, təhrif olunub. Çünki onlara belə sərf edib. Rusiyaya şöhrət qazandıranlar, Tanrının göndərdiyi elçilər mütləq rus olmalı idi.

Şöhrədən güllələnməyə

Gəlin tanış olaq... Aleksandr Vasilyeviç Kolçak milliyyətcə kimdir? Onun etnik kökləri haradan başlayır? "Kolçak" sözü haradan gəlir? "Kol", yəni türkcə "kol" (Azərbaycanca "qol"), "çak" isə türkcədə pozitiv, gücləndirici şəkilçidir. Türkcə "kolçak", yəni müasir Azərbaycan türkcəsində "qolçak" qolu və qol sümüklərini qorumaq üçün qoruyucu vasitədir. Orta əsrlər müharibəsində qələbələrə nail olmaq üçün onun faydası az olmayıb.

1739-cu ildə rus ordusu Prut yaxınlığındakı türk qalası Xotinə basqın edir. Həmin qalanın sahibi isə türk - İlyas Paşa Kolçak idi. Qala elə həmin il avqustun 19-da rus ordusu qarşısında məğlub olaraq zəbt olunur. İlyas Paşa isə oğlu Mahmet bəylə ruslar tərəfindən əsir götürülür və çox keçmir ki, Mahmet bəy Rusiya vətəndaşlığı alır. Mahmet bəyin böyük oğlu Vasiliy Odessada Rişelyevsk liseyində təlim-tərbiyə alırdı. Fransız dilini mükəmməl öyrənir və fransız mədəniyyətinin pərəstişkarı idi. 1854-cü ildə liseyi bitirərək Qaradəniz Donanması Dəniz Artilleriyasında hərbi xidmətə başlayır. Vasiliy İvanoviç Kolçak Krım müharibəsi illərində Sevastopolun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəman kimi şöhrət qazanır. General-mayor rütbəsi ilə ehtiyata buraxılan Kolçak "Malaxov kurqanında" adlı kitabın müəllifi olur. Onun oğlu, haqqında söhbət açmaq istədiyimiz Aleksandr Vasilyeviç Kolçak isə 1874-cü il noyabrın 16-da Sankt-Peterburqda anadan olub. Rusiyanın hərbi və siyasi xadimi olan Kolçak həm də okeanoqraf, qütb tədqiqatçısı, gəmi kapitanı olub. Onun adı Rusiya tarixinə vətəndaş müharibəsi illərində Ağlar hərəkatının Ali Baş komandanı kimi düşüb. Anna Vasilyevna Timiryova ilə evlənən Kolçak iki qız, bir oğul atası olub. 1920-ci il fevralın 7-də İrkutskda Hərbi-İnqilabi Məhkəmənin qərarı ilə güllələnib.

32 yaşında sirli ölüm

İndi isə ikinci qəhrəmanımız, damarlarında türk qanı olan Vasiliy İvanoviç Çapayevdən bəhs edəcəyik. Kimdir Çapayev? Vasiliy İvanoviç Çapayev 1887-ci il fevralın 9-da Kazan quberniyasının (indiki Çuvaşıstan Respublikası) Budayka kəndində anadan olub. Onun milliyyəti isə yarı çuvaş, yarı erzyalı olub. Erzyalılar Mordoviyada etnik qrupdur. Onun atası İvan Stepanoviç mordovalı, anası isə Yekaterina Semyonovna isə çuvaş olub. Çoxuşaqlı ailənin 6-cı uşağı Vasiliy rus akademik elminə əsasən, "rus kökənlidir". 32 yaşında, 1919-cu il sentyabrın 5-də hərbi liderliklə fəaliyyət göstərən Vasiliy İvanoviç Çapayev Qazaxıstanda boğulma səbəbi ilə vəfat edib. Ölümü indiyə qədər də müəmmalı görənlər var.

"Çapayev" soyadı haradan götürülüb? "Çepay" yerli dialektdə "Tseplyay" mənasını verir, yükdaşıyan fəhləyə deyilən bu söz tezliklə onun ləqəbinə, sonralar isə soyadına çevrilir. Daha sonralar isə "e" hərfi "a" hərfi ilə əvəzlənərək beləcə "Çapayev" soyadı yaranır. Qədim türk sözü olan "çöp" isə tullantı mənasını verir.

Onlardan hansı qəhrəmandır?

Türk Kolçak və türk "Çepay" bir-birilərinin qanını tökdülər...

"Çınqıl daşlı çayları Çapayev çapa-çapa
Keçib biçir çöllәrdә çar canavarlarını...
Çap çaylardәn Çapayım,
Doğsun günәşim, ayım.
Çap, o çapsın, mәn çapım, sәn çap, qoy biz dә Çapaq,
Çap, gәlәcәk günlәrin şәhәrinә yol açaq." (Süleyman Rüstəm)
Söylədiklərimiz isə əsrlər boyu davam edən tarixi proseslərdir. Bu gün isə bizi bir sual düşündürür: "Onlardan hansını qəhrəman hesab etmək olar?"

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info