Məmmədov və Cəfərovdan sonra İbrahimov: “Çemodan diplomat” şəbəkəsinin yeni üzvü

Məmmədov və Cəfərovdan sonra İbrahimov: “Çemodan diplomat” şəbəkəsinin yeni üzvü

İzahlı lüğətdə diplomatın bir neçə mənası var: dövlətin xarici ölkələrlə rəsmi əlaqə üçün təyin edilmiş vəzifəli şəxs; öz məqsədinə çatmaq üçün insanlarla münasibətdə incəlik və xüsusi psixologiya nümayiş etdirən insan; bir də kiçik yastı çemodan;
Son illər Azərbaycan xarici siyasət sistemində bəzi diplomatların çemodan rolunu oynadığı, dövlət üçün strateji əhəmiyyətə malik bu sahəni şəxsi çemodanlarını doldurmaq üçün istifadə etdikləri müşahidə olunur.
2015-i ildə Arif Məmmədovla ortaya çıxan “çemodan diplomat”lar hazırda Emin İbrahimovla davam edir.
“Çemodan diplomat” şəbəkəsinin üzvlərinin fəaliyyətinin iki səbəbi var:
Birincisi, diplomatik statusundan şəxsi maraqları üçün istifadə edir və özlərinin “güzəranını” təmin etmək məqsədilə müxtəlif yollara əl atır;
İkincisi, xarici kəşfiyyat orqanlarının təsiri altına düşür;
İkinci səbəb birincinin nəticəsidir və belə “diplomatlar” sərvət qazanmaq, şəxsi həyatlarını təmin etmək üçün müxtəlif ölkələrin xüsusi xidmətinə sevə-sevə işləməyə hazır olurlar, hətta erməni lobbisi/diasporuna da. Onların bir gecəni içində dönüb “müxalifət” olması, “demokratiya” çıxışları etməsi də məhz bu səbəblərdən irəli gəlir.

“Çemodan diplomat”ların iki nümunəsi var: Arif Məmmədov və Nihad Cəfərov.

Arif Məmmədov topladığı sərvəti qorumaq, Nihad Cəfərov Avropa paytaxtlarında yaşamaq hüququ qazanmaq və şəxsi həyatını təmin etmək üçün “ədalət carçısı”na çevrildilər.

Arif Məmmədov diplomat kimi fəaliyyəti boyunca səfir maaşı ilə nail ola bilmədiyi sərvəti dövlət əmlakının mənimsənilməsi və işlədiyi dairələrin maliyyəsi ilə əldə edib. Onun xarici ölkənin xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyi, istifadə müddəti başa çatandan sonra erməni lobbisi/diasporunun qapısını döydüyü və onların təlimatı ilə Bakıya daş atdığı haqda kifayət qədər məlumatlar var. Sonuncu dəfə Tovuz döyüşlərindən sonra ermənilərin xaricdə azərbaycanlılara qarşı terror hücumlarını müdafiə etməsi, Ermənistanın təbliğatına uyğun olaraq, bu hücumların Azərbaycanın təşkil etdiyini iddia etməsi bunu təsdiqlədi.

Nahid Cəfərov Məmmədov qədər sərvət toplaya bilmədi, əvəzində Avropada “siyasi mühacir” statusu almaq və Azərbaycana hücum etməklə sərvət qazanmaq üçün bir gecədə “müxalif” obrazına büründü. Onun da bəlli dairələrin Azərbaycana qarşı oyunlarında “piyada” olduğu məlumdur.

Budur, “çemodan diplomat” şəbəkəsinin yeni üzvü peyda olub və o, Tofiq Yaqubluya azadlıq tələb edir, “insan haqlarından”, “demokratiyadan” danışır.

Azərbaycanın Uruqvaydakı səfirliyində çalışan, daha sonra ABŞ səfirliyində fəaliyyətə başlayan, bu ilin iyul ayında diplomat vəzifəsindən ayrılan Emin İbrahimov “üsyan bayrağını” qaldırıb və “haqq-ədalət” tələb edir. Hesab etmək olardı ki, bütün bunlar onun şəxsi düşüncəsidir, lakin üsyankarlıqda Tofiq Yaqublu ilə “debüt” etməsi diqqətdən yayınmır.

Adətən ya xaricə getmək istəyənlər, yaxud hansısa missiyasını yerinə yetirənlər insan haqları mövzusunu əsas prioritet seçirlər. E.İbrahimov da eyni xətt üzrə hərəkət edir. Onun etirazlarında sosial çalarların yoxluğu və xüsusilə siyasi məsələlər üzəridən kampaniya aparması da keçmiş diplomatın art niyyətindən xəbər verir.

Görünür, E.İbrahimov sələflərinin yolu ilə getməyi seçib və böyük ehtimalla kimlərsə ona bu “əməyi”nin qarşılığını söz veriblər.

E.İbrahimovun fəaliyyət göstərdiyi ölkələr və əldə etdiyimiz məlumatları müqayisə edəndə gerçəyi anlamaq olur.

Keçmiş diplomat Azərbaycanın Uruqvaydakı səfirliyində fəaliyyət göstərib.

Uruqvay erməni diasporunun ən aktiv olduğu və bir çox məsələlərə təsir edə bildiyi ölkədir. Bu ölkənin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimə müxtəlif formada dəstək verməsi də buradan qaynaqlanır.

Maraqlıdır ki, E.İbrahimov Uruqvayda olarkən erməni yalanlarına qarşı mübarizədən müxtəlif bəhanələrlə yayınırmış. Mənbə bildirir ki, İbrahimov ermənilərə qarşı keçirilən tədbirlərə qatılmır, Ermənistanın işğalçı siyasətini pisləyən addımları dəstəkləmirmiş. Gətirdiyi səbəb də belə imiş ki, “o diplomatdır və ehtiyatla davranmalıdır”.

Ardınca E.İbrahimov Azərbaycanın ABŞ-dakı səfirliyində fəaliyyətə başlayıb. Bu, onun diplomat kimi sonuncu iş yeri olub. Bu ilin iyulunda öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb.

Onun diplomatik vəzifədən ayrılması təsadüfdürmü?

Məlumatlara görə, keçmiş diplomat anti-Azərbaycan dairələrin təsirinə düşüb, vəzifəsindən imtina etməsi də “keçmiş diplomat” adı altında Azərbaycana qarşı siyasi hücumları təşkil etməkdir. Hazırda bu missiyanı həyata keçirir.

Proseslərin inkişafı və əldə olunan məlumatlar İbrahimovun missiyasını ortaya çıxarır.

Uruqvayda erməni diasporunun təsiri altına düşən (ermənilərə qarşı mübarizədən çəkinməsi də bunu təsdiqləyir) İbrahimovun ABŞ-da xüsusi xidmət orqanları tərəfindən ələ alındığı və bunun ABŞ-da yaşayan, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı ilə əlaqələri təsdiqlənmiş Sevinc Osmanqızının vasitəçiliyi ilə reallaşdığına dair məlumatlar mövcuddur. İbrahimovun hazırda siyasi motivli çıxışları da eks-diplomat kimi ona tapşırılan missiyadan qaynaqlanır.

“Çemodan diplomat” şəbəkəsinin yeni üzvünün bu işdə əsas marağı isə ölkəsinə qarşı hücumdan nə qədər qazanc əldə etməsidir...

Asif Nərimanlı

Mənbə: publika.az