Oliver Vargeyiyə "Şərq Tərəfdaşlığı"nın yeni hədəflərini açıqlamaq üçün vaxt verilib

Oliver Vargeyiyə "Şərq Tərəfdaşlığı"nın yeni hədəflərini açıqlamaq üçün vaxt verilib

Avropa Komissiyasının (AK) qonşuluq və genişlənmə üzrə yeni avrokomissarı olacağı gözlənilən Oliver Vargeyidən 2020-ci ilin ortalarına qədər "Şərq Tərəfdaşlığı"nın yeni siyasi hədəflərini gözləyir.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının gələcək rəhbəri Ursula fon der Lyayenin Oliver Vargeyiyə göndərdiyi məktubda deyilir.

Ursula fon der Lyayenin fikrincə, Avropa Komissiyası yalnız Aİ-nin Ukrayna ilə assosiasiya sazişinin həyata keçirilməsini sürətləndirməməli, həm də lazım olan yerlərdə sektorial əməkdaşlığı dərinləşdirməlidir.

AK-nın gələcək rəhbəri O.Vargeyidən 2020-ci ilin ortalarına qədər "Şərq Tərəfdaşlığı"nın yeni siyasi hədəflərini, həmçinin korrupsiyaya qarşı mübarizənin, ümumilikdə, dərinləşməsini, müstəqil KİV və vətəndaş cəmiyyətinin rolunun gücləndirməsini gözləyir.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.

Mənbə: report.az